Şuşada şəhid olan, Sumqayıtda dəfn edilən qəhraman!

117

Erməni dilini öyrənən mahir kəşfiyyatçımız düşmənin arxasına keçərək bir neçə erməni hərbçisini əsir götürür…

Fitrətdən gələn və Vətən sevgisindən doğan Qəhramanlıqlar bizi neçə illər sonranın tarix və nəsil yaddaşına əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan xalqı, oğul və qızları da hər zaman bu yüksək keyfiyyətə sahib olublar. Çünki, tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər dözülməz faciələr və dövlətçilikdə fasilələr yaşasa da, müstəqil yaşamaq haqqını itirməyib. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən uğrunda ölümə aparsa belə Haqq yolundan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sadiqlik sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Bu müqəddəs missiyanı şərəflə yerinə yetirən, Azərbaycanın yeni tarixini yazan 44 günlük Vətən müharibəsi qəhramanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, kəşfiyyatçı – istehkamçı Mehrab Söhrab oğlu Niftəliyevdir.

Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il 13 may tarixində Quba rayonunun Qam-qam kəndində doğulub. 17 il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə də təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb. O, çətin hərbi təlim sayılan “Qafqaz qartalı” və “EFES” təlimlərini də keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və cəsarəti ilə komandanlığın diqqətini cəlb edən Mehrab Niftəliyev çox keçmir ki, döyüş bölgəsinə göndərilir və ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edir. Kəşfiyyatçı -istekamçı baş gizir Mehrab Niftəliyev noyabrın 8-i Şuşada ağır yaralanaraq 35 yaşında şəhidlik zirvəsinə ucaldı. Mehrabın ən böyük arzusu bayrağımızı Şuşaya sancmaq olub. Döyüşçü dostları bildiriblər ki, düşmən onlara qan udduran Mehrabı sağ ələ keçirmək istəyib. Anası Xalidə Niftəliyeva gözyaşları içərisində danışırdı ki, oğlu döyüşə gedərkən onunla sonuncu dəfə şəkil çəkdirtmək istəyib. “Dedi ana gəl şəkil çəkdirək. Dedim nə qədər şəklimiz var. Elə bil şəhid olacağını hiss edirdi…”.

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur. Haqqında danışdığımız Niftəliyev Mehrab Söhrab oğlu hələ gənc ikən sağlam ruhda tərbiyyə alır və qəlbində vətən sevgisi yaşadan gənclərdən biri olur. О da istəyir ki, digər vətənpərvər gənclərimiz kimi vətənini qorusun, şərəfli vətəndaş borcunu vicdanla yerinə yetirsin. Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində ermənilərə qan udduran bu cəsur döyüşçü haqqında söhbət düşərkən, inanırıq ki, ölümü ilə şəhidlik zirvəsinə ucalan bu gəncin adı nəinki bugünkü nəslin nümayəndələri, hətta gələcək nəsllər tərəfindən də daim uca tutulacaq.

Mehrab Niftəliyev Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı hərbi qurumu olan Xüsusi Təyinatlı Qüvvələrdə çətin və qeyri-standart vəziyyətlərdə peşəkarlıq, şəxsi cəsarət göstərib. Erməni dilini öyrənən mahir kəşfiyyatçımız düşmənin arxasına keçərək bir neçə erməni hərbçisini əsir də götürüb. O,Vətən müharibəsindən öncə də bir çox hərbi tapşırıqları layiqincə yerinə yetirib, xüsusilə 2016-cı il Aprel döyüşlərində igidliyi ilə seçilib. Topsuz, mərmisiz, PUA-sız Şuşanın azad olunması əməliyyatı dillərdə dastana çevriləcək şanlı hərb tariximizə yazılmışdır. Onlarca xüsusi təyinatlı hərbçımiz kimi baş gizir Mehrab da bu şanlı tarixi öz qanı, canı ilə yazıb. Dörd dəfə yaralanmasına baxmaya¬raq, geri çəkilmədən qala şəhərimizin azadlığı uğrunda vuruşub. Şuşada üçrəngli, aylı – ulduzlu Azərbaycan Bayrağı yüksəklərə qalxdıqdan sonra, özü də ən yüksək zirvəyə – şəhidlik məqamına ucalır.

Komandiri Toğrul Məmmədovun söylədiyi kimi, bütün döyüşlərdə qabaqda, ön cərgədə gedir, tapşırıqları qüsursuz yerinə yetirirdi: “Müharibənin ən qızğın döyüşləri Cəbrayıl, Füzuli və Şuşa istiqamətində oldu. Mehrab da bu döyüşlərdə düşmənin onlarca zabitini və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv etdi”. Mehrab Niftəliyev döyüşlərə silahından əlavə, 60 kq-a yaxın çəkisi olan müxtəlif sursatlarla girirdi. Üstündə bu qədər ağır yük və dizindəki qəlpə yarasına baxmayaraq o, inamla irəli gedir, düşmənin nə mərmisi, nə də topu dayandıra bilirdi onu. Məhz bu xüsusiyyətlərinə görə, cəbhə yoldaşları kəşfiyatçımızı “Terminator” adlandırırdı. Burada bir haşiyə çıxmaq yerinə düşər: Vətən müharibəsindən də əvvəl müxtəlif hərbi əməliyyatlarda iştirak edən Mehrab hələ 2012-ci ildə xüsusi döyüş tapşırığını yerinə yetirərkən özünün də təhlükədə olmasına baxmayaraq döyüş yoldaşı Teyyubun həyatını xilas edib. Çox ağır vəziyyətdə olan dostunu döyüş meydanından təkbaşına çıxararaq təhlükəsiz yerə gətirib. Xüsusi təyinatlı hərbçimiz, baş leytenant Teyyub Hacıyevin danışdığı bu hadisə igid kəşfiyyatçımızın insanlığının, sədaqətinin və fədakarlığının təzahürüdür.

Cəbrayıl istiqamətində döyüşlərdə mərdliyi ilə fərqlənən gənc kəfiyyatçımız həm də bir istehkamçı kimi misilsiz şücaət göstərir. Cəbrayıla ilk bayrağı sancaraq, adını tarixə həkk edir. Komandiri Toğrul Məmmədov həmin tarixi anları qururla xatırladı: “Cəbrayılda yerləşən hər şeyi dağıtmışdılar, yalnız hərbi hissələr qalmışdı. Orada hərbi hissəyə ilk girənlərdən biri Mehrab idi. Biz hərbi hissəyə doğru irəlilədikdə Mehrab qəflətən irəli atılıb qaçmağa cəhd edən erməni polkovnikini, polkovnik – leytenatını yerə sərdi. Sonra da bir neçə erməni əsgərini məhv etdi. Cəbrayılın ilk görüntülərində də siz Mehrabın şəklini görə bilərsiz. Həmişə üstündə bayraq gəzdirirdi. Cəbrayılda ilk Azərbaycan bayrağını Mehrab qaldırıb. Hərbi hissənin qabağında da şəkilini çəkmişdilər”.

Mehrab Niftəliyev son döyüşündə – Qarabağın tacı olan Şuşanın azad olunması əməliyyatında da əsl qəhrəmanlıq dastanı yazdı. Həmin döyüşlərdə onunla çiyin-çiyinə vuruşmuş silahdaşlarının xatirələrini dinlədikcə Mehrabın portreti canlandı göz önündə. Mehrab Niftəliyevin son döyüşü barədə onun komandiri böyük fəxrlə, ehtiramla danışdı: “Şuşa istiqamətində də beş gün bir yerdə döyüşmüşük. Sonra mən yaralandım. Digər döyüş yoldaşımız da ağır yaralanmışdı. Mehrab onu çıxartdı döyüş meydanından, özü isə yaralı olmasına baxmayaraq irəlilədi. Düşmənin şəxsi heyət və sursat daşıyan iki maşınını qumbara ilə partlatdı. Ən böyük arzusu Şuşa uğrunda vuruşmaq idi… Arzusuna da çatdı”.

Uca boylu, mavi gözlü, cəngavər cüssəli igid kəşfiyyatçımızın məxsusi döyüş taktikasına, cəsurluğuna, həm də mənəvi-insani keyfiyyətlərinə heyran qalmamaq mümkün deyil: “Mehrab bizim qorxmaz, cəsur, ürəkli, sözübütöv yoldaşlarımızdan idi. Yaralanmamışdan əvvəl Mehrab əvvəlki döyüşlərdə yaralanan əsgərlərimizə əlindən gələn yardımı əsirgəməzdi. Güllə altında qalanları canı-qanı bahasına olsa da, oradan çıxarırdı”. Mehrabla Xüsusi Təyinatlı Qüvvələrdə birlikdə eyni cəbhədə vuruşan Ramin Şabanovun bu fikirləri qəhrəmanımızın hazırlıqlı, peşəkar kəşfiyyatçı, bacarıqlı istehkamçı olması ilə yanaşı, yüksək fiziki və şəxsi keyfiyyətlərini də təsdiq edir.

Kəşfiyyatçı şəhidimizin özündən sonra şəkillərdən boylanan nurlu siması, yaddaşlara hopan, qəlblərdə yaşayan xoş xatirələri, dastana dönən qəhrəmanlığı, bir də Vətənə əmanət etdiyi Ləman, Sənan və Kamran adlı üç övladı yadigar qaldı. Mehrab Niftəliyevin 10 yaşlı qızı Ləmanı dinləyərək kiçik köksündə döyünən ata həsrətli qəlbinin sevgisini, nisgilini qələmlə təsvir etmək isə başqa bir iztirabdı: “…Yaşmada ailəvi dost olduğumuz Aylin ilə dedik ki, boya, kağız alaq nəsə düzəldək, atalarımız gəlsin, sürpriz edək. Onun atası yaralandı, elə bildim mənim atam da yaralanıb. Çox istəyərdim mənin atam da sağ olsun. Atasızlıq çox pis şeydi…”.

Həyat yoldaşı Vüsalə xanım hərbçimizin cəbhəyə getdiyi günü belə xatırladı: “Bir yerdə bayraq aldıq. Dedi bunu Şuşaya aparıb sancacağam. Şuşa uğrunda döyüşmək onun arzusu idi, arzusuna çatdı… Amma bizim arzularımız yarımçıq qaldı. Çox çətindi, 3 balası var, mən onlara görə dik dayanacağam. Onun balalarını böyüdəcəyəm… Elə bilirəm gələcək, axşamlar saat 8-də işdən gəlirdi, elə bilirəm yenə gələcək. Noyabrın 11-də mən bütün 11 illik qadın xoşbəxtliyimi onunla dəfn elədim. Fəxr edirəm onunla, qürur duyuram. Qəhrəman idi Mehrab, balalarımın qəhrəman atası”. Vüsalə xanımın simasında ləyaqətli, şərəfli, şəhidinin ruhuna sədaqətli, ürəyində sevgisiylə kədərini qoşa yaşadan bütün Azərbaycan qadınlarının qarşısında baş əyirik!!

Ali Baş Komandan İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra “Vətən uğrunda”, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi. Quba şəhərində küçələrdən birinə qəhraman şəhidimiz Mehrab Niftəliyevin adı verilib. Onu Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn etsələr də, Əbədi Abidəsi Şuşalılar və Qubalılar başda olmağla bütün Azərbaycan xalqının qəlbində ucaldılıb!!!

 

Hazırladı: C.Alpoğlu Albantürk