Suriya əhalisinin üçdə ikisi aclığın astanasındadır

645

Hurriyyet.org xəbər verir ki, BMT-nin verdiyi məlumatda Suriyada əhalinin 60%-ə yaxının aclığın astanasında olduğu deyilir. Suriyada ailələrin çoxu normal qidalana bilmir. BMT-nin Xəbərlər Mərkəzi bu məlumatı Ümumdünya Ərzaq Proqramına istinadən verib.

Açıqlamada deyilir: “Suriyalıların əksəriyyəti yoxsullaşıb. 12 milyondan artıq adam – bu isə Suriya əhalisinin demək olar ki, 60 faizi deməkdir – aclığın astanasındadır. Minimal aylıq ərzaq səbətinin qiyməti orta əməkhaqqından çoxdur”.

Ümumdünya Ərzaq Proqramının açıqlamasında bildirilir ki, Suriyada münaqişə ilə yanaşı, pandemiya da iqtisadi böhranı dərinləşdirib, ərzaq qiymətlərinin sürətlə bahalaşması faciəyə çevrilib. Suriyalıların əksəriyyəti işsiz qalaraq dilənçi vəziyyətinə düşüb.

Ümumdünya Ərzaq Proqramının Suriyadakı nümayəndəsi Şon O’Brayan deyib: “Vəziyyət indiyə qədər heç vaxt belə ağır olmamışdı. Münaqişə başlanmasından demək olar ki, on ilin keçdiyi dövr ərzində artıq varidatlarının hamısını xərcləmiş suriyalı ailələr getdikcə artan iqtisadi böhranla qarşılaşıblar”.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, bir ay ərzində orta hesabla bir ailənin qidalanması üçün lazım olan ərzaqların qiyməti 234 dollara bərabərdir. Bu isə ölkədə orta əməkhaqqından xeyli çoxdur. Söhbət çörək, düyü, mərcimək, yağ və şəkərdən gedir. Son bir il ərzində əsas ərzaq məhsulları 236 faiz bahalaşıb.

O’Brayan deyib: “Bütün ölkə ərazisində suriyalı ailələrə hətta adi yemək belə əlçatmazdır. Yeni məlumatlara görə, humanitar yardım olmazsa, suriyalı ailələr süfrədə uşaqlarının qarşısına heç nə qoya bilməyəcək və onlar ac yatmalı olacaqlar. Humanitar yardıma heç vaxt belə kəskin ehtiyac olmayıb”.

Bütün Suriya ərazidində əhaliyə fasiləsiz yardım eləmək üçün 2021-ci ilin iyul ayına qədər əlavə 375,3 milyon dollar çatdırılması tələb olunur.