Sülhsevər xarici siyasət və tolerantlıq…

204

Bütün bunlar Azərbaycan dövləti və cəmiyyətinin maraqlarını birləşdirən mühüm amillərdir

Azərbaycan ilk baxışda ziddiyyətli görünsə də, xristian dünyasının Milad, müdrik Şərqin Novruz, müsəlman aləminin Ramazan, Qurban bayramlarının eyni sevgi ilə, eyni həvəslə qeyd edildiyi ölkədir.

Həm xarici, həm də daxili siyasətində inqteqrasiya prinsipini üstün tutan ölkə olan Azərbaycan üçün sülh, sabitlik, tolerantlıq təkcə milli-dövlət marağı deyil, həm də cəmiyyətin mövcudluq formasıdır.

Azərbaycan xalqının və onun yaratdığı dövlətin sülhsevər siyasəti həm başqa ölkələrlə əlaqəsində, həm də cəmiyyət üzvləri arasındakı münasibətlərində ictimaiyyətin maraqlarını əks etdirir.

Azərbaycan Respublikası regional inteqrasiya proseslərinin mərkəzindədir. Bu regional inteqrasiya proseslərində Azərbaycanın tərəfdaşları Rusiya, Türkiyə və İrandır. Azərbaycan eyni zamanda Qərb ölkələri və ABŞ ilə də bərabərtərəfli əməkdaşlıq edir. Dominant olmağa vərdiş eləmiş aparıcı dövlətlər o qədər də böyük coğrafi sərhədləri olmayan, lakin güclü regional imkanlara malik Azərbaycanla qarşılıqlı maraqlar dilində danışmağın arzuolunan olduğu qənaətinə gəlirlər.  Azərbaycan Respublikası balanslaşdırılmış xarici siyasətində regional “fəaliyyət ilgəklərindən” bacarıqla istifadə eləməyi bacarır.

Azərbaycan Respublikası müstəqil dövlət olaraq BMT, ATƏT, Avropa Şurası, MDB və bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan antiterror koalisiyası çərçivəsində NATO və Avropa İttifaqı kimi təşkilatlarla əməkdaşlıq edir. Azərbaycan Respublikası GUAM regional təşkilatının əsasını qoyanlardan biridir.

Azərbaycan Respublikasının xarici siyasətdəki prioritetlərindən biri strateji tərəfdaşları ilə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsidir. Azərbaycan 17 ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Onların sırasına Litva, Polşa, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya, Serbiya kimi Avropa ölkələri, Türkiyə, Qazaxıstan, Özbəkistan kimi türkdilli ölkələr daxildir. Rusiya,Ukrayna, Gürcüstan, Moldova kimi ənənəvi postsovet ölkələri də ölkəmizlə saziş bağlayıblar. Azərbaycan həm də dost ölkə Pakistanla tərəfdaşlıq müqaviləsi imzalayıb.

Pakistan Azərbaycanı bütün beynəlxalq platformalarda birmənalı şəkildə dəstəkləyir.

1995-ci ildə Pakistan Prezidenti Faruk Leqari Bakıya, 1996-cı ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Pakistana səfər etmişdi. Müstəqilliyimizin ilk illərində edilən bu səfərlər Azərbaycan-Pakistan arasında rəsmi münasibətlərin əsasını qoyub. Hazırda Azərbaycan-Pakistan münasibətləri özünün müsbət inkişaf dövrünü yaşamaqdadır.

Azərbaycan İsrail ilə dost münasibətlər qurmağı bacaran azsaylı müsəlman ölkələrindən biridir.

Azərbaycan dövlətinin rəhbərliyi ölkənin milli maraqlarını hüquqi baxımdan müəyyənləşdirən qanunlar və normativ aktlar qəbul edib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiqlənməsi sərəncamı da xüsusi əhəmiyyətə malikdir.

Konsepsiyanın “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri” bölməsində suveren dövlət kimi Azərbaycan Respublikasının daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırdığı və həyata keçirdiyi bildirilir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi, təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Avropa və Avratlantik strukturlarına inteqrasiya, beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və ikitərəfli münasibətlər (region ölkələri ilə əməkdaşlıq, qeyri-region ölkələri ilə əməkdaşlıq), müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi (demokratiyanın möhkəmləndirilməsi, milli və dini tolerantlıq mühitinin qorunması, elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması, iqtisadi və sosial inkişaf, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, miqrasiya siyasəti, enerji təhlükəsizliyi siyasəti, nəqliyyat təhlükəsizliyi siyasəti, fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi, informasiya təhlükəsizliyi siyasəti) göstərilir.

Hazırda Azərbaycan hüquqi və strateji baxımdan beynəlxalq inteqrasiya prosesinə qoşulub.

Azərbaycan – Şərqlə Qərb arasında körpü, barışıq nöqtəsidir. Azərbaycan cəmiyyətinin milli xüsusiyyətləri hər iki istiqamətdə olan dəyərləri birləşdirir və cəmiyyət öz xüsusi inkişaf modelinə malikdir. Buna görə də, Azərbaycanı Şərq ilə Qərbin dəyərlərinin ortaq daşıyıcısı hesab eləmək olar. Azərbaycanda Qərblə Şərq bir-birini uğurlu şəkildə tamamlaya bilir.

İslam dəyərlərinə sahib olan Azərbaycan həm də Şərqdə ilk demokratik respublikanın qurulduğu, ilk milli operanın, ilk teatrın olduğu ölkədir. Əsrlərdir ki, xristianlar da, yəhudilər də Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvləridirlər. Bu barışığı paytaxt Bakının arxitekturasında da görmək olar. Bakı – dünyanın azsaylı şəhərlərindəndir ki, burada həm məscid, həm kilsə, həm də sinaqoq eyni bir küçədə yerləşir.

Azərbaycan üçün miltikulturalizm – minillərdir ki, həyat tərzidir.

Azərbaycan rəhbərliyinin daxili siyasətində də müasir multikulturalist cəmiyyətin formalaşması əsas xətt kimi götürülür. Bu siyasət Azərbaycan xalqının çoxəsrlik tolerantlıq ənənələrinə əsaslanır.  Azərbaycan cəmiyyətinin multikulturalizm modeli bir çox müasir cəmiyyətlər üçün nümunə hesab edilir.

Etnik mənsubiyyətindən, dini inancından asılı olmayaraq, Azərbaycanda yaşayan bütün xalqlar bir ailənin üzvləri kimi eyni hüquqlara malikdirlər. Multikulturalizm Azərbaycanda daxili siyasət olmaqdan daha çox, gündəlik həyat tərzinə və həyat fəlsəfəsinə çevrilib. Bu səbəbdən Azərbaycan hazırda sivilizasiyalararası dialoqda və müsbət tendensiyalarda aparıcı rollardan birini oynayır.

Son illərdə Azərbaycan bütün dünyada mədəniyyətlərarsı dialoqin müzakirə edildiyi dövlət olaraq qəbul edilir. Bununla bağlı Bakıda beynəlxalq tədbirlər, yüksək səviyyədə görüşlər, beynəlxalq konfranslar keçirilir. Həmin tədbirlərdə müasir dövrün aktual problemləri müzakirə edilir.

Bu tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Ümumdünya Açıq Cəmiyyət Forumunu, Ümumdünya Dini Liderlər Sammitini, Ümumdünya Gənclər Forumunu, Avroviziya müsabiqəsini və s. sadalamaq olar.

Müsəlman ölkə olan Azərbaycan sivilizasiyalar və mədəniyyətlər arasındakı əməkdaşlıqda, dövlətlərin, xalqların əməkdaşlığının inkilafında xüsusi rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bildirmişdir: “Azərbaycan Qafqazın işıq saçan mayakıdır , tolerant ölkədir və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir”.

Zeynəb RÜSTƏMLİ