Su müharibəsi – Tacikistan Qırğızıstanın Ak-Suu çayına sahiblənmək istəyir

96

Hurriyyet.org xəbər verir ki, Tacikistan Qırğızıstanın su ehtiyatlarına iddialarını irəli sürüb. Tacikistan Qırğızıstanın Ak-Suu çayının bölünməsini tələb edir.

Qırğızıstanın Su Departamentinin rəhbəri Almazbek Sokeyev Tacikistanın Sərhəd Qoşunlarının “Qolovnoy” su anbarının onların ərazisində yerləşdiyi barəsində iddiları təkzib edib: “Su anbarı Qırğızıstan ərazisində yerləşir və Batken Su-Kanal İdarəsinin nəzdindədir. Su oraya Ak-Suu çayından daxil olur. Ak-Suu çayı da Qırğız dağlarındam gələn kiçik çayların suyu ilə dolur. “Qolovnoy” heç vaxt Tacikistan ərazisində olmayıb. Qırğızıstan həmişə öz su ehtiyatlarından qonşuları ilə birlikdə istifadə edib və ikitərəfli razılaşmaları pozmayıb”.

Almazbek Sokeyevin sözlərinə görə, Orta Asiyanın su resursları 1993-ci ildə Almatıda imzalanmış protokol ilə 1995-ci il Nukussk deklarasiyası ilə nizamlanır. O deyib: “Ak-Suu çayından gələn suyun 37 faizindən Qırğızıstan, 55 faizindən Tacikistan, 8 faizindən isə Özbəkistan istifadə edir. İndiyə qədər Qırğızıstanın su resurslarından istifadə zamanı qonşular arasında problem olmayıb. İndi Tacikistan Ak-Suuyu bölməyi tələb edir. Bu, mümkün deyil. Biz razı deyilik. Qonşular indiyə qədər buna iddia eləməyiblər. Qırğızıstan bundan sonra da su resurslarından istifadə sahəsində dinc qonşuluq münasibətlərini davam etdirmək niyyətindədir”.

Qeyd edək ki, bu hün Tacikistan Respublikasının Sərhəd qoşunları press-reliz yayaraq, “Qolovnoy” su anbarının Qırğızıstanın yaşayış məntəqələrindən uzaqda yerləşdiyini bildirib, 1924-1927-ci və 1989-cu illər xəritələrinə görə, Tacikistan ərazisinə məxsus olduğunu iddia edib.

“Lakin bu, belə deyil. Sovet dövrünün arxiv sənədlərinə görə “Qolovnoy” su anbarı 1970-ci ildə Qırğızıstan SSR-in Meliorasiya və Su Ehtiyatları Nazirliyinin sifarişi ilə ölkənin Oş vilayətinin Batken rayonunda tikilib”.

Xatırladaq ki, aprelin 28-də Tacikistan tərəfi “Qolovnoy” su anbarının yaxınlığındakı Kök-Taş kəndində (Batken rayonu) elektrik dirəklərinə videomüşahidə qurğuları quraşdırdıqdan sonra kənd sakinləri avadanlıqların çıxarılmasını tələb ediblər. Bundan sonra tərəflər bir-birinə daş atmağa başlayıb.

Xəbər verdiyimiz kimi, Qırğızıstanla Tacikistanın sərhədində hərbi hissələr arasında atışma baş verib, yaralananlar var.