“Su ehtiyatlarının tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var” – VÜQAR BAYRAMOV

105

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür”

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi. Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur”. Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var: “Əvvəla, su ehtiyatlarının sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması, buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsinin müəyyənləşdirilməsinə imkan yaradır”.

Vüqar Bayramov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür: “Bu isə həmçinin, su təsərrüfatında müasir menecement yanaşması tələb edir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az