Stalin neftə görə Xəzəri qurutmaq istəyib, hidroloq alim izah edib ki… – Faciəvi nəticələr doğuracaq avantüranın iflası

30

Xəzər dənizinə (gölünə) böyüklü-kiçikli 130-a yaxın çay axır. Bu çayların arasında Volqa, Ural, Terek, Kür kimi böyük çaylar da var. Bu statistikanı bilən, hidrologiya mütəxəssisi olmayan şəxs belə Xəzərin qurudulmasının mümkünsüzlüyünü, yaxud da çox müşkül bir məsələ olmasını dərhal anlaya bilər.

Amma 70 il tarixi olan SSRİ-yə 30 il rəhbərlik edən, Çörçillin təbirincə desək, “SSRİ-ni xışla qəbul edib, atomla təhvil verən” İosif Stalin Xəzərlə bağlı təşəbbüsündə bu adi statistikanı nəzərə almayıb və həyata keçirmək istədiyi layihəni mümkün sayıb.
Maraqlıdır, Stalinin Xəzər dənizi ilə bağlı təşəbbüsü nədən ibarət olub?

Stalin Xəzərdə neft hasilatını asanlaşdırmaq, intensivləşdirmək və az sərmayə qoyub daha çox neft hasil etmək üçün Xəzər dənizinin qurudulmasını təklif edib və o, məsələnin həllində digər məsələlərdə olduğu kimi israrlı olub. Yalnız hidrologiya mütəxəssislərinin tutarlı əsaslarından sonra Stalini Xəzəri qurutmaq fikrindən daşındırmaq mümkün olub.

Mərkəzi Komitənin üzvü, SSRİ Ali Sovetinin deputatı, mühəndis-texniki xidmət general-mayoru, uzun illər “NKVD”-nin baş sənaye tikinti idarəsinin rəisi və “Hidroproyekt” institutunun rəhbəri, akademik Sergey Juk SSRİ-nin ən tanınmış hidrologiya mütəxəssilərindən biri sayılıb. 1952-ci ilin avqust günlərinin birində axşamdan xeyli keçmiş Stalinin katibi Poskrebışev Sergey Juka zəng edərək təcili Stalinin qəbuluna gəlməyi bildirib və söyləyib ki, özü ilə Xəzərin xəritəsini də götürsün.

Sergey Juk qəbula gələndə Stalinin kabinetində bir neçə nəfər olub. O cümlədən Anastas Mikoyan da qəbulda iştirak edib. Stalin Jukdan təcili olaraq Xəzərin qurudulması ilə bağlı mühəndis-hidroloji hesablamaların aparılmasını göstəriş verib. O, həmçinin Xəzərin nəyə görə qurudulmasının lazım olduğunu da izah edib, bildirib ki, Xəzəri qurutmaqla neft hasilatını daha da asanlaşdırmaq olar. Bununla bağlı Stalin qəbulda olanlara bir faktı da xatırladıb, əsrin əvvəllərində Bibiheybət körfəzinin qurudulmasını və onun müsbət nəticələrini görüb. Sovet lideri bildirib ki, dənizdə neft quyularının qazılması baha başa gəlir.

Görüşdə Mikoyan Stalinin təşəbbüsünə fərqli münasibət bildirib:
– Yoldaş Stalin, biz Xəzəri qurutmaqla ölkəmizin valyuta gəlirlərinin qarşısını almış oluruq. Qara kürünü xaricə satmaqla SSRİ öz valyuta ehtiyatlarını zənginləşdirir, Xəzər olmasa valyuta da olmayacaq…

– Siz məsələyə alverçi (torqaç) prizmasından yanaşırsınız, bizə qara kürüdən çox, qara neft lazımdır, – deyə Stalin Mikoyanın sözünü yarımçıq kəsib.
Görüşdə Stalin Xəzərin qurudulması ilə bağlı planlarını da açıqlayıb, Volqa çayının şimali Qazaxstana, Terekin Kalmıkiya səhralarına yönləndirilməsini, Kürün qarşısına bəndlərin salınmasını, digər çayların da bu kimi üsullarla qarşısının alınmasını təklif edib. Sonda o, Xəzərin qurudulması ilə bağlı təkliflərin və hesablamaların hazırlanması üçün Sergey Juka iki həftə vaxt verib. Sergey Juk bu məsələnin mümkünsüzlüyünü bilsə də, görüşdə Stalinin təklifinə heç bir münasibət bildirməyib.

İki həftədən sonra Stalin Xəzərin qurudulması ilə bağlı növbəti görüşü keçirib. Sergey Juk görüşdə konkret hasablamalar və tutarlı əsaslarla çıxış edib. Hidroloq bildirib ki, Volqa çayını Qazaxstana istiqamətləndirmək üçün kanallar çəkilməlidir, bu kanalların çəkilişinə 10 milyard rubl vəsait və 4-5 il vaxt tələb olunur. Kür çayının qarşısına bəndlərin salınmasına da böyük vəsaitlərin lazım olacağını bildirən Juk qeyd edib ki, bəndlər salındıqdan sonra təbii olaraq yeni göllər yaranacaq və həmin göllər məhsul verən torpaqlara axaraq məhsuldalığı azaldacaq. Daha sonra o, bildirib ki, Xəzəri bu yollarla quruda bilsək də, yağıntılar Xəzərdə yenidən su yaradacaq. Nəzərə alsaq ki, buxarlanma ilə yağıntının nisbəti eyni deyil, yağıntı daha çoxdur və biz onu da aradan qaldırmaq üçün nasoslardan istifadə etsək, Xəzərin tam qurudulması üçün hesablamalara görə, təxminən 16-17 il vaxt lazım olacaq. Sergey Juk mütəxəssis kimi Xəzərin qurudulması ilə bağlı ən kiçik detalları da açıqlayıb.

Stalin Sergey Juka sona qədər diqqətlə qulaq asıb və bu ağıllı çıxışa sonda münasibət bildirib:
– Yox, biz bu işə getməyəcəyik. Hesablamalarınız çox mükəmməl, konkret və dəqiqdir…
Bununla da Gergey Jukun tutarlı və əsaslı məruzəsi ilə Xəzər qurudulmaqdan xilas olub.

Neçə onilliklər Stalinin Xəzər dənizi ilə bağlı bu təşəbbüsü mətbuatda əks olunmayıb. Yalnız 1990-cı illərdə bakılı alim, neft sahəsi üzrə tanınmış mütəxəssis, həmin dövrdə SSRİ neft sənayesi naziri olan Nikolay Baybakov Stalinin Xəzər dənizinin qurudulması ilə bağlı planları haqqında mətbuata geniş açıqlamalar verib.

Daha sonra 2016-cı ildə SSRİ DTK-nın birinci sədri İvan Serovun çap olunmuş xatirələrində də Stalinin Xəzərlə bağlı təşəbbüsü haqqında geniş material oxuculara təqdim olunub.

İlham Cəmiloğlu, Musavat.com