Sovet Rusiyasının Türkiyə və Azərbaycana qarşı “erməni kartı”

117

Nuru Paşanın başçılığı ilə Türk ordusu Azərbaycanı tərk etdikdən sonra, Bakı ingilis generalı Tomsonun başçılığı ilə ingilis ordusu tərəfindən işğal olunmuş, hərbi nazir Səməd Paşanın başçılığı ilə Azərbaycan hərbi Nazirliyi Bakıdan Gəncəyə köçməyə məcbur olmuşdu. Nəhayət, general Tomsonun Azərbaycan hökumətini tanımasından və Bakını tərk etməsindən sonra Azərbaycan Hərbi Nazirliyi yenidən Bakıya qayıtmağa nail olmuşdu.

Belə bir vaxtda Azərbaycanın Zəngəzur qəzasında yaşayan ermənilər İrəvan daşnakları tərəfindən təhrik və təşviq edilərək bu vilayəti özlərinə ilhaq etmək məqsədilə Azərbaycan hökumətini tanımamışdılar. Ona görə də, 1919-cu ilin oktyabr ayında briqada komandiri general Cavad Paşanın komandanlığı altında Azərbaycan ordusu Zəngəzur ermənilərinə qarşı hərbi yürüşə başlamış və bir ay davam edən döyüşlərdən sonra Azərbaycan ordusu ermənilərin son istehkam mövqeyi olan Dığa qarşı güclü bir hücum təşkil etdiyi zaman İrəvan hökuməti Gürcüstandakı ingilis komissarlığının vasitəçiliyinə müraciət etmiş və ingilis komissarlığının ciddi müdaxiləsi nəticəsində hücum dayandırılmışdı.

Bundan sonra ermənilər Sovet Rusiyası ilə sövdələşərək 1920-ci ilin 22 martında Qarabağ vilayətinin dağlıq hissəsində xaincəsinə qiyam edərək, Əskəran keçidini ələ keçirmişdilər. Əskəranı zəbt etməklə ermənilər Qarabağın dağlıq qismini Azərbaycandan təcrid edərək, vilayətin bütün hərbi və mülkü məmurlarını əsarət altına almış, Şuşa, Xankəndi və Cəbrayıl qəzasının mühafizə dəstələri 12 gün gecə-gündüz İrəvandan gələn general Dronun başçılığı altındakı erməni çətələri və erməni ordusunun hücumlarına məruz qalmışdılar. İki atəş – bir tərəfdən şimal sərhədlərinə toplanmış Sovet Qızıl Ordu birləşmələri, digər tərəfdən də erməni ordusu tərəfindən işğal edilmiş bütün Qarabağ arasında qalan Azərbaycan Hökuməti məhz Qarabağı xilas etmək məcburiyyətində qalmışdı.

Ona görə də Azərbaycan hökuməti hər an qırğına məruz qala biləcək Qarabağı duşməndən azad etmək üçün Əskəran cəbhəsinə briqada generalı Səlimovun komandanlığı altında qüvvətli bir ordu göndərmiş, 3 aprel 1920-ci ildə Azərbaycan ordusu ermənilərə qarşı hücuma başlamışdı. Hayların tar-mar olunması ilə nəticələnən bu müharibədən sonra Qarabağ cəbhəsinə gələn Azərbaycan hərbi naziri Səməd Paşa Mehmandarov xain düşmənə qarşı göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycan Türk zabitlərinə və əsgərlərinə təşəkkür etmiş və öz nitqində demişdi ki: «Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox vuruşmalarda olmuşam, ancaq sizlər qədər qəhrəman əsgərlərə nadir hallarda rast gəlmişəm. Sizlər mənim ümidlərimi qüvvətləndirdiniz. Siz öz qanınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz». (Bax: Mirzə Bala Məmmədzadə. Milli Azərbaycan hərəkatı, Bakı 1992, səh.122, 123, 124).

Haylar 1920-ci ilin yazında təkcə Qarabağda deyil, bütün cəbhə boyu Azərbaycana hücuma keçmişdi. Sovet Rusiyasının XI qırmızı ordusunun 1920-ci il aprel ayında Azərbaycanın sərhədlərini keçməyə hazırlaşdığı bir ərəfədə, 5 apeldən başlayaraq erməni qoşunları Qazax qəzası istiqamətində, həmçinin Naxçıvan və Ordubada mütəşəkkil hücuma keçmişdilər. Naxçıvan və Ordubada hücumda İran erməniləri də iştirak etmişdilər. İran ermənilərinin bu hücümda iştirakı ilə bağlı Azərbaycanın İrandakı diplomatik nümayəndəsi Adilxan Ziyadxanov Qacar hökuməti qarşısında məsələ qaldırmış, həmçinin ermənilərin adı çəkilən ərazilərə hücumu haqqında Tehrandakı ingilis, amerikan, fransız diplomatik nümayəndələrinə də məlumat vermişdi. Ermənilərin bu hərəkətlərinə qəti etirazını bildirən Azərbaycan xarici işlər naziri Fətəlixan Xoyski Ermənistan xarici işlər nazirinə sərhədlərdə qan tökülməsinin dayandırılması üçün təcili tədbirlər görməklə bağlı nota göndərməyə məcbur olmuşdu. 1920-ci ilin aprelində Azərbaycan hökuməti həm Ermənistana, həm də Sovet Rusiyasına eyni vaxtda notalar göndərmiş, ermənilərin davam edən təcavüzünə, Sovet Rusiyasının isə təcavüzkarlıq niyyətinə öz münasibətini bildirmişdi. Bütün bunlara baxmayaraq nə erməni daşnak hökuməti və nə də Sovet Rusiyası Azərbaycana qarşı öz təcavüzkar siyasətindən əl çəkmişdi.

Hayların «Qarabağ üsyanı» Azərbaycan ordusunu şimaldan cənub və qərb sərhədlərinə çəkmək üçün Sovet Rusiyası ilə İrəvan daşnakları arasında əvvəlcədən razılaşdırılmış bir plan əsasında baş vermiş, bundan istifadə edən bolşevik Rusiyası şimaldan Azərbaycana qəfil basqın edərək paytaxt Bakını işğal etmiş, bütün İslam aləmi və Türk dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə son qoyaraq, mərhələ-mərhələ bütün Qüzey Azərbaycanı ələ keçirmişdi. Bütün bunlar azmış kimi Sovet Rusiyası Azərbaycanı «sovetləşdirdikdən» sonra ermənilərə verdiyi sözünə əməl etmək üçün 1 oktyabr 1920-ci ildə Azərbaycan Sovet Respublikasını «öz arzusu ilə» Qarabağ, Zəngəzur və Naxçıvanı Ermənistana verməyə məcbur etsə də, Azərbaycan xalqının müqaviməti və yeni T ürkiyənin diplomatik müdaxiləsi nəticəsində bu ərazilərdən bir qismi Ermənistana verilsə də, digər qismi Azərbaycanda qalmışdı. Belə ki, Azərbaycan Qarabağla Naxçıvanı ayıran Zəngəzuru, Gəncə və Qazağın dağlıq qismlərini Ermənistanın xeyrinə itirmiş, üstəlik Azərbaycanın tam göbəyində Ermənistan “Dağlq Qarabağ Muxtar Vilayəti”nin yaradılmasına da nail olmuşdu.

Sovet Rusiyası təkcə Azərbaycan ərazilərini deyil, Türkiyənin şərq vilayətlərini də haylara vəd etmişdi. Sovet Rusiyasının Azərbaycanı sovetləşdirdikdən sonra növbəti hədəfi Ermənistan və Gürcüstan idi. Ermənistanda 29 noyabr 1920-ci ildə Sovet hökuməti qurulduqdan sonra Sovet Rusiyası Türkiyənin də sovetlər kimi ermənilər leyhində bəzi ərazilərdən imtina etməyi istəmişdi. Bu məsələ Türkiyə ilə Rusiyanın diplomatik münasibətlərində uzun mübahisələrə səbəb olmuşdu.

Sovet Rusiyası bu tələbi ilə Türkiyəni federallaşdırmaq istəmiş və bu federasiya «Ermənistan, Kürdüstan, Lazistan və Şərqi Trakiyadan» ibarət olmalı imiş. Bununla bağlı Rusiya xarici işlər komissarı Çiçerin Moskvada olan Türk nümayəndə heyətinin başçısı, Türkiyə xarici işlər naziri Bəkir Sami bəyə demişdi ki: «Biz ermənilərə ərazi verdik, sizin də verməyiniz lazımdır. Bu mənfəətlərimizin xeyrinədir». Çiçerinin bu təklifi ilə Yusif Kamal bəy Ankaraya qayıtmış və məsələni Türkiyə Böyük Millət Məclisinə bildirmiş, lakin məclis Türkiyənin çox ağır vəziyyətdə olmasına, ətrafın bir düşmən cəmbəri ilə əhatələnməsinə baxmayaraq, bir qarış torpaq belə verməyəcəyini qətiyyətlə bildirmişdi. Lakin T ürkiyə Böyük Millət Məclisinin qəti qərarı belə Sovet Rusiyasını fikrindən vaz keçirməmiş, Sovet Rusiyasının xarici işlər komissarı Çiçerin Türkiyə Böyük Millət Məclisinin sədrinə göndərdiyi bir notada bildirmişdi ki: “Türkiyə Ermənistanı, Kürdüstan, Lazistan və Şərqi Trakiya əhalisi arasında vaxtı ilə bu yerlərdən qaçmış mühacirlərin iştirakı ilə sərbəst ümumi seçki keçirilməsi zəruridir”. Çiçerinin bu notasından əvvəl Osmanlı dövləti ilə qalib dövlətlər arasında imzalanan “Mondros müqaviləsi”nin 20-ci maddəsində Türkiyənin 6 şərq vilayətindən ibarət bir “Ermənistan”dan söhbət getmiş, Lord Kerzon 1920-ci ilin 12 martında Millətlər Cəmiyyətinə Ermənistan üzərində mandat qəbul etməyi təklif etsə də Millətlər Cəmiyyəti 11 aprel 1920-ci ildə bu himayədən imtina etmişdi. Həmçinin 1920-ci ilin aprel ayında San-Remoda təsbit edilmiş “Sevr müqaviləsi” də Türkiyə torpaqları üzərində bir “Ermənistan” təsəvvür edirdi. Bu “Ermənistan” Amerikanın himayəsi altında olacaqdı. Lakin Amerika prezidenti Vilsonun bu barədəki təklifini 1 iyun 1920-ci ildə ABŞ senatı rədd etmişdi. Çiçerinin bəhs edilən notası Amerika senatının rəddindən bir gün sonra verilmişdi. Sovet hökuməti bununla zahirən kapitalist dövlətlərinin edə bilmədiyini etmək istəmiş və “məhkum millətlərin hamisi” olduğunu nümayiş etdirməyə fürsət tapmışdı. Halbuki, onun arxasında yeni rus imperializmi gizlənmişdi. Sovet Rusiyası bu siyasəti ilə Dəli Petronun isti dənizlərə çıxmaq siyasətini gerçəkləşdirmək istəyirdi. Ona görə də Rusiya Qafqazda nəyin bahasına olursa olsun yenidən yerləşmək, buranı özünün hərəkət bazası halına salmağa çalışırdı. Halbuki, ermənilərdən başqa Qafqaz xalqlarından heç biri bu barədə Rusiyaya tərəfdar deyildi. Sovet Rusiyası 1918-ci ildə olduğu kimi 1920-ci ildə də ermənilərin xəstə ruhi tələblərindən istifadə etməyə çalışmış və buna müvəffəq də olmuşdu. Əvvəllər Çar Rusiyası, bir müddət də Denikin Rusiyası ordusunun bələdçisi olan haylar bu dəfə də Sovet Rusiyasının bayrağına sığınmışdılar.

XI Ordunun Azərbaycanda yerləşməsi və Azərbaycanın bolşeviklər vasitəsi ilə sovetləşməsinə baxmayaraq, ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmiş, Qarabağa, Naxçıvana, Zəngəzura və başqa bölgələrə təcavüzlərini davam etdirmişdilər. Azərbaycanın siyasi vəziyyətinin ağırlığından yararlanan haylar 1920-ci ilin yayında Zəngibasarı dağıdaraq Naxçıvana doğıru irəliləməyə başlamış, lakin Kazım Qarabəkir Paşanın komandanlığı altında Türk ordusunun Naxçıvanı nəzarət altına alması ilə ermənilərin «Naxçıvan sevdası» birdəfəlik tarixə gömülmüşdü. Naxçıvandan əlləri üzülən erməni qoşunları Zəngəzura yenidən hücum edərək, o bölgənin böyük bir hissəsini zəbt etmişdi. Belə bir vəziyyətdə sovetlərə qarşı Azərbaycanın müxtəlif yerlərində baş verən üsyanlar XI orduda elə bir hiddət yaratmışdı ki, onlar hayların Azərbaycana təcavüzünə dəstək vermiş və düşümüşdü ki, Azərbaycan Türkləri ermənilər tərəfindən nə qədər çox sıxışdırılsa, onların sovetlərə itaəti bir o qədər artar. (Seçmələr bizimdir – A.M. Bax: Fəzail İbrahimli, Azərbaycanın nisbi müstəqilliyinin sonu və Qarabağ oyunu, Qarabağ: Dünən, bu gün və sabah, IX elmi-əməli konfransın materialları, Bakı 2010, səh. 76.

Sovetlərin bu taktikası həm Rusiyaya, həm də Ermənistana yaramış, 29 noyabr 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurulan kimi 30 noyabr 1920-ci ildə Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin siyasi və təşkilat bürolarının birgə iclasında Zəngəzurun bir hissəsinin ermənilər tərəfindən işğalı qəbul edilmiş və bu ərazilərinErmənistana birləşdirilməsinə razılıq verilmişdi. Lakin ermənilər və onların havadarları bununla kifayətlənməmiş, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi məsələsini irəli sürmüşdü. AK(b)P MK siyasi və təşkilati bürosunun 27 iyul 1921-ci il birgə iclasında bu məsələyə baxılmış və Ermənistanın bu iddiası rədd edilmişdi. Lakin ermənilər bu iddialarından əl çəkməmiş, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin 27-28 iyul 1923-cü ildə keçirilmiş plenumu bir ay müddətində Dağlıq Qarabağa «vilayət muxtariyyəti» verilməsi barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə ultimatum xarakterli tapşırıq vermiş, bu qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi «Dağlıq Qarabağ IMuxtar vilayətinin yaradılması haqqında» dekret vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin bu “dekret”i Ermənistana və ermənilərin himayədarlarına gələcək siyasi oyunları üçün bir “tutanağ”a, Azərbaycan xalqı üçünsə bir “çiban”a çevrilmişdir.

(Ardı var)

Aydın Mədət oğlu Qasımlı

Filologiya üzrə fəlsəfə doktoru