Sovet Rusiyasının Türkiyə və Azərbaycana qarşı “erməni kartı”

54

Beləliklə, Rusiyanın erməniləri 200 il (1723-1923) müddətinə öz himayəsi altına almasının üçüncü mərhələsində Rusiya Quzey Azərbaycan ərazisində 29 min kvadratkilometrlik bir “Ermənistan” adlı dövlət, bir də 4160,5 kvadratkilometrlik Dağlıq Qarabağ adlı muxtar vilayət yaratmağa nail olmuşdu. 3 mart 1878-ci ildə Rusiya ilə Osmanlı Türkiyəsi arasında bağlanan «Ayastefanos müqaviləsi» ilə ilk dəfə rəsmi sənədlərə daxil olan «erməni məsələsi» nəzərdə tutulan ərazidə olmasa da, 28 may 1918-ci ildə xarici havadarların sayəsində həll edilmiş, 28 iyun 1923-cü il tarixli Rusiya Kommunist Partiyası Qafqaz bölgə komitəsinin ültimatumu ilə Azərbaycan Mərkəzi Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə «Dağlıq Qarabağ məsələsi» adlı yeni bir «erməni məsələsi» gündəmə gətirilmişdi.

Azərbaycanın sovetləşməsinin ilk üç ilində (1920-1923) baş verən hadisələr nəticəsində Qarabağ tarixi coğrafi bütövlüyünü itirərək iki hissəyə (aran Qarabağ, dağlıq Qarabağa) ayrılmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili nəticəsində Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi əraziləri öz inzibati bölgüsündən ayrılaraq, Dağlıq Qarabağın tərkibinə daxil edilmişdi. Bu azmış kimi Qarabağın qalan hissəsindən də bir «Kürdüstan» qəzası yaradılmış,onun mərkəzi qəza icrakom sədri müəyyənləşdirilmiş, Qubadlı qəzası isə ləğv edilmişdi. Beləliklə, Qarabağın tarixi ərazisindən Azərbaycan SSR-nin tərkibində cəmi 15 min 996,9 kvadrat km-lik bir ərazi qalmışdı.

Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR-nin tərkibində qalan hissəsində əvvəlcə Qubadlı, sonra Kürdüstan qəzası, daha sonra isə müəyyən dəyişikliklərlə Zəngilan, Qubadlı, Laçın rayonları, Ağdam və Cəbrayıl quberniyalarının ərazisində isə Ağdam, Bərdə, Ağcabədi, Tərtər (Mirbəşir) və Cəbrayıl rayonları yaradılmışdı.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Muxtar Vilayəti elmi-coğrafi prinsip əsasında deyil, volyuntarist, yəni ermənilərin sayca çoxluğu prinsipi əsasında Sovet Rusiyası tərəfindən gələcək siyasi məqsədi üçün yaradılmışdı.

Sovet Rusiyası öz strateji məqsədlərinə nail olub Qafqazı sovetləşdirərək burada möhkəmləndikdən, Azərbaycanın tarixi ərazisi Qarabağı ikiyə ayıraraq hayların istəyini yerinə yetirdikdən sonra Azərbaycan, Ermənistan və Gürcüstan sovet respublikaları arasında sərhəd məsələlərini müvəqqəti olaraq dondursa da, istər Ermənistan, istər Dağlıq Qarabağ, istərsə də xaricdəki ermənilər Azərbaycanla bağlı separatçılıq fəaliyyətlərini dayandırmamış, erməni siysətçiləri, yazıçıları və digər zümrələrdən olanlar da erməni strateji məqsədinin fəal döyüşçülərinə çevrilmişdilər.

Bu işdə Mərkəzi Sovet rəhbərliyi də ikili standart tətbiq edərək, Azərbaycan daxilində daim problem yaratmış, strategiyasının əsas tərkib hissəsi olan Dağlıq Qarabağda əhalinin etnik tərkibinin hayların xeyrinə fərq yaradacaq dərəcədə dəyişdirilməsi məqsədini güdən siyasət həyata keçirmiş, həmin dövrdə Ermənistanda Azərbaycan Türklərinin daha çox və daha sıx yaşadıqları Vedi, Əzizbəyov və Qarabağlar rayonlarından ibarət bir Muxtar qurum yardaılmasını ağıllarına belə gətirməmişlər.

Mərkəzi Sovet rəhbərliyi hayların 1920-1930-cu illərdə tam nail ola bilmədiklərini II Dünya müharibəsinin başa çatmasından dərhal sonra ermənilərlə birlikdə həyata keçirməyə çalışdılar. Belə ki, 1945-ci ilin noyabr ayında Ermənistan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin katibi Arutyunov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Josif Stalinə müraciət edərək, Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin “Qarabağ vilayəti” kimi Ermənistanın tərkibinə daxil edilməsi haqqında məsələ qaldırmışdı. Bu müraciətin mətni Ümumittifaq (bolşevik) Partiyası Mərkəzi Komitənin katibi G.M.Malenkov tərəfindən 28 noyabr 1945-ci ildə Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova göndərilmiş, onun rəyini bildirməsini təklif etmişdi.

Mircəfər Bağırov bununla bağlı 10 dekabr 1945-ci ildə Moskvaya öz cavabını bildirmişdi. Tarixi faktlar və yüksək siyasi və diplomatik bir dillə yazılmış cavab məktubunda Mircəfər Bağırov bildirmişdi ki: -Biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-yə bitişik olmamış və hazırda da bitişik deyildir…

Eyni zamanda Ümumittifaq K(b)P MK- nin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxılarkən Ermənistanın Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR- nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddiməişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.

Ümumittifaq K(b)P MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə də baxılmasını xahiş edirik:

Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 min nəfər olduğu halda cəmi 9 min gürcü-inqloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik. Lakin bu məsələ ilə bir zamanda Gürcüstan SSR-nin demək olar ki, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-yə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Və nəhayət biz, Dağıstan SSR-nin keşmişdə Azərbaycanın bir hissəsi kimi, Bakı quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-yə bitişik olan Dərbənd və Qasımkənd rayonlarının Azərbaycan SSR-nin tərkibinə qatılması məsələsini nəzərdən keçirilməsini xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir və maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin doqquz ayını Azərbaycan ərazisində keçirir.

Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nü mayəndələr daxil edilməklə Ümumittifaq K(b)P MK Komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik”.

Azərbaycan KP MK katibi M.C.Bağırov

10 dekabr 1945-ci il. №1330, Bakı şəhəri.

(Seçmələr bizimdir – A.M. Bax: Yaqub Mahmudov, Kərim Şükürov, Qarabağ tarixi, Qarabağ: Suallar və faktlar, Bakı 2005, səh.37-38).

Mircəfər Bağırovun bu tarixi, siyasi-məntiqi və diplomatik dillə yazılmış cavab məktubu sovet yetgililərini fikrindən daşındırmış, ona görə də erməni liderləri bu tələblər qarşısında Dağlıq Qarabağın Ermənistana verilməsinin mümkün olmadığını anlayaraq, o dövrdə bu istəklərindən imtina etməyə məcbur olmuşdular. Çox qəribədir ki, hələ 22 may 1919-cu ildə bolşevik erməni llderlərindən Mikoyan Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi və Leninə göndərdiyi məktubda blldirmişdi ki: “Erməni daşnakları Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək istəylrlər. Lakin bu, Qarabağ üçün həyat mənbəyi olan Bakıdan ayrılmaq və heç bir əlaqəsi olmayan İrəvana birləşmək deməkdir. Erməni kəndliləri V qurultaylarında Azərbaycanı tanımağı və onun rəhbərliyi altında qalmağı qərarlaşdırmışlar”. Həmçinin Qarabağ bölgəsi erməniləri 15 avqust 1919-cu ildə keçirdikləri VII qurultaylarında da Azərbaycana bağlılıqlarına dair mövqe ortaya qoyaraq razılaşma imzalamışdılar. Bu razılaşmada eyni zamanda, Paris Sülh Konfransında Qarabağın Azərbaycan ərazisi kimi qəbul olunduğu da vurğulanmışdı. (Bax: Araz Aslanlı, Qarabağ problemi: tarixi, mahiyyəti, həlli prosesi, Bakı 2009, səh.14; Cemalettin Taşkıran, Geçmişten günümüze Karabağ meselesi, Ankara 1995, səh.251).

Bütün bunların nəticəsində müvəqqəti olaraq Dağlıq Qarabağdan əl çəkən ermənilər 1948-1953-cü illərdə Azərbaycan türklərini Ermənistan SSR ərazisindən departasiya etməyə nail olmuşdular. Bu departasiya nəticəsində 144 minə yaxın Azərbaycan türkü Ermənistandan çıxarılmış, 476 türk kəndi boşaldılmışdı. Etnik təmizləmə məqsədi ilə həyata keçirilən bu aksiya həm adminstrativ xarakter daşıdığı, həm də Ermənistanda yaşayan xalqlardan yalnız Azərbaycan türklərinə tətbiq edildiyi üçün siyasi repressiya kimi dəyərləndirilməlidir.

Bununla kifayətlənməyən Ermənistan rəhbərliyi Qarabağın Ermənistana birləşdirilməsi mövzusunu 1964-cü ildə yenidən gündəmə gətirmişdi. Anti-Türkiyə kampaniyasının gücləndiyi bu dövrdə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min erməninin imzaladığı “petisiya” Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı KP MK katibliyi Ermənistan və Azərbaycana bununla bağlı sənəd hazırlamağı tapşırmışdı.

(Ardı var)

Aydın Mədət oğlu Qasımlı

Filologiya üzrə fəlsəfə doktoru