SOCAR-la bağlı dəyişikliklərin pərdəarxası

1266

 Rövnəq Abdullayev tezliklə vəzifəsini itirə bilər

Qubad İbadoğlu: “Yaxın zamanlarda SOCAR-da kütləvi ixtisarlar gözlənilir, əks təqdirdə, şirkət ən tezi 2022-ci, ən geci 2023-cü ildə batacaq”

Natiq Cəfərli: “SOCAR-ı İnvestisiya Holdinqinə daxil edib, yeni Müşahidə Şurası yaradıb Rövnəq Abdullayevin səlahiyyətlərini əlindən aldılar”

Samir Əliyev: “Həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin üzvlərinin prezident tərəfindən təyini gələcəkdə SOCAR-da ikihakimiyyətlilik yarada bilər”

Ölkə başçısı İlham Əliyev yanvarın 23-də “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmana əsasən, Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Qeyd edək ki, Müşahidə Şurası sədr daxil olmaqla, yeddi üzvdən ibarətdir. Belə ki, dövlət başçısının SOCAR-ın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncamına əsasən iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri, birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov, energetika nazirinin müavini Elnur Soltanov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov isə Şuranın üzvü təyin olunub.

Onu da nəzərinizə çatdıraq ki, SOCAR-ın yenidən təşkili və ləğvi, Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri prezidentə həvalə olunub. Azərbaycan İnvestisiya Holdinqi isə ölkə başçısı ilə razılaşdırmaqla SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, illik hesabatların, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi, SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul olunmasını həyata keçirəcək. SOCAR-ın Müşahidə Şurasına isə şirkətin uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək, onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

“Müşahidə Şurası əsasən birinci vitse-prezidentin komandasının üzvlərindən təşkil olunub, bu tərkibdə digər maraq qruplarının, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçiləri yoxdur”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzuya dair fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu hesab edir ki, SOCAR bir əldən başqa ələ keçir: “Göründüyü kimi, Müşahidə Şurası əsasən birinci vitse-prezidentin komandasının üzvlərindən təşkil olunub, bu tərkibdə digər maraq qruplarının, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçiləri yoxdur. Halbuki, 1992-ci ildə Müşahidə Şurasında mətbuat nümayəndəsi də təmsil olunurdu. Proqnozlarım özünü doğrultmaqdadır. Müşahidə Şurasının yaranması özlüyündə korporativ idarəetmə modelinin təşəkkül tapması üçün vacib institutdur. Təbii ki, belə Şura nominal deyil, maraq qruplarının gerçək təmsilçiləri əsasında formalaşdırılır”. ADR Hərəkatının sədrinin fikrincə, bundan sonra SOCAR-ın yenidən strukturlaşdırılması və səhmləşdirilməsi istiqamətində fəaliyyətlər həyata keçiriləcək: “Bunlar SOCAR-a yeni sərmayələr cəlb etmək üçün lazımdır. Bu məqsədlə qazın qiymətinin bahalaşdırılacağı da ehtimal olunur. Yaxın zamanlarda SOCAR-da kütləvi ixtisarlar da gözlənilir. Əks təqdirdə, hazırkı SOCAR ən tezi 2022-ci, ən geci 2023-cü ildə batacaq. Yeganə çıxış yolu idarəetmənin effektivliyinin, şəffaflığın və hesabatlılığın artırılmasında və səhmləşdirmədədir”.

Qubad İbadoğlunun sözlərinə görə, gedişat göstərir ki, SOCAR-ı səhmləşdirməyə hazırlayırlar: “Bunun üçün də SOCAR-da korporativ idarəetmə sistemi qurulmalı, menecerlərlə sahibkarlar bir-birindən ayrılmalı və menecerlər də sahiblərinə hesabat verməlidir. Odur ki, bu ildən başlayan bütün tədbirlər SOCAR-ın 2022-23-cü illərdə gözləyən maliyyə çətinliklərindən çıxarmağa yönəldilib. Bununla əlaqədar olaraq artıq addımlar atılır. Birincisi, Azərbaycan İnvestisiya Holdinqi yaradılaraq SOCAR-ın və digər iri dövlət şirkətlərinin sağlamlaşdırılması və borclarının restrukturizasiyası ilə məşğul olmağa başlayıb. İkincisi, benzinin və dizel yanacağının qiymətini bahalaşdırılmaqla daxili bazarda SOCAR-ın gəlirləri artırılır. Növbəti artım qazın qiymətində olacaq, hazırda qazın fasilələrlə verilməsi də ona hazırlıq məqsədi daşıyır. Üçüncüsü, SOCAR-ın Müşahidə Şurası yaradılır və şirkət səhmləşdirilməyə hazırlanır ki, gələcəkdə investisiyalar cəlb edə bilsin. Dördüncüsü, SOCAR-ın işçiləri ixtisar olunur, getdikcə bu, daha kütləvi xarakter alacaq və yalnız fəhlələr deyil, ixtisaslı kadrların bir hissəsi də işini itirəcəklər”.

“Mikayıl Cabbarov kifayət qədər savadlıdır, idarəetmə bacarığı da var, amma prinsip olaraq qərar verənlə, qərarların icrasını yoxlayan eyni şəxs ola bilməz”

“Hürriyyət” xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə SOCAR-ın yeni Müşahidə Şurasının yaradılmasıyla Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin səlahiyyətinin əlindən alındığını bildirib: “Əvvəl SOCAR-ı İnvestisiya Holdinqinə daxil edib Rövnəq Abdullayevin səlahiyyətlərini kəsdilər, indi yeni Müşahidə Şurası yaradıb səlahiyyəti tam əlindən aldılar. Qüruru olan rəhbər olsaydı, indi istefa verərdi. Maraqlı cəhət budur ki, İnvestisiya Holdinqinin rəhbəri, İdarə Heyətinin sədri Mətin Eynullayev İqtisadiyyat Nazirliyindən çıxıb, əvvəl Təhsil Nazirliyində işləyib, lap əvvəl isə İçəri Şəhər qoruğunda çalışıb. Onun həyat yolu və karyera pillələri Mikayıl Cabbarovla paralel olub. Daha bir maraqlı məqam odur ki, Makayıl müəllim həm İnvestisiya Holdinqinin idarə olunmasında iştirak edir, həm də yeni yaranmış Müşahidə Şurasının rəhbəridir. Belə ki, holdinq qərarların verilməsinə, şura isə icrasına cavabdehdir. Yəni, qərar verən, həm də nəzarətçi olacaq”. İqtisadçı ekspertin qənaətincə, bu yanaşma doğru deyil: “Söhbət Cabbarovdan getmir, adam kifayət qədər savadlıdır, idarəetmə bacarığı da var. Amma prinsip olaraq qərar verənlə, qərarların icrasını yoxlayan eyni şəxs ola bilməz”.

“Yeni dəyişiklik faktiki olaraq Rövnəq Abdullayev vəzifəsində qalacağı təqdirdə onun səlahiyyətinin məhdudlaşdırılması deməkdir”

Ölkə başçısının son fərmanını SOCAR-da korporativ idarəetmənin qurulması istiqamətində atılan addım kimi dəyərləndirən iqtisadçı ekspert Samir Əliyev isə qeyd edib ki, bununla da qarşılıqlı nəzarət mexanizmi formalaşacaq: “Azərbaycanın ən böyük şirkəti olan SOCAR dövlət şirkətləri içində korporativ idarəetmə standartlarından ən çox uzaq olan şirkət olub. Məlumat üçün bildirim ki, büdcə daxilolmalarının bir qayda olaraq 6-8 faizi, vergi gəlirlərinin 15-17 faizi bu şirkətin payına düşür. 2019-cu ilin sonuna şirkətdə çalışan işçilərin sayı 51092 nəfər, aktivlərinin həcmi 65,4 milyard AZN, ümumi gəlirləri isə 83,8 milyard AZN olub. Belə bir böyük şirkətin nəzarətdən kənar qalması, əlbəttə düzgün deyil. SOCAR-ın hesabatlarında dövri olaraq vurğulanır ki, şirkət korporativ idarəetmə prinsiplərinə əsasən, mərkəzləşdirilmiş idarəetmə sistemi tətbiq edir. Ancaq reallıq bundan uzaq olduğunu göstərir. Uzun müddət SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi Müşahidə Şurası mövcud olmayıb. Bu funksiyanı ölkə prezidenti həyata keçirib. Şirkətin idarə heyəti funksiyasını isə Şirkət Şurası icra edib. Şuranın tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslər daxil olub. SOCAR-da audit fəaliyyəti şirkətin prezidenti yanında yaradılmış Audit Komitəsi tərəfindən həyata keçirilib. Halbuki, Mülki Məcəllənin 107-ci maddəsinə görə, Audit Komitəsi cəmiyyətin direktorlar şurası (müşahidə şurası) tərəfindən yaradılır və ona tabedir. Göründüyü kimi, korporativ standartlarda daxili audit bölmələri icraçı orqana (idarə heyəti) deyil, nəzarət edən quruma direktorlar şurasına (Müşahidə Şurasına) tabedir. Bu tabeçilikdə məqsəd icra prosesinə nəzarət etmək, şəffaflığı təmin etməkdir. SOCAR-ın nümunəsində isə icraçı qurumun rəhbəri həm daxili nəzarət bölməsini yaradır, həm də ona nəzarət edir. İcra qurumunun fəaliyyətinə isə daxili nəzarət yoxdur. Odur ki, prezidentin son fərmanı SOCAR-da korporativ idarəetmənin qurulması istiqamətində atılan addımdır. Çünki burada qarşılıqlı nəzarət mexanizmi formalaşacaq. Yəni İdarə Heyətinin Müşahidə Şurası qarşısında hesabatlılığı, Audit Komitəsinin İdarə Heyətindən asılı olmadan onun fəaliyyətinə nəzarəti qarşılıq nəzarət üçün effektiv mexanizm hesab olunur”.

Samir Əliyevin sözlərinə görə, yeni yaradılmış Müşahidə Şurasının qarşısında həlli vacib olan bir sıra məsələlər durur: “SOCAR-ın hüquqi statusundakı qeyri-müəyyənliyin aradan qaldırılması və onun səhmdar cəmiyyətinə çevrilməsinin təmin edilməsi, şirkətin yaxın 5-10 il üçün Strateji İnkişaf sənədinin hazırlanması, şirkətin, o cümlədən törəmə şirkətlərinin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılması, şirkətin xarici borc öhdəliklərinin idarə edilməsi, şirkətin üfiqi və şaqulu inteqrasiya hədəflərinin məhdudlaşdırılaraq kiçildilməsi, SOCAR ilə dövlət arasında maliyyə axınlarını tənzimləyən müvafiq normativlər və qaydaların qəbulu kimi məsələlər həll edilməlidir“. İqtisadçı ekspert hesab edir ki, yeni dəyişiklik faktiki olaraq Rövnəq Abdullayev vəzifəsində qalacağı təqdirdə onun səlahiyyətinin məhdudlaşdırılması deməkdir:

“Ancaq həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin üzvlərinin prezident tərəfindən təyini gələcəkdə şirkətdə ikihakimiyyətlilik yarada bilər. Hər halda bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının acı təcrübəsi var. Ona görə də banklarda olduğu kimi, İdarə Heyəti üzvlərinin Müşahidə Şurası tərəfindən təsdiqi daha uğurlu sayılır”.

Bundan başqa, iqtisadiyyat naziri Mikayıl Cabbarovun həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəri olduğunu xatırladan Samir Əliyevin fikrincə, burda maraq toqquşması yaranır: “Çünki bir qayda olaraq qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətləri göstərən və ya malları satan qurumlar qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edəndə artım istəyini əsaslandırırlar və Şura da tərəfsiz olaraq qərar verir. Məsələn, bir neçə həftə öncə SOCAR-ın müraciətinə mənfi cavab verərək təbii qazın bahalaşmasına icazə verilməmişdi. Yəni xüsusi zərurət olmasa, siyasi rəhbərliyin razılığı olmasa qiymət artımına razı olmur. Bəs indi SOCAR yanacağın və ya təbii qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edəndə ona maneə olacaqmı? Hər iki qurumun rəhbəri eyni şəxsdir. Buna isə maraqların toqquşması deyilir”.

Vazeh BƏHRAMOĞLU