Şimali Koreya ABŞ-ı təhdid etdi

21

Hurriyyet.org xəbər verir ki, Şimali Koreya ABŞ-da hakimiyyətin dəyişməsindən sonra ilk raket sınağı keçirməklə dünyanın diqqətini yenidən özünə cəlb eləmişdi. Bayden isə ilk rəsmi mətbuat konfransdında Şimali Koreyanın gərginliyi artırdığını və lazım gələrsə, buna cavab verəcəklərini söyləmişdi. Bu qarşılıqlı təhdidlərin ardından Pxenyandan növbəti cavab gəlib.

Ağ Ev Şimali Koreyanın ötən həftə sonu qısamənzilli raket testlərini həyata keçirdiyini bildirmişdi. ABŞ Müdafiə naziri Lloyd Austin və Xarici İşlər naziri Entoni Blinkenin Yaponiya və Cənubi Koreya səfərləri isə Pxenyanda narazılıqla qarşılanmışdı.

Ci Bayden vəzifə başına keçdikdən sonra keçirdiyi ilk mətbuat konfransında deyib: “Şimali Koreya apardığı sınaqlarla BMT-nin 1718 saylı qərarını pozub. Regiondakı ortaqlarımız və müttəfiqlərimizlə əlaqə saxlamağa davam edirik. Gərginliyi artırmaq istəsələr, müvafiq cavab verərik. Ancaq eyni zamanda diplomatiyaya da hazırıq. Bu diplomatiya ancaq nüvə silahından təmizlənmə ilə nəticələnməlidir”.

Baydenin bu sözlərinə Şimali Koreyadan cavab gecikməyib. ABŞ-ın Cənubi Koreya ilə münasibətlərindən və iki ölkənin ortaq həyata keçirdiyi hərbi təlimlərdən narahatlığını gizlətməyən Şimali Koreya hakimiyyəti ABŞ-a olduqca sərt bir təhdid mesajı göndərib.

Şimali Koreyanın Fəhlə Partiyasının Komitə katibi Ri Pyonq Çol bu gün verdiyi açıqlamada Baydenin sözlərinin Şimali Koreyaya qarşı dərin düşmənliyi ifadə elədiyini söyləyib, ABŞ Prezidentinin “bu şəkildə düşüncəsiz açıqlamalar verməyə davam edəcəyi təqdirdə, başına heç də yaxşı şeylər gəlməyəcəyini” bildirib.

Ri deyib: “Biz heç kimin diqqətini cəlb eləmək, ya da siyasətinə təsir göstərmək üçün silahlanmırıq. Əgər ABŞ okeanın o tərəfində hərbi sınaqları “müdafiə” adı altında həyata keçirirsə, bizim də öz təhlükəsizliyimiz üçün öz ərazimizdə bunları etməyimiz normaldır və bu, bizim hüququmuzdur”.