Seçim şansı…

2376

Və yaxud əgər hamımız bir gəmidəyiksə, yalnız özümüzü düşünmək nə fayda verə bilər?!

1804-cü ildən üzü bəri, düz 216 ildir  rus-erməni hərbi birliyi üzərində ikinci böyük qələbə qazanmış, Vətən Müharibəsi dediyimiz,  üçüncü Qarabağ Savaşını (birinci qələbə 1920-ci illn martında olub,ikinci savaşı 1988-1994 uduzmişuq) udan Azərbaycan xalqının yaxşı yaşamaq haqqı vardır. Qələbəni tamamlamaq üçün düşməndən daha ağıllı, güclü, tədbirli və fərasətli olmağımız əsas şərtdir. Yaxşı yaşamaq isə, tək özündən tutmuş, ailəyə, millətə qədər yaxşı idarəçiliklə mümkündür. Qalib xalqı yaramaz saydığı rejimdə yaşatmaq mümkün deyil və olmayacaq da. Bu mənada,  biz  indikindən  daha yaxşı yaşamağa məhkumuq, – desək səhv etmərik.

Yaxşı saydığımız hədəfə doğru iki cür getmək olar: birincisi, yuxarıdan, öz  ağlınla, istəyinlə, sağlam düşüncəlilərin məsləhəti və dəstəyilə idarəçilikdə düzəlişlər etməklə, ikincisi, aşağıdan, böhranlarla, iğtişaşlarla, inqilablarla islahatlara  məcbur edilməklə. Nə qədər çətin, ağrılı olmasından asılı olmayaraq, birinci üsul, yəni islahatlar, düzəlişlər yolu daha az itkilərlə başa gəldiyindən, sərfəli, ikinci üsul, yəni dağıntılar, ölüm, itim, inqilabla sonuclana  bildiyindən  sərfəsizdir.

Avropa ikinci yolu 232 il qabaq, inqilablar, dağıntılarla, keçməyə başlayıb və artıq çoxdandır  keçib, dövri olaraq yaranan böhranlarını isə vaxtaşırı apardığı islahatlarla çözməkdədir. Avropada strateji düşünməklə tədbir görmə artıq institutlaşıb, ənənəyə çevrilib. Strateji düşüncəsi, baxışı olan toplumlar gələcəkdə yarana biləcək böhranları qabaqcadan hesablamaqla, gələcəkdə yaranacaq problemi bəri başdan həll etmış olurlar. İndi Avropa, bütün əyər-əskikliyinə baxmayaraq təqribən bu üstün aşamadadır. Görəcək, yəni təcrübə bunu göstərir. Təbii ki, birincini seçənlər  ağıllı, ikinciyə yol verənlərsə  ağılsız sayılır. Hər iki seçimə yaxın tariximizdə yetərincə nümunələr olduğundan, adbad sadalamağa ehtiyac duymuram, sadəcə son yüz iyirmi ildə inqilabla və inqilabsız yaşayan ölkələrin durumunu xatırlamaq yetər. Əlbəttə, hər kəs öz kefinin bəyidir, yəni seçim özünündür, ağlı kəsən yolu seçə bilər, mən yalnız qısaca toplumun sosial çalxalanma tarixini xatırlatdım.

Bildiyimiz kimi, qələbəmizi həzm edə bilməyən düşmənlər – erməni, rus, fars, avropalı və onların içimizdəki yanlıları – revanşa hazırlaşırlar. Məğlubiyyətlə barışmayan ermənilərin yenə də hökmən rusun və Avropanın qərəzli qüvvələrinin açıq, farslarınsa üzdə etiraf edilməyən gizli köməyi ilə öz güclərini bir də sınayacaqları şəksizdir. Odur ki, bizi xaricdən  müharibənin daha çətin davamı, daxildən isə 44 gündə yaranmış milli  birliyi pozmaq yönündə pozucu hərəkətlər gözləyir, buna hazır olmalıyıq.

Bu hazırlıqda qardaş Türkiyə başda olmaqla, dostlarımızı bir daha bəlirləməli, qüvvələrimizi ikiqat gücləndirməli və türksoylu xalqlarla, dövlətlərlə münasibətlərimizi yaxşılaşdırmaqla ən modern, yəni idarəçilikdə Avropa Birliyindən də üstün keyfiyyətli Turan Birliyini qurmalıyıq…

Revanş, razılaşmaya zidd olaraq 01.12.2020-ci il tarixədək,  erməni qoşunlarının ərazimizdən tam çıxarılmaması, minalanmış sahələrin xəritələrinin erməni tərəfindən bizə verilməməsi, atəşkəsdən sonra bizə qarşı terror aktlarının törədilməsi, rusların Qarabağda  qanunsuz erməni separatçı idarəçiliyini bəsləmələri, özlərinin hədlərini aşaraq yerli hakimiyyət orqanı kimi çıxış etməklə suverenliyimizin bir qismini mənimsəmələri, bölgəyə ağır hücum döyüş silahları yığmaqla hərbi baza qurma cəhdləri, bir sözlə götürdükləri öhdəliklərə ermənilərlə yanaşı əməl etməmələri ilə xaricdən yallandırılmaqla  düşmən əlinə işləyən “5-ci kolon” agentlərinin şəhid ailələrinə, qazilərimizə qarşı hər cür pislikləri – ağır şərtlər altında xidmət keçən əsgərlərimizin maaşını kəsməsi, təchizatını mənimsəməsilə ordumuzun zəiflədilməsi, xəzinənin saxta sənədlərlə oğurlanması, bizim vergilərimizdən formalaşan və dövlət əmlakı adlanan bizim əmlakın  müxtəlif adlarla, lazımsız yerə israf edilməsi, sabit maliyyə resurslarının xaricə daşınmaqla ölkədən çıxarılması, süni bahalaşma yaradılması, başqa sözlə ümumi gərginlik yaratmaqla –  hökumətin xalqa qarşı qoyulması, vətəndaşlarınsa hökumətə qarşı qiyama hazırlanması cəhdi artıq başlanmışdır.

Bütün bu təxribatların qarşısını yalnız milli birliyi qorumaqla almaq olar. Milli birlik isə bölücü “obşak bratvaları” ilə yox, əksinə onların idarəçilikdən uzaqlaşdırılması və  xalqın sağlam qüvvələrinin  öz ətrafında birləşdirilib işlək, güclü mexanizmə  çevirilməsilə qoruna bilər. Bu, həm də arzuladığımız  ictimai nəzarətin daha da canlanması demək olardı…

Milli birıik ən qiymətli sosial dəyərdir

Hökumət adından edilən  özbaşnalıqlar bizi birgə yaşadığımız  qürurlu qələbə sevincindən uzaqlaşdırdığı  qədər də, düşmənə xidmət edir. Bu neqativlərə qarşı təkbaşına mübarizə mümkün deyil. Odur ki, islahatçıların, yenilikçilərin toparlanıb, şəbəkələnməsi və iqtidardakı dövlətçi, sağlam qüvvələrlə birləşməsi gərəkdir. Bu qüvvələrin təşəbbüskarlığından, özfəaliyyətindən əsla qorxmaq lazım deyil, əksinə onlara bu imkanı yaratmaq lazımdır. Çünki bu, onların sadəcə xarakteri, özünüifadə, yaşam tərzidir.

Əgər dövlət başçısı istəsə bunu təşkil edə bilər və xalqla birlikdə özü də udar. Ancaq istəməsə və etməsə, ölkə istər-istəməz düşmənlərimizin içimizdə başsız qalan qaragüruhu körükləməsilə ikinci yola – qarşıdurmaya, inqilaba sürüklənə bilər. Qəbul etmək gərəkdir ki, bu gün hər cür qarışıqlıq – düşmənə köməkdir, ona görə də bütün problemlərin qanuna uyğun vicdanla çözməsinə çalışmaq lazımdır. Bu fikrimi qərəzçiliklə, hansısa sosial ədalətysizliyi müdafiə etmək kimi yozmaq lazım deyil. Sadəcə, problemləri vaxtında, partlamamış özümüz aradan qaldırmalıyıq.

Canımız, qanımız və malımız bahasına əldə edilən qələbəmizin sevincini başacan yaşamağa – öncə  rus-eməni-fars-avropalı işbirliyi, ardınca onların içimizdəki şəbəkələnmiş pozucu “5-ci kolon”u mane oldu və olmaqdadır. Azərbaycan DTX bunu bir an belə unutmamalı, vaxtında tədbirini görməlidir.

44 günlük müqəddəs savaş bir imtahan kimi içimizdə “kimin kim olmasını” – əsgərimizin fantastik şücaətindən, xalqın kütləvi coşqusundan tutmuş, ta Prezidentin gözlənilməz, qırımlı çıxışlarına, düşmən qarşısında dik duruşunadək, çox şeyi, o cümlədən onun gərəkməz davamı olaraq, köhnə, ətalətli qaydada  sürünməklə yaşamağın və inkişafın  mümkün olmamasını  ayarladı və  göstərdi.

Biz indi tənqidçilərimizin hansının haqlı və səmimi, hansınınsa  haqsız və qərəzli olmasını daha aydın  görə bilirik. Onu da görürük ki, sən demə, səmimi və haqlı tənqidçilərimiz  düşmənimiz yox, bizi ən çox istəyən dostlarımızmış… Demək, bundan sonra ayırıcıları yox, daha çox bizi birləşdirən amilləri, faktorları, kimsələri vurğulamalı və önə çəkməliyik.  Qərəzli və haqsız tənqidçilərimiz isə, gördüyümüz yaxşı işlərin fonunda çox aydın və cılız görünməklə layiqli qiymətini alacaq, yəni müdafiəsiz qalıb, toplumun içində əriməklə neytrallaşacaqdır. Demək, əsas yaxşı işləməkdir, qalanları təfərrüatdır, yəni sonrakı dərəcəli xırdalıqlardır. Pislik pisi doğurduğu kimi, bünövrə kimi qoyulan yaxşılıq da yaxşılıq doğuracaqdır.

Bu qələbəni aşağı, yuxarı hərə öz xidmətinə uyğun olmaqla hamımız göz dolusu yaşamağa haqlıyıq. Azərbaycan Ordusu xalqımızın hərbi sahədə görünən tərəfidir, onun yaradıcısı da, azadlıq yolunda qurban verən də ata, ana –  xalqdır. Ordusunu qalib edən ata, ana – xalq kimi ən yaxşı yaşamağa da haqqımız çatır.

Unutmayaq, generalsız əsgər çox uzağa gedə bilməsə də, ən azı özünü qoruya və zamanla içindən bir səngər generalı yetirə bilər, əsgərsiz  general isə, sadəcə olmur. Olmayansa, kimsəyə gərək olmur. Çox ibrətamiz bir deyim də var: – öz ordusunu yaxşı yedirtməyən xalq özgə ordunu daha yaxşı yedirtməyə məcbur edilər. Necə ki, 71 il bizə qənim kəsilən Sovet İşğal Ordusunu artıqlamasilə yedirtməli, İkinci Dünya (1939-1945) müharibəsində Sovet Ordusunun yanacağının 85%-ni təmin etməli olmuşduq…

(Ardı var)

Məmmədxan ƏZİZXANLI