“Sarkisyanın yeganə hədəfi həbsdən yayınmaqdır” 

591

Elçin Mirzəbəyli: “Qriqoryanın dedikləri sübuta yetirir ki, aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi razılaşdırılıb”

“Sarkisyan vədini yerinə yetirmədiyi, etimadı itirdiyi üçün ənənəvi müttəfiqləri onun hakimiyyətini qorumaqda maraqlı olmayıblar”

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Armnews” telekanalına verdiyi müsahibəsində ölkəsinin Qarabağda müharibənin əsas mərhələsində qisas qorxusundan “İskəndər” əməliyyat-taktiki komplekslərindən istifadə etmədiyini bildirib. Bu barədə publika.az-da yer alan informasiyaya görə, Sarkisyan qeyd edib ki, “İskəndər”dən müharibənin dördüncü və ya beşinci günündə Azərbaycanın Horadizə və digər ərazilərə çox sayda canlı qüvvə topladığı zaman istifadə olunmalı idi.

İskəndər”in bunun üçün nəzərdə tutulduğunu vurğulayan düşmən ölkənin sabiq prezidenti heç vaxt böyük siyasətdən getmədiyini də əlavə edib: “Son 30 ildə böyük siyasətdəyəm. Dövlət sistemindəki yüksək vəzifələrdə xidmətimi başa vurduğuma inanıram. Tamamlandı. Əlbəttə ki, çoxları 2015-ci ildə baş nazir olmayacağımla bağlı söylədiyimi deyəcək. Bu başqa bir söhbətin mövzusudur. Ancaq əlimdə olanları deyirəm və heç bir halda Ermənistanda lider mövqedə olmayacağam”. Jurnalistin İlham Əliyevin Azərbaycanın Serj Sarkisyan və Robert Koçaryanın ordusunu məhv etdiyi barədə bəyanatına münasibətini öyrəndiyi sabiq prezident Azərbaycanın ölkə başçısının “müəyyən mənada” haqlı olduğunu etiraf edib: “Əliyev müəyyən mənada haqlıdır. Bəli, Robert Koçaryan, mən və bir çox başqaları erməni ordusunun yaradılmasında böyük rol oynamışıq. Bəs, “kapitulyant” (Nikol Paşinyanı nəzərdə tutur-red.) hansı rol oynayıb? O, bir gün də orduda xidmət etməyib. Bu mənada Əliyev ola bilsin ki, haqlıdır”.

“Sarkisyan bu hadisədən öz vədini 2017-ci ilin aprelinədək təxirə salmaq üçün sui-istifadə edib” 

Bu arada, “Azadlıq” radiosunun erməni xidmətinin yaydığı məlumata görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, 2016-cı ildəki Aprel savaşı o zamankı Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi vədlər, o cümlədən onların reallaşma qrafikinin təqdimatından sonra Azərbaycanı qane etdiyi üçün dayandırılıb: “Aprel müharibəsi Ermənistan tərəfinin vədləri səbəbilə dayandırılıb. Yeri gəlmişkən, bu vədə həm də müəyyən vaxt cədvəli daxil idi və bu qrafikə yay ərzində əməl olunmalıydı”. O qeyd edib ki, bunun ardınca 2016-cı ilin yayında Ermənistanda məlum hadisələr baş verib. “Sasna tsrer” partiyası Yerevan polisinin qarnizonunu silahlı qiyamla ələ keçirib. Qriqoryanın sözlərinə görə, Serj Sarkisyan bu hadisədən öz vədini 2017-ci ilin aprelinədək təxirə salmaq üçün sui-istifadə edib. Bundan sonra isə proses hakimiyyət keçidi ilə bağlı təxirə salınıb: “İndi isə çoxsaylı vədlər vermiş və Ermənistan üçün belə böyük yük yaratmış bu adam postunu tərk edir, sonra isə gəlib bəyanat verir ki, “mən qol çəkməyə, filan addımları atmağa hazır idim”. Qeyd etməliyəm ki, onun verdiyi vədlərə, onun yaratdığı dalanlara görə biz sonradan ciddi problemlərlə üzləşdik”. Müxbirin “Serj Sarkisyan hansı vədləri verib” sualına cavab olaraq Ermənistanın Təhlükəsizlik Şurasının katibi deyib ki, bu suala Serj Sarkisyanın özü cavab verə bilər: “Amma o vaxt aprel müharibəsi dayandırıldı və bunun ardınca qrafik verildi. Bütün razılaşmalar bu qrafik əsasında həyata keçirilməliydi”.Qriqoryan əlavə edib ki, Azərbaycanın müharibəni dayandırması onun Sarkisyanın vədlərindən qane olduğunu göstərirdi.

“Sarkisyan “hə” və “yox” cavabının tələb olduğu suallara uzun-uzadı və nala-mıxa döyməklə cavab versə də, bütün hallarda onun sərsəmləmələrindən nə demək istədiyini müəyyənləşdirmək mümkündür” 

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi ekspert Elçin Mirzəbəyli hesab edir ki, Xocalı canisi Serj Sarkisyanın sözügedən müsahibəsində diqqətdən kənarda qalan bir məqam var: “Sarkisyanın Aprel döyüşləri ilə bağlı iddialarını Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təkzib edib və keçmiş prezidentin yalan danışdığını söyləyib. Armen Qriqoryan bildirib ki, aprel döyüşləri Serj Sarkisyanın Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı vədlərindən sonra dayandırılıb. Qeyd edim ki, Arm Newstv-yə müsahibəsində Serj Sarkisyan aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun boşaldılması ilə bağlı hər hansı razılaşmanın olmadığını, döyüşlərin guya Azərbaycanın “xahişi ilə”dayandırıldığını bildirib. Xocalı canisi Serj Sarkisyanın sözügedən müsahibəsində diqqətdən kənarda qalan bir məqam da var. Bu da Tovuz döyüşləri zamanı Ermənistanın Azərbaycanı müharibəyə təhrik etməsi ilə bağlıdır. Doğrudur, hətta erməni dilində də biabırçı özünüifadə “qabiliyyəti” olan Sarkisyan “hə” və “yox”cavabının tələb olduğu suallara uzun-uzadı və nala-mıxa döyməklə cavab versə də, bütün hallarda onun sərsəmləmələrindən nə demək istədiyini müəyyənləşdirmək mümkündür. Jurnalistin “Müharibəni Paşinyan hökuməti başladıb? Onlar təxribata çəkiblər?” suallarını Sarkisyan belə cavablandırır: “Bilirsiniz, iki böyük problem var. Əvvəla icazə verin o məsələyə qayıdım ki, nə üçün müttəfiqini aldatmaq olmaz… Əgər siz mövqe üstünlüyü əldə etdiyinizi səhnələşdirirsinizsə, sonra münaqişə müəyyən qədər böyüyürsə və siz çığıraraq bütün dünyaya deyirsiniz ki, azərbaycanlılar hücum edib, biz müdafiə olunmuşuq… Bunu deməzdən öncə anlamalısınız ki, Rusiya, ABŞ və Fransa kimi ölkələr provakasiyanın kimin tərəfindən başladığını artıq bilirlər”. Göründüyü kimi, Sarkisyan Azərbaycanı müharibəyə Ermənistanın təhrik etdiyini, Rusiya, ABŞ və Fransanın bunu bildiyini deyir. Düşünürəm ki, Sarkisyanın ona qarşı ünvanlanan ittihamlara cavab olaraq səsləndirdiyi bu fikirlər ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin 44 günlük müharibə dövründəki davranışlarına müəyyən qədər aydınlıq gətirir. Hərçənd ki, bu, Azərbaycan ictimaiyyətinə yeni heç nə demir”.

Siyasi ekspertin sözlərinə görə, Sarkisyan son bir həftə ərzində, öncə “Respublika meydanı”nda etiraz aksiyası keçirən gənclərin “təşviqat çadırı”na gedir, onlarla söhbət edib şəkil çəkdirir, dəstəyini bildirir, sonra müsahibəsində Paşinyan hakimiyyətini “yıxıb sürüyür”və sonda bəyan edir ki, onun hakimiyyət iddiası yoxdur: “O zaman sual olunur, bütün bunlar nə üçün idi? Zənnimcə, Sarkisyanın indiki şəraitdə yeganə hədəfi məsuliyyətdən yayınmaq, həbs olunmamaqdır.Çünki Ermənistan prokurorluğunda açılan yeni cinayət işlərinin bir ucu Serj Sarkisyana, onun prezidentliyi dönəmində ordunun təchizatı, silah-sursat, hərbi texnikanın alınması ilə bağlı məqamlara gedib çıxır. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri isə sübuta yetirir ki, aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi razılaşdırılıb, hətta torpaqların boşaldılmasının qrafiki də hazırlanıb. Lakin Sarkisyan vədini yerinə yetirməyib, etimadını itirib və bu səbəbdən də ənənəvi müttəfiqləri onun hakimiyyətini qorumaqda maraqlı olmayıblar”.

Valeh TÜRKSOY