Salyan Rayon İcra və Probasiya şöbəsinin qaranlıq əməlləri…

1839

Cavabdehin adına əmlakın olub-olmamasına dair sorğuya aylar sonra cavab verilib; nəyin qarşılığında cavabdeh 1 il ödəmədən yayındırılıb?

Ağahüseyn Fərzəliyevin rəhbərlik etdiyi qurum “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfovu məlumatlandırmadan Ələsgər Mehdiyevin pensiyasından aylıq tutulmanın 50 faizdən 25 faizə endirilməsinə qərar verib

Ötən saylarımızın birində Məhdud Məsuliyyətli “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına, o cümlədən ədliyyə naziri Fikrət Məmmədova ünvanlanmış şikayət məktubunu diqqətinizə çatdırmışdıq. Sözügedən məktubda qeyd olunur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-160 6/2016 saylı 5 iyul 2016-cı il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Ələsgər Əvəzağa oğlu Mehdiyev tərəfindən “Firavan” Kredit İttifaqına 20 min manat vəsaitin ödənilməsi bu günədək icra edilməyib. Təbii ki, bu da öz növbəsində, məhkəmə qərarına hörmətsizlikdən başqa bir şey deyil.

Məlumat üçün bildirək ki, Faiq Nəcəfov üzləşdiyi problemin həlli, daha dəqiq desək, Salyan Rayon İcra və Probasiya şöbəsinin üzərinə düşən vəzifəni icra etməsi məqsədiylə bir neçə dəfə Ədliyyə Nazirliyinin “qaynar xətt”inə şikayət edib, o zaman nazirliyin İcra Baş İdarəsinin rəhbəri vəzifəsində çalışmış Nurəddin Mustafayevin qəbulunda olub. Lakin bu da heç bir nəticə verməyib. Belə ki, “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədrinin dediyinə görə, onun bütün müraciətləri Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevlə əlbir olan Şirvan Regional Ədliyyə İdarəsinin rəisi, bələdiyyələrin qənimi kimi ad qazanan Nizami Hüseynova yönəldilib: “Şablon cümlələrlə cavablar göndərərək, guya hesabıma 243 manat ödənildiyi və borclunun 500 manat cərimələndiyini bildirmişlər. Gülməli isə odur ki, gah yazırlar hesabıma pul köçürdüblər, gah da yazırlar ki, hesab təqdim etməmişəm”.

Onu da qeyd edək ki, 02.11.2020-ci il tarixdə Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi Ağahüseyn Fərzəliyevə və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova rəsmi qaydada müraciət edən Faiq Nəcəfovun vəkilinə və “Firavan” Kredit İttifaqının nümayəndəsinə işlə tanış olmağa imkan verilməyib, hər dəfə müxtəlif bəhanələrlə süni əngəl yaradılıb. Bundan başqa, cavabdeh Ələsgər Mehdiyevdən məhkəmə qərarı ilə tutulmuş vəsaitlərin məbləği haqqında aylar üzrə məlumatların verilməsi, tutulmuş vəsaitlərin məktubda əlavə olunmuş hesablaşma hesabına köçürülməsi də təmin edilməyib. “Gah deyiblər ki, icraçı burda yoxdur, gah deyirlər xəstədir, işə çıxmır və s. Burdan rayona gedən vəkil orda günlərlə, həftələrlə gözləyə bilməz, axı. Əgər icraçı yoxdursa, sonra rəsmi məktubla göndərsin, sorğulara cavab versin” deyən “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədrinin sözlərinə görə, Salyan Rayon İcra və Probasiya şöbəsi indiyə qədər hesabla bağlı onlara rəsmi qaydada müraciət etməyib, hər hansı məlumat verməyib: “Bununla bağlı Ədliyyə Nazirliyinin kuratoru Günel Hacıyeva ilə danışmışam. O dedi ki, siz “Firavan” Kredit İttifaqında qanuni təmsilçi olduğunuzu təsdiqləyən reyestri göndərin və biz də onun əsasında ödənişi təmin edəcəyik. Lakin bundan sonra “bu gün ödəyəcəyik”, “tapşırmışam, həftənin axırına qədər ödəyəcəyik” və bu kimi digər bahənələrlə qarşılaşdım. Bundan sonra Salyan Rayon İcra və Probasiya şöbəsində Vüqar adlı icraçı ilə danışmışam. O deyib ki, reyestri göndər, mən onu Maliyyə İdarəsinə göndərim. Çünki Maliyyə İdarəsi deyir ki, onsuz pulu buraxa bilmərik. Maliyyə İdarəsinin müdiri Samir müəllimlə, onun müavini Şərif müəllimlə də danışmışam. Onlar deyiblər ki, heç bir problem yoxdur, əgər siz qanuni təmsilçisinizsə, pulu hesabınıza köçürə bilərik. Eyni sözü, Ədliyyə Nazirliyinin kuratoru da təsdiqləyib. Bundan başqa, onu da bildirim ki, 4 il öncə də Salyan Rayon İcra və Probasiya şöbəsinə şəxsi hesabımı vermişdim. Onlar isə rəsmi məktub yazıblar ki, hesabınıza 243 manat pul köçürtmüşük. Ağahüseyn Fərzəliyev isə deyir ki, heç bir əsas olmadan müəssisəyə çatacaq pulu mənim hesabıma köçürə bilməzlər. Bu halda, nədən o zaman məktub göndərərək, hesabıma 243 manatın köçürüldüyünü bildirirdilər? Bu günə qədər məndən “Firavan” Kredit İttifaqının hesabını istəyən olmayıb“. Əslində, heç buna ehtiyac da yoxdur. Çünki müvafiq qanunvericiliyə görə, rəsmi qaydada fəaliyyətini dayandırmış “Firavan” Kredit İttifaqının bütün əmlakı onun qanuni təmsilçisinə, yəni Faiq Nəcəfova aiddir.

Bu yerdə bir məqamı da vurğulamaq lazımdır ki, Salyan Rayon İcra və Probasiya şöbəsi heç bir tutarlı səbəb göstərmədən, eləcə də bu barədə iddiaçını – “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfovu məlumatlandırmadan cavabdeh Ələsgər Mehdiyevin pensiyasından aylıq tutulmanın 50 faizdən 25 faizə endirilməsinə qərar verib. Hələ bu da azmış kimi, cavabdeh 1 il ödəmədən yayındırılıb. Halbuki, bunun üçün heç bir əsas olmayıb. Odur ki, bütün bunları nəzərə alaraq, “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədrinin müraciətində adıçəkilən Salyan Rayon İcra və Probasiya şöbəsində çalışan Vüqar adlı icraçı ilə əlaqə saxlayıb, ona bir neçə sual ünvanlamaqla məsələyə aydınlıq gətirməyə çalışdıq.

Beləliklə, “5 iyul 2016-cı il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Ələsgər Əvəzağa oğlu Mehdiyev tərəfindən “Firavan” Kredit İttifaqına 20 min manat vəsaitin ödənilməsi nə zaman icraya yönəldilib?” sualını cavablandıran icraçı iş həmin dövrdə icraata daxil olan kimi icraya başlanıldığını qeyd edib. Halbuki, icraya yönəlmə “Firavan” Kredit İttifaqının şikayət etməsindən, yəni üzərindən 1 il keçdikdən sonra həyata keçirilib. Bu isə o deməkdir ki, cavabdeh Ələsgər Mehdiyev 1 il ödəmədən yayındırılıb. Bundan başqa, “borclunun özünün və həyat yoldaşının adına hansısa əmlakın olub-olmadığı müəyyənləşdirilib?” sualına cavab verən icraçı araşdırma zamanı heç bir əmlakın müəyyən olunmadığını bildirdi: “Yalnız pensiya alması faktı müəyyən olunub”.

Bundan sonra dialoqumuz bu formada davam edib:

– Vüqar bəy, cavabdehin əmlakına dair sorğunun bir nüsxəsini redaksiyamıza göndərə bilərsiniz? Çünki tələbkar iddia edir ki, onun, eyni zamanda vəkili və nümayəndəsinin işlə tanış olmasına şərait yaradılmır və heç bir sorğu göndərilməyib.

– Yox, istənilən şərait yaradılır. O, özü və yaxud da nümayəndəsi istənilən vaxt gəlib işlə tanış ola bilər. Burda heç bir problem yoxdur.

– Borclu Ələsgər Mehdiyev nə qədər pensiya alır və indiyə qədər onun pensiyasından nə qədər vəsait tutulub?

– Hal-hazırda onun pensiyasından təxminən, 10 minə yaxın vəsait tutulub. Sadəcə olaraq, depozit hesabında oturub, “Firavan” Kredit İttifaqının bank hesabı olmadığına görə, ona köçə bilmir.

– Nədən qeyd olunan məbləği “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfovun hesabına köçürmək mümkün deyil? Buna nə mane olur?

– Faiq Nəcəfov bizə özünün şəxsi hesabını göndərib. Lakin icra sənədində “Firavan” Kredit İttifaqı tələbkar kimi göstərilib. Ona görə də “Firavan” Kredit İttifaqının hesab nömrəsi olmalıdır ki, biz vəsaiti ora göndərə bilək. Yaxud da Faiq Nəcəfov məhkəmədən tələbkarın onun olmasına dair sənəd təqdim etsə, o zaman vəsaiti həmin hesaba kömürə bilərik.

– “Firavan” Kredit İttifaqına Şirvan Regional İdarədən 22.06.2017-ci il tarixdə №1930/t-1 saylı məktubla, borclunun pensiyasından 40 faizi tutularaq, 243 manat pulun köçürüldüyü bildirilib. Bəs, o hansı hesabdır və bu halda o hesaba 243 manatı necə köçürmüsünüz?

– Həmin məbləğ hesaba köçürülməyib, o pul depozitə oturub. Hesab mövcud olmadığı üçün geri qayıdıb və depozitə oturub. Hazırda da depozitdədir və cavabdehin pensiyasından tutulma davam edir.

– 21.06.2017-ci il tarixdə İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin imzası ilə “Firavan” Kredit İttifaqının şikayətinə cavab olaraq bildirib ki, borclunun pensiyasından hər ay 50 faiz tutulması üçün borclunun iş yerinə müraciət olunub. O zaman nə zaman və hansı əsasla aylıq tutulmanı 50 faizdən 25 faizə endirmisiniz?

– Bu, borclunun özünün ərizəsi əsasında baş verib. O, xəstəliyinin, həmçinin dolanışığının olmamasının nəzərə alınmasını xahiş edib. Ona görə də aylıq tutulma 25 faizə azaldılmışdı. Lakin sonradan qaldırılıb 30 faiz olub. Yəni hazırda 30 faiz tutulma gedir.

– Vüqar bəy, “Firavan” Kredit İttifaqının İdarə Heyətinin sədri Faiq Nəcəfov 02.11.2020-ci il tarixdə Salyan Rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada müraciət etsə də, üzərindən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, indiyədək cavab verməmisiniz. Bunun səbəbi nədir?

– Onu dəqiq deyə bilmərəm. Araşdırarıq, görək nə məsələdir. Ancaq özüylə şəxsən danışılıb və bütün lazımı məlumatlar verilib.

– Ədliyyə Nazirliyinin Salyan rayonu üzrə kuratoru Günel Hacıyeva sizə yenidən hesabı göndərərək, təcili maliyyə idarəsinə göndərməyi tapşırıb?

– Yox, konkret tapşırıq verilməyib ki, həmin hesaba pul oturulsun. Orda göstərilir ki, qanunauyğun müvafiq qaydada tədbir görülsün. Əgər “Firavan” Kredit İttifaqının hesabı olsa, hazırda depozitdə olan vəsaitin həmin hesaba köçürülməsində heç bir problem olmaz.

– Siz hesabı maliyyə idarəsinə göndərmisiniz? Çünki maliyyə idarəsinin rəis müavini Şərif müəllim dəfələrlə bildirib ki, hesabı göndərin ödəyək. Maraqlıdır, niyə göndərmirsiniz?

– Bir dəfə icra sənədləri maliyyə idarəsinə göndərilib. İcra sənədində tələbkar kimi “Firavan” Kredit İttifaqı ola-ola hesab nömrəsi fiziki şəxsin adına açılıb. Ona görə deyiblər, müəyyənləşdirilsin ki, bu nə məsələdir. Bu səbəbdən də pul köçürülməsi dayanıb.

– Borcludan aylaq üzrə nə qədər vəsaitin tutulması haqda məlumat verə bilərsiniz?

– Hazırda dəqiq məbləğ deyə bilmərəm.

– Nə zaman zəng etsək dəqiq deyə bilərsiniz?

– Ancaq həftəsonu, yaxud da gələn həftənin bazarertəsinə qədər dəqiqləşdirərik.

Nəzərinizə çatdıraq ki, qeyd olunan vaxt, yəni yanvarın 18-də Salyan Rayon İcra və Probasiya şöbəsinin icraçı ilə əlaqə saxlamağa çalışsaq da, Vüqar bəy zənglərimizə cavab vermədi. Görünür, ya son sualımızın cavabı hələ də hazır deyil, ya ümumiyyətlə, veriləcək cavab yoxdur. Bu isə öz növbəsində, Salyan Rayon İcra və Probasiya şöbəsinin qeyd olunan işi obyektiv şəkildə icra etdiyini ciddi şübhə altına alır. Ağahüseyn Fərzəliyevin rəhbərlik etdiyi qurumun obyektivliyinə kölgə salan digər məqam isə cavabdeh Ələsgər Mehdiyev və həyat yoldaşının adına əmlakın olub-olmamasına dair sorğunun, sənəd icaraya daxil olduqdan dərhal sonra deyil, xeyli müddət sonra göndərilməsidir. Görünür, burada məqsəd cavabdehin və ya həyat yoldaşının əmlakı adından çıxarmasına yardım etmək olub. Əgər həqiqətən də bu, belədirsə, deməli, tərəflər – cavabdehlə Salyan Rayon İcra və Probasiya şöbəsi arasında nəyinsə qarşılığında “anlaşma” əldə olunub. Ümid edirik ki, bu yazıdan sonra Ədliyyə Nazirliyi məsələni nəzarətə götürəcək və yaranmış problemin aradan qaldırılmasında yardımçı olacaq.

“Hürriyyət”in Araşdırma Qrupu