Şərqi Zəngəzurdakı “Ağıllı kənd”, ağılsız Arayikin arxayınçılığı, Baxşiyanın sərsəm baxışı

81

Rusiya öz hərbçilərini Qarabağda sülhü bərqərar etmək üçünmü göndərib, yoxsa…

Prezidentin və ailə üzvlərinin Şərqi Zəngəzura səfərini yəqin bizim kimi, dağın o üzündə, Qərbi Zəngəzurda yaşayan ermənilər də sonadək izləyib. Dövlət başçımızın bu sözlərindən sonra şübhə etmirəm ki, yuxuları qaçıb. Sitat: “Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır”.

İllər öncə Azərbaycandan səslənən xəbərdarlıqlara ironiya ilə yanaşırdılar, hətta ələ salmağa çalışırdılar. Amma 2018-ci ilin hərbi paradında səslənən “Vaxt gələcək Şuşada qaldırılan bayrağımız Azadlıq meydanındakı qələbə paradında dalğalanacaq”, bəyanatının çin olmasından sonra səksəkədədirlər. İndi Azərbaycan əsgərinin kölgəsindən belə qorxurlar, şivən dalınca şivən salırlar…

Ordumuz Ağdərə istiqamətində yenidən irəlilədi – ÜÇ HƏDƏF

Budur, iki gündür ki, ermənilər Azərbaycan Ordusunun öz mövqeyini keçmiş Ağdərə rayonu istiqamətində irəli çəkdikləri haqda hay-küy salıblar. Özü də 370 metr! Bunların başı xarabdır, yoxsa özlərini tülkülüyəmi vurublar?! Azərbaycan dövləti Şərqi Zəngəzurda “Ağıllı kənd”in əsasını qoyub. Bu ərazidə bütün infrastruktur ağıllı olacaq, hətta İsrail mütəxəssislərinin İtaliyadan gətirilmiş camış cinslərinin bəslənməsinədək bütün nələr varsa… Amma “dünyanın ən qədim xalqı” olduqlarını iddia edən ermənilər hələ də ağıllanmaq istəmirlər. Belə ağılsız qonşu ilə birgəyaşayış nə dərəcədə mümkün olacaq, demək çətindir.

Bu gün yenə də hay-küy qoparıblar.  Ayk Baxşiyan adlı “rayon rəhbəri” varmış, həmin bu separatçı iddia edib ki, bir gün əvvəl Rusiya sülhməramlılarının işə qarışmasından sonra postunu geri çəkən Azərbaycan əsgərləri yenidən “onların kəndinə sarı” (?) yarım km irəliləyib və “Qarabağ hakimiyyəti” məsələ ilə məşğuldur. “Nor Kazançi” (Sırxəvənd) kəndinin Ruslan Arstamyan adlı başqa bir “vaxtsız banlayan xoruzun”dan da səs çıxıb, deyib ki, sülhməramlıların və “Qarabağ ordusu”nun iştirakı ilə danışıqlar gedir.

Qarabağdakı ermənilər başa düşmək istəmirlər ki, bu ərazilərdə ancaq bir bayraq dalğalana, bir hökumətin qanunları işləyə bilər: Azərbaycan Respublikasının! Başa düşmək istəmirlər ki, status cəhənnəmə gedib və özünü “hökumət” sayanlar İnterpol xətti ilə axtarışa verilib, Azərbaycan qanunları ilə mühakimə olunacaqlar. Onu da anlamırlar ki, Ağdərə rayonu 1992-ci ildə ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürülüb.

44 günlük döyüşlər və ondan sonrakı müddətdə gizlənməyə siçan deşiyi axtaranların üzə çıxması, üstəlik, Azərbaycan Ordusunu mövqeyini “irəli çəkməkdə” ittiham etməsi səbəbsiz deyil. Onları həvəsləndirənlər var. Co Baydenin “genosid” hədyanı da Ermənistandakı revanşistlər üçün bir stimul olub. Anlamazlar başa düşmürlər ki, okeanın o tayındakı qoca bunlara gün ağlayası deyil, onlar Azərbaycan və Türkiyə ilə normal münasibətlər çərçivəsində adam kimi yaşaya bilərlər. Qanmırlar ki, Baydenə erməni adında “maşa” lazımdır, lazım gələndə “köz”ü götürmək üçün, yəni bütün hallarda yanan… “yan”lar olacaq… Fransa Senatının rəhbəri də bir yandan soyumaqda olan münaqişə ocağını üfürüb getdi. Bədbəxt ermənilər yenə anlamadılar xeyrin harada olduğunu…

Rusiya sülhməramlıları Qarabağda: pis, yoxsa yaxşı?

Heç şübhəsiz bölgədə katalizator olaraq əsas rolu Rusiya sülhməramlıları oynayır. Elə bu sətirləri yazarkən xəbər yayıldı ki, Gürcüstan Rusiyanın Ermənistana göndərdiyi hərbi yük maşınlarını gömrükdə saxlayıb. Azərbaycan Rusiyadan “İskəndər-M” suallarına cavab gözləyir, erməni faşizminin orduya sahib olmasını təhlükə sayır, keçmiş həmsədrlər isə bir-birinin ardınca terrorçu dövlətə yardım əlini uzadır. Belə olan halda Qarabağın baş terrorçusu Araik Arutyunyanın meydan sulaması təəccüblü deyil. Erməni mediasına deyib ki, hələ oktyabrın əvvəllərində müharibənin nəticəsi ona aydın imiş. Azərbaycan və Türkiyəni günahlandıran bu alçaq “Gəncənin bombalanmasını mən əmr etdim” dediyinə görə dilindən asılmalıdır. Ancaq getdikcə dili açılır, özü də “ruscası”, Qarabağda rus dilini “ikinci rəsmi dil” elan edəndən, Moskvaya ayaq açandan sonra. Deyib ki, onların ən böyük səhvi 13 iyun 1992-ci ildə olub, ermənilər “Şaumyan”, Ağdərə, Hadrut, Xocavənd və Əsgəran kəndlərindən çıxarılandan sonra… Guya “50 mindən çox erməni” Qarabağı tərk edibmiş onda və onları burada yerləşdirsəydilər, indi əhalinin sayı 45 min yox, 200 min olardı. Əslində Qarabağda nə qədər erməni qaldığını özü etiraf edib, dilindən tələyə düşüb…

Arayik Harutyunyan - Wikiwand

Ancaq “artsax”ın Azərbaycan tərəfindən “işğal olunmuş” əraziləri azad etmək üçün “siyasi mübarizə” apardığını da deyib bu sərsəm. Qarabağ sülhməramlılarının komandanı Rustam Muradovla qucaqlaşandan dili uzanıb. Ona görə də onun himayədarı ilə danışmaq gərəkdir. Bugünlərdə Rusiya Müdafiə Nazirliyinin saytında “Dağlıq Qarabağın Şaumyan rayonunun Aknaberd yaşayış məntəqəsində humanitar-tibbi aksiya” keçirilməsi barədə məlumat yerləşdirilmişdi. Guya Rusiyada bilmirlərmi ki, Azərbaycanda Şaumyan rayonu yoxdur? Belə mövqedə olanların himayə etdikləri təbii ki, quduracaq. Deməli, “quduzluq əleyhinə vaksin”i gecikdirmək olmaz.

Təsadüfi deyil ki, son günlər ictimai-siyasi cameədə rus sülhməramlıları ilə bağlı etirazlar artır. Sadə azərbaycanlını bu sualın cavabı düşündürür: Rusiya öz hərbçilərini Qarabağda sülhü bərqərar etmək üçünmü göndərib, yoxsa Azərbaycana qarşı cinayətlər törətmiş cinayətkarları himayə etmək üçünmü? Belə olan təqdirdə sülhməramlıların 2025-ci ilədək bölgədə qalması mümkün olmayacaq.

Xankəndinin işğalından 28 il ötür » Qlobal.Az

10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən, Qarabağdakı silahlı birləşmələr ləğv edilməli, qanunsuz dəstələrin başında dayananlar neytrallaşdırılmalı idi. Ancaq biz nə görürük: erməni silahlıları Xankəndindəki yürüşdən keçirlər, nümayişkaranə şəkildə, Azərbaycan hərbçiləri ilə üzbəüz postlarda dayanırlar…

Sonda bir təklifim var: Qarabağın müxtəlif guşələrində, həmçinin Ağdamdakı Birgə Monitorinq Mərkəzində Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin Qarabağla bağlı prinsipial mövqelərini əks etdirən lövhələr asılmalıdır. Xüsusilə də Putinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” fikrini xatırlatmağa zərurət var. Səsgücləndiricilər vasitəsilə bu fikirlərin orijinalını da yaymaq, yaxud Azərbaycan, Türk, rus və erməni dillərində Xankəndinədək, qarşı postda dayanan rus, erməni əsgərlərinə eşitdirmək olar. Gün ərzində bir neçə dəfə dinləsinlər, bəlkə ağıllandılar. Ağıllı kənd-şəhər layihəsinin növbəti ünvanları yuxarı Qarabağ olacaq…

Elşad Paşasoy parlament seçkilərində iştirak edəcək Pravda.az

Elşad PAŞASOY,
“Yeni Müsavat”