Sərkisyandan Azərbaycana barışıq jesti – Bakı tövbə qapılarını açıq saxlayıb

30

Ermənistan özü düşdüyü bataqlıqdan yalnız özü çıxa bilər – xilas formulu; məğlub ölkənin prezidentindən SOS!: “Biz çoxvektorlu böhran içindəyik, minlərlə erməni Rusiyaya getmək və ya Amerika vizası almaq haqda düşünür…”

Ermənistan 10 noyabr və 11 yanvar üçtərəfli Moskva anlaşmalarının icrasını ləngitməklə ən böyük pisliyi özünə eləməkdədir. Çünki hazırda bu sənədlərdəki müddəaların həyata keçməsi ən çox onun özü üçün vajibdir. Prezident Armen Sərkisyanın son müsahibəsi bu qənaətə şəkk-şübhə saxlamır.

“Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, Sərkisyan ölkəsinin dərin böhran içində olduğunu etiraf edib, hazırkı vəziyyətin koronavirus pandemiyası və digər yan faktorlarla daha qəliz xarakter aldığını bildirib.

“Ermənistan iqtisadiyyatı dərin böhran keçirir. İqtisadi tənəzzüldən çıxmaq üçün dövlət aparatı, dövlət səmərəli işləməlidir, bu isə baş vermir. Ancaq bu adi tənəzzül də deyil. Biz çoxvektorlu bir böhranın içindəyik. Bu, həmçinin müharibə sonrakı vəziyyət və minlərlə gənc həyatın itkisi ilə əlaqəlidr”, – Sərkisyan vurğulayıb.

11 yanvar müqaviləsində Azərbaycan nə qazandı, Ermənistan nə itirdi? - ŞƏRH  | KONKRET

Onun sözlərinə görə, pandemiya səbəbindən səhiyyə sistemi də böhrana girib. “Koronavirusdan ölənlərin sayı müharibə zamanı ölənlərin sayına bərabərdir. Bu rəqəm artmağa davam edir. Böhran sosial sahədə də müşahidə olunur – xüsusən Qarabağdan olan qaçqınların fonunda. Həmçinin mənəvi-psixoloji böhran var. Bu gün minlərlə insan necə bilet alıb Rusiyaya getmək və ya Amerika vizası əldə eləmək barədə düşünür. Ölkədən mühacirət kritik həddə çata bilər”, – deyə Sərkisyan həyəcan təbili çalıb və onu da deyib ki, ölkə bütün bunlardan savayı xarici sərmayə problemi yaşayır: “Ona görə ki, çətin şərtlər altında olduğu üçün investorlar Ermənistana maraq göstərmir”.

*****

Əlbəttə ki, bunun əsas səbəbi Ermənistanın özü, daha doğrusu, onu uzun illər yanlış idarə edib blokada vəziyyətində saxlayan korrupsioner iqtidarlardadır. Əfsus ki, indiki hakimiyyət də bu yöndə hələ ki ciddi addımlar ata bilməyib. Nədən ki, qonşu Azərbaycan və Türkiyə ilə barışıq fikrini isterik şəkildə, süngü ucunda qarşılayan, sülhü yox, daim konflikti körükləyən, Bakı və Ankara ilə əməkdaşlığı az qala, “milli xəyanət” kimi təqdim edən radikal-revanşist qüvvələr, radikal-təxribatçı erməni mediası, barışmaz ictimai sektor və xaricdəki erməni diasporu buna hər vəchlə mane olur. Erməni xalqının yeganə doğru yola keçməsinə imkan vermirlər.

Hakimiyyətin içində də barışıq yolunun əleyhdarları az deyil. Bu xüsusda Armen Sərkisyanın “Azərbaycanla münasibətlərin bərpası mümkündürmü” sualına cavabı diqqət çəkir.

Armen Sərkisyan Azərbaycan üçün yeni mənbədir- "Ermənilər Dağlıq Qarabağa  gəlmə xalqdır, tarix boyu imperiyaların əlində alət olublar" • Faktinfo.az

Armen Sərkisyan

Cavab: “Nəzəri olaraq hansısa gün, yəqin ki, bəli (yəni barışıq mümkündür – red.) Amma nə vaxt? Bir neçə ildən sonra? Cavab verə bilmirəm. Bütün bunlar Ermənistan üçün çox ağrılıdır. Ancaq münasibətlərin normallaşması və ya hər hansı layihədən danışmazdan əvvəl həll edilməsi vacib olan çox ağrılı məsələlər var. Azərbaycanda erməni əsirləri var, Ermənistanda və ”Artsax”da azərbaycanlı əsir yoxdur. Bunlar ailələrdir, insanlardır… Ermənistanda bu, çox ağrılıdır. Buna beynəlxalq hüququn gözü ilə baxmaq düz deyil. Məncə, Azərbaycan bütün hərbi əsirləri müəyyən bir humanitar və insani münasibət göstərərək geri qaytarsaydı, bu anda çox doğru olardı”.

*****

Armen Sərkisyanın Bakıya minnətçi düşmək kimi görünən bu cür yazıq mövqeyi, bir az da barışıq jestinə oxşar reveransı haradasa anlaşılandır. Ancaq yetərli deyil. Onun xatırlatdığı “əsirlər məsələsi” ilə bağlı isə rəsmi Bakı dəfələrlə açıqlama verib. Onlar 10 noyabr üçtərəfli razılaşmasından sonra Ermənistanın Şirak bölgəsindən Azərbaycana diversiya törətmək üçün göndərilmiş və bir neçə hərbçimizi qətlə yetirmiş, mülki şəxslərimizi  yaralamış cinayətkarlardır. Lakin istisna edilmir ki, Ermənistanla münasibətlərin tam həcmdə bərpası fonunda, hansısa mərhələdə onlar Bakının növbəti xoş məram jesti kimi İrəvana qaytarılsın.

Ara, Ayvazyan, get təzədən gəl..!

Ara Ayvazyan 

Bütün hallarda diversantlar “problemi” səbəb yox, nəticədir. Səbəb isə Azərbaycanın ərazi bütövlüyünün hələ də İrəvan tərəfindən tanınmamasıdır. XİN rəhbəri Ara Ayvazyan kimilərin son bəyanatları isə göstərir ki, İrəvan “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqı” kimi köhnə, destriktiv və təxribatçı mövqeyindən tezliklə uzaqlaşmaq və ölkəmizə qarşı ərazi iddiasından əl çəkmək fikrində deyil. Demək, Bakı bu diversantları qaytarsa, yeniləri peyda olacaq, çünki səbəb yerində qalır.

Azərbaycan tərəfi məhz bunun bir daha baş verməməsi üçün Ermənistandan rəsmi zəmanət tələb edir ki, bu da ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz  tanımaqdan, mənasız “status” tələbləri və “artsax-martsax” oyunlarına son qoymaqdan, ərazimizə bir daha qanunsuz silahlı dəstələr göndərilməyəcəyi barədə ciddi qarantiyaların verilməsindən keçir. Yəni beynəlxalq hüquq normalarının və sağlam qonşuluq münasibətlərinin diktə elədiyi bir mövqe.

Ümumiyyətlə, Ermənistanın özünü, nəhayət, beynəlxalq hüquqa sayğılı bir dövlət kimi göstərməsinin zamanı çatıb. Əks halda, bu simvolik dövlətin də axırı olmayacaq və xəritədən silinəcək. Bu barədə artıq Rusiyadan da xəbərdarlıqlar gəlməkdədir. Bunun baş verməməsi üçün yeganə yol – Ermənistanın özünü məğlub ölkə kimi aparıb imzaladığı öhdəlikləri yerinə yetirməkdir, nəinki Bakı və Ankaraya şərt qoymağa davam eləmək…

*****

“Peskovun (Putinin mətbuat katibi – red.) Qarabağ müharibəsinin bitməsində Vladimir Putinin məxsusi rolu olmasını xatırlatması ilk növbədə Ermənistandakı siyasi qüvvələrə ünvanlanıb. Yəni bu, erməni revanşistlərinə siqnaldır ki, onlar intiqam hissləri üzərində oynamağa çalışmasınlar, hansısa yolla hakimiyyətə gələcəkləri təqdirdə vəziyyəti pozmağa ümidlənməsinlər, yeni müharibəyə başlamaq və ya 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində Ermənistanın öhdəliklərindən imtina haqda düşünməsinlər. Bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, Zəngəzur dəhlizinin reallaşması son dərəcə vacibdir, bunun sayəsində bütün region ölkələri inkişaf üçün yeni və güclü iqtisadi təkan ala biləcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tanınmış analitik İqor Korotçenko deyib.

Oxu.az - İqor Korotçenko: “Ermənistanı inandırmaq yox, məcbur etmək  lazımdır” - MÜSAHİBƏ

İqor Korotçenko

O, bunun Ermənistan üçün xüsusilə vacib olduğunu deyib: “Çünki bölgədəki bütün digər ölkələrin fonunda onun vəziyyəti iqtisadi fəlakət həddindədir. Öncə müharibə, daha sonra isə müxalifətin dağıdıcı hərəkətləri Ermənistanın inkişaf yoluna keçməsi əvəzinə, son aylar onu uçuruma daha çox yaxınlaşdırıb. İndi yalnız iqtisadi irəliləyiş, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq və əlaqələrin bərpası Ermənistanın durumunun yaxşılaşacağına ümid verəcək yeganə şansdır. Bu, sağlam praqmatizmdir. Rusiya da Ermənistana dotasiya vermək və onu bəsləmək istəmir. Moskva Ermənistanın özü-özünü yuvarlatdığı uçurumdan onun özünün çıxmasında maraqlıdır”.

Yolu bəlli. Bakı və Ankara barışıq və tövbə qapılarını, həmişəki kimi, açıq saxlayır…

Siyasət şöbəsi,
“Yeni Müsavat”