Şəmkirin icra başçısı Alimpaşa Məmmədov həbs olundu

60

Onun saxlanılmasından sonra sabiq vergilər naziri Fazil Məmmədov üçün də həbs təhlükəsi reallaşa bilər

Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. “Hürriyyət”in əldə etdiyi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla yanaşı, onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.

Mənbənin bildirdiyinə görə, saxlanılan şəxslər İcra Hakimiyyətinin inzibati binasında dindirilib.

Qeyd edək ki Alimpaşa Məmmədov 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonuna icra başçısı təyin edilib. Şəmkirə icra başçısı göndərilən Alimpaşa Məmmədovun bioqrafiyası da maraqlıdır. O, Vergilər Nazirliyində ən müxtəlif vəzifələrdə işləyib və keçmiş vergilər naziri, eyni zamanda qohumu Fazil Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb.

Aldığımız digər bir məlumata görə, Alimpaşa Məmmədovun saxlanılmasından sonra sabiq vergilər naziri Fazil Məmmədov üçün də həbs təhlükəsi reallaşıb. Fazil Məmmədovun digər yaxın adamlarının və Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun həbsi sabiq vergilər nazirliyi ilə bağlı yolun daraldığını göstərir.

QEYD: Mövzunu davam etdirəcəyik.

YƏHYA