Səhiyyə sahəsində ardıcıl həbslər

111

“Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin ardınca, daha bir həkim saxlanıldı

Xəbər verildiyi kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi srağagün gecə bir neçə xəstəxanda əməliyyat keçirərək, baş həkimləri saxlayıb. Saxlanılanlar arasında “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev də olub.

Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir: “Koronavirus pandemiyasının qlobal problem olaraq davam etdiyi hazırki dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çevik və sistemli tədbirlər nəticəsində əhalinin bu infeksiyanın törətdiyi fəsadlardan qorunması ən üst səviyyədə təmin olunmaqla, qısa zaman kəsiyində çoxsaylı ixtisaslaşmış səhiyyə ocaqları, laboratoriya və tibbi istehsal müəssisələri istifadəyə verilmiş, əksər dünya ölkələrindən fərqli olaraq müxtəlif növ effektiv vaksinasiya vasitələri idxal edilərək əhalinin vaksinasiya prosesinin uğurla tətbiqinə başlanılmış, habelə digər bu kimi insan sağlamlığının qorunmasına xidmət edən proqram xarakterli addımlar atılmışdır. Eyni zamanda, yoluxucu xəstəliyin geniş yayıldığı dövrdə yaranmış təbii narahatlıq və çaşqınlıqdan sui-istifadə edərək vətəndaşların haqlı narazılığına səbəb olan, bununla da dövlətin pandemiyaya qarşı geniş mübarizə siyasətinə kölgə salan bəzi vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə də rast gəlinir ki, bu cür neqativ hallara qarşı da prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri görülməkdədir.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

“İmran Ağayev Qulu Orucov və İmanlı Talehlə qabaqcadan əlbir olub…”

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən digər açıqlamada isə bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub, koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanan sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daha bir həkim saxlanıldı…

Dünən isə Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində almış, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat etmişdir.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir”.

Xatırladaq ki, “Yeni klinika” ötən il martın 28-də, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı isə avqustun 31-də istifadəyə verilib.

Hazırladı: KƏNAN