Şəhidlik zirvəsinə ucalan Abakar!

345

27 sentyabr 2020 –ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ Savaşında bütün hərbçilər rütbəsindən asılı olmayaraq birləşdilər, düşmənə qarşı fədakar mübarizə apardılar. Şanlı Ordumuzun yüzlərlə yüksək mayor, polkovnik-leytenantı, polkovnik, hətta generalları da-siravi əsgərlərlə birlikdə səngərdə, ön cəbhədə düşmənə qarşı vuruşub, onu diz çökdürdülər.

Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq təcrübəli zabit, ömrünün 24 ilini hərbiyə həsr etmiş, bu illər ərzində qüsursuz, nümunəvi xidmət etmiş, Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən “N” saylı hərbi hissəsinin hərbi-siyasi işlər üzrə komandir müavini – mayor Abakar Məhəmməd oğlu Hacıyev ölkəmizin hərb tarixində yeni tarix yazdı. Hətta Böyük Vətən Müharibəsində fərqli olaraq belə taktiki gediş etdi. Yüksək çinli zabitlər, müharibə başlayan gündən bizim fəxrimiz mayor Abakar Hacıyevin rəhbərliyi ilə hərbi hissənin zabit, gizir, xidmətdən əlavə hərbi xidmətini davam etdirən, çavuş heyəti, sıravi əsgərlər tabor heyəti ilə nüharibənin ilk günündən ön cəbhə xəttinə gəliblər və ölüm-dirim mübarizəyə başlayıblar…

Yaşadığı ömür yolunda hərbi qulluqçuluğu dövründə daima qartal kimi uca zirvələri dolaşan Azərbaycanın mərd oğlu, inadkar zabitimiz Abakar Hacıyev cəbhədə də qartal kimi azğın düşmənə qan udurdu. Hərbiçilərə, əsgərlərə ruh yüksəkliyi verərək son damla qanınadək döyüşdü… Döyüş əməliyyatlarını təşkil etməklə yanaşı, əlində silahla əsgərlərlə çiyin-çiyinə vuruşdu, onları tək qoymadı mayor-“zampalit” Abakar Məhəmməd oğlu Hacıyev Və, Vətənimizin bütövlüyü uğrunda…

Qeyd edək ki, Abakar Hacıyev 1979-cu il aprel ayının 11-də Zaqatala rayonu Dardoqqaz kəndində Məhəmməd kişi ilə Pirdas ananın ailəsində dünyaya göz açıb. Bu ailədə 3 qardaş Abakar, Vüqar, Arif və 1 bacı Gülnar böyüyüb, boya-başa çatıblar. 2004-cü ildə dünyasını dəyişən Abakarın atası Məhəmməd kişi keçmiş “Bakı Fəhləsi” kolxozunda, kənddə baytar həkimi işləyib, yaxşı xidməti ilə el-obada böyük hörmət qazanan kişilərdən olub. Pirdas ana isə övladlarını halallıqla böyütmək üçün tütün əkib, barama yetişdirib və bağ-bağçaya qulluq edib, bar-bərəkət yetişdirib. Valideynləri hər övladını tərbiyəli, zəhmətsevər, nümunəvi və Vətənpərvər ruhda böyüdüblər. Həyat yoldaşı dünyasını dəyişəndən sonra ailənin yükünü çəkən Pirdas xanım övladlarını oxutdurub və oğlanlarını, övladlarını elimizin gözəl adət-ənənələri ilə evləndirib və qızını gəlin köçürüb. Artıq, Pirdas ana nəvələri ilə bütün dərd, kədərini unutmağa çalışır. Haqqında danışdığımız qəhrəmanımız ailənin böyük övladı, ailənin dayağı, möhkəm dirəyi və ağsaqqalı olub.

Təbiətcən sakit, mülayim, xoş xasiyyətli olan Abakar məktəb yaşlarından yüksək rütbəli hərbiçi olmaq arzusu ilə yaşayıb. O, əvvəlcə Sumaylı kənd məktəbiin 8-ci sinfini bitirdikdən sonra, 9-cu və 10 –cu sinfini isə Zaqatala şəhərindəki Şıxali Qurbanov adına 3 saylı orta məktəbində oxuyub. Bu məktəbləri əla qiymətlərlə bitirən Abakar Hacıyev Ali Hərbi Dənizçilik Məktəbinə olub.

“…Mən, bir ana kimi Abakar hərbçi olmağı bildirəndə tərəddüd etdim. Çünki o, çox sakit təbiətli, kimsənin xətrinə dəymək istəməyən, ancaq yaxşılıq etməyə çalışan, tarix-hərbi fənlərini böyük həvəslə ürəkdən öyrənirdi. Məktəb illərində tarixi qəhrəmanların həyatlarından dönə-dönə maraqlanırdı. O, rus imperiyasına qarşı 25 il mübarizə aparan İmam Şamilin hərəkatı barədə dəfələrlə kitablarını mütaliə etmişdi. Onun idealı İmam Şamilin güclü – qorxmaz sərkərdələrindən olan Hacı Murad idi. Lev Tolstoyun onun barəsində yazdığı “Qafqaz Qartalı” əsərini bir neçə dəfə oxumuşdu” –deyə oğlu şəhid olandan sonra qara libasını əynindən çıxartmayan Pirdas ana səbrlə, təmkinlə, mülayim səslə oğlunun keçdiyi ömür yolunu nəql etdi:

“Abakarın 11 yaşı olanda “20 Yanvar Faciəsi” baş vermiş, 13 yaşında “Xocalı soyqırımı” törədilmiş və Qarabağda erməni azğınlar Birinci Qarabağ Savaşına başlamışdı. Uşaq olmasına baxmayaraq bu yaşananlar barədə necə hisslər keçirdiyini çox yaxşı başa düşürdü. Torpa iddiasında olan xain qonşulara – erməni daşnaklarına qarşı necə nifrət olduğunu oxuyurdu. O, seçdiyi hərbi sənətinə çox ürəkdən bağlı idi, bu mürəkkəb sahənin çətinliklərinə baxmayaraq, daha da təkmilləşməyə, təcrübəsini artırmağa, hansı hərbi hissədə çalışsa da inadkarlığı, dürüstlüyü ilə hamıya nümunə olmağa çalışardı. Gənc kadrlara gözəl məsləhətlər verər, onlara hərbi-siyasi biliklərin öyrədilməsində böyük səy göstərərdi.

Azərbaycan Silahlı Qüvvələrində 24 ildən çox zabit kimi xidmət edən oğlum eyni zamanda nigaran görünürdü. Çünki Azərbaycanımızın ərazisinin bir hissəsi düşmən əsarəti altında olmasını qəbul etmirdi. Tezliklə müharibənin başlamasına həmin ərazilərin hərb gücü ilə qaytarılmasına əmin idi, bizim fəxrimiz – fədaimiz…”

Ailəsindən öyrəndik ki, Abakar Hacıyev Ali Hərbi Dənizçilik məktəbii müvəffəqiyyətlə bitirdikdən sonra leytenant kimi fəaliyyətinə Sumqayıt şəhər H. Z. Tağıyev adına qəsəbədəki Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində işə başlamışdır. Yüksək intellektual səviyyəyə malik, mədəni davranışı ilə seçilən, əsil hərbiçiyə xas keyfiyyətləri olan, daima öz üzərində çalışmış Abakar Hacıyev daha sonra hərbi qulluğunu əsasən cəbhə bölgələrində yerləşən hərbi hissələrdə yüksək səviyyədə komandir kimi davam etdirib. Onun hərbi xidmət yolu Beyləqan, Füzuli, Goranboy rayonlarındakı “N” saylı hərbi hissələrdən keçib və Azərbaycan Silahlı Qüvvələrinin ən etibarlı andına sadiq zabit kimi yetişib. Abakar eyni zamanda dəfələrlə müxtəlif xarici ölkələrdə hərbi biliklərin təcrübəsini artırmaqla yanaşı hərbi-siyasi, döyüşə hazırlıq təlimlərində fəal iştirak edib. O, hər hansı bir hərbi hissədə xidmət etsə də öz nümunəvi rəftarı, hərbi andına sadiqliyi ilə, komandanlığın, zabit və əsgər heyətinin, zabit və əsgər heyətinin böyük hörmətini qazanıb. Milli ordumuza neçə – neçə zabit yetişdirən, müxtəlif hərbi vəzifələrdə çalışan Abakar əlaçı, qüsursuz xidmətə, təcrübəli, yüksək çinli bir zabit kimi Müdafiə Nazirliyi tərəfindən dəfələrlə yubiley, qüsursuz xidmətə görə medallarla, fəxri fərmanlarla və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Azərbaycanımızın fəxri, qəhrəmanlar diyarı Zaqatalanın adını uca zirvələrə çıxartmış, daima qartal tək göylərdə bərq vuran, ağayanalığı ilə, nümunəvi tərbiyəsi ilə, hərbiçilərin – əsgərlərin sevimlisi olmuş – Abakar Hacıyev həm də ailəcanlı ailə başçısı olub.

07 sentyabr 2007 –ci il tarixdə rayonda tanınmış, ziyalı, böyük hörmət qazanmış Arzu xanımla ailə həyatı qurmuşdu. Bu mərd zabitin qəlbən sevdiyi Arzu Hacıyeva da ali təhsillidir. O, Bakı Slavyan Universitetinin filologiya fakültəsinin rus bölməsini əla qiymətlərlə bitirmişdir. Abakar həyat yoldaşına, ailəsinə çox bağlı, diqqətcil adam olub. Ərlə – arvad bir-birlərinə çox sadiq idi. Bu ailənin 3 övladı var. Böyük övladının oğlu Hacının – 12, qızı Elviranın – 10, son beşiyi Eldar isə 4 yaşındadır.

“Abakar 2017 –ci ildə Müdafiə Nazirliyinin sərəncamı ilə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini təyin edilib. Ürəyi Vətən eşqi ilə döyünən, daima işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi üçün narahatlıq keçirən, 2016 –cı ili aprel döyüşləri zamanı həyat yoldaşım Goranboy rayonunda yerləşən hərbi hissədə komandir müavini idi. O, da həmin döyüşlərin fəal iştirakçısı olsa da, bizə heç nə bildirməmişdir…” deyərək, sakitcə söhbətimizə qoşulan cəsur zabitimizin xanımı daha sonra əlavə etdi: “O, harda olursa, olsun daima bizimlə əlaqə saxlayır, bizim yaşayış tərzimizlə maraqlanar, uşaqların hal-əhvalını, təhsili barədə soruşardı. Bizim problemlərimizi həll etməyə çalışardı. Hərbi xidməti barədə ailəmizdə heç nə danışmazdı. O, hərbi sirləri möhkəm saxlayar, bu barədə heç nə söyləməzdi. Hərbi hisədə böyüklü – kiçikli zabitlər, sıravilərdə onun xətrini çox istəyirdilər. Hamı ilə necə davranmaq lazım olduğunu yaxşı bacarırdı. Abakarın hərbi xidmətini bitirməsinə bir ildən çox az vaxt qalmışdı. Təqaüdə çıxdıqdan sonra Ali Hərbi Məktəbdə müəllim işləməyi arzulayırdı. Qəfildən başlanan müharibə bütün arzularımızın üstündən xətt çəkdi. Üç övladını bizə əmanət qoydu, getdi… Ancaq bizə yaddan çıxmaz xoş xatirələr yaşatdı…”

Zabit şəhidimizin əzizlərinin onun barəsində söylədiklərini dinlədikcə sanki Abakarın keşməkeşli, mənalı, hərbçi həyatı kinolenti kimi gözümün önündən keçirdi. Bacısı Gülnarın qardaşı barədə dedikləri daha təsiredici idi. Təsəvvür edin ki, qardaş itkisi nə deməkdir, bacı üçün. O, hisslərini belə misralarla ifadə etdi:

Göz yaşların sel olarmış,

Bu dünya puçmuş, yalanmış.

Qardaş sənin gedişin,

Ölümdən betər olarmış.

Yandırdı bağrımı bu həsrət,

Dondurdu qəlbimi bu həsrət.

Sağalmaz bir yara içində,

Yıxdı varlığımı, əzdi bu həsrət.

O, başqa cür adam idi. Hamımızın qayğıına qalırdı, diqqət yetirirdi, dərdinə şərik olur, köməyini əsirgəmirdi. Atamız dünyanı dəyişəndən sonra, o, bizə həm qardaş, həm də ağsaqqalıq etdi. Anamızın sağ əli oldu, bizə dayaq oldu. Mən Avrasiya Akademiyasında təhsil alanda hər gün mənim vəziyyətimlə, necə oxumağımla maraqlanar hər bir problemini həll edərdi… Daima cəbhə bölgələrdəki hərbi hissələrdə xidmət etdiyi üçün onu gec-gec görürdük. Sonuncu dəfə 6 ay əvvəl görüşmüşdük. Heç inanmırdım ki, bu qardaşımla sonuncu görüş olacaqdı… Heyf, Abakardan, əvəz edilməz qardaşım…”

Qayınanası Fatimat Bulayeva: Abakar ayrı oğul idi. Onda, yüksək rütbəli zabitlərdə xarakterizə olan bütün müsbət dəyərləri vardı. Həm övladların müdrik bir atası, həm də Milli Ordumuzun beynəlxalq təcrübəli zabiti, komandiri kimi nadir insan idi. Onu oğlanlarımdan seçmirdim. Həmişə Vətən yanğısı ilə yaşayan Abakarımızın həyatı gələcək nəslə nümunə olacaq bir ömür yaşadı. O, döyüş meydanında hərbiçi yoldaşlarını tək qoymadı – Vətənimizin azadlığı yolunda o uca – şəhidlik zirvəsii fəth etdi. Bizim qəlblərimizdə isə tarixi iz qoyub getdi…”

Bəli, 27 sentyabr 2020 –ci il tarixində ermənilərin xaincəsinə təxribatından sonra başlanan Vətən Müharibəsində xidmət etdiyi – komandir müavini olduğu hərbi hissənin tam zabit və əsgər heyəti ilə – ön cəbhədə döyüşən Abakar Hacıyev mərdliyi, dönməzliyi ilə – qəhrəmanlığı dastanı yaratdı – adını qızıl hərflərlə hərb tarixinə yazdı. Azərbaycan Silahlı Qüvvələrinin əvəzedilməz zabiti – mayor Abakar Hacıyev İkinci Vətən Savaşında Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının azad edilməsində xüsusi şücaət göstərib. Döyüşçü yoldaşlarının bildirdiklərinə, qorxmaz, mərd zabitimiz düşmənlə ölüm-dirim mübarizəsi apararaq əsas uğurlu döyüş əməliyyatlarının təşkil edilməsində fəallıq göstərib.

24 il Azərbaycanımızın Silahlı Qüvvələrində qüsursuz xidmət və təqaüdə çıxmağa 1 il qalmış Hadrut uğrunda döyüşlərdə 28 oktyabr 2020 –ci il tarixində yaralı döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak olub.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda həlak olan Abakar Məhəmməd oğlu Hacıyevin hərbi rütbəsi mayor olsa da, o, polkovnik – leytenant rütbəsi səviyyəsində hissənin komandir müavini kimi qulluq göstərirdi. Ömrünün yarısını hərbi xidmətə həsr etmiş təcrübəli zabit müharibə başlananadək polkovnik-leytenant rütbəsi verilməli idi. Eyni zamanda Abakar Hacıyev hərbidəki əla xidmətlərə və müharibədəki igidliyə və şücaətə görə “Vətən Müharibəsinin Qəhrəmanı” fəxri adına təltif olunmalı idi. Çünki, o, buna layiqdir. Onunla hərbi hissədə xidmət edən və müharibədə onunla döyüşən hərbi qulluqçuların söylədiklərinə görə, şəhid zabitimizin çoxlu sayda yetirmələri bu savaşda həm şəhid, həm də qazi olaraq – qəhrəmanlıq nümunəsi göstəriblər.

Prezidentin sərəncamı ilə – elimizin fəxri, adı dillərdə dolaşan, gələcək nəslə nümunə olan Abakar Hacıyev göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 28.10.2020 –ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş zamanı həlak olan Abakar Hacıyev “Şəhid” və onun ailəsi “Şəhid ailəsi” statusu alıb.

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qeyd: Yaxşı olardı ki, Sumaylı kənd tam orta məktəbinin pedaqoji kollektivi şəhid zabit Abakar Məhəmməd oğlu Hacıyevin adının, onun ilkin təhsil aldığı həmin məktəbə verilməsinə təşəbbüs göstərərdilər.