“Rusiyaya nə dərəcədə etibar edə bilərik?“ – Ermənilər artıq Rusiyanı “qoruyucu mələk” hesab etmirlər

195

Ermənistanın “JAMnews” dərgisi “Bizi Türkiyədən yalnız Rusiya qoruya bilər – Ermənistanın yeni geosiyasi mifi” başlıqlı məqaləsində “Türkiyənin Ermənistana qarşı hərbi hücum təhlükəsi və Rusiyanın Ermənistan üçün yeganə “qoruyucu mələk” olması” fikrinin tarixən necə yarandığını və nə dərəcədə real olduğunu araşdırılıb.

Məqalədə bu mifin mənbəyinin daha dərin köklərə malik olduğu qeyd edilərək, onun üç əsas yayılma mənbəyi nəzərdən keçirilib: Türk, rus və erməni siyasəti.

Müəllif ermənilərin uydurma soyqırımı, 1993-cü ildə Türkiyənin Ermənistanla sərhədləri birtərəfli qaydada bağlaması, tarixi Azərbaycan torpaqlarının geri qaytarılmasını tələb etməsi, Suriya, İraq və digər qonşu dövlətlərlə münasibətləri kimi məsələləri özünəməxsus şəkildə şərh edərək, Türkiyənin Ermənistan üçün zaman-zaman necə qorxulu kabusa çevrildiyini göstərməyə çalışıb.

Türkoloq Anayit Vəziryan bu məsələ ilə bağlı “JAMnews” -a bildirib ki, Ermənistan üçün təhlükə heç də keçmişdə qalmayıb. Bununla yanaşı, türkoloqun fikrincə, Ərdoğanın son illərdəki siyasəti “türk qorxusunun” erməni cəmiyyətində möhkəmlənməsinə kömək etsə də, hərbi işğal ehtimalı əslində, çox azdır: “Çünki Azərbaycan təkbaşına mübarizə apara bilirsə, deməli Türkiyənin birbaşa iştirakına ehtiyac yoxdur.”

“Zamanla buradakı hər şey türkcə olarsa, Rusiya Ermənistanı kimdən qoruyacaq – türkləri türklərdən?! Nəticədə Rusiya bölgəni tərk edəcək, Ermənistan əsarət altına alınan ermənilərlə birlikdə Türkiyənin nəzarətinə keçəcək” – deyə, məqalənin müəllifi Ofelya Simonyan qeyd edib.

Simonyan rus mənbələrində Rusiyanın Ermənistanı qorumağa və bölgədə müharibənin qarşısını almağa qadir olan yeganə ölkə kimi təqdim olunduğunu qeyd edərək, buna bənzər fikirlərin Baş nazir Nikol Paşinyan və sabiq prezident Robert Köçəryan tərəfindən səsləndirildiyini də vurğulayıb: “Müharibədən əvvəl Rusiya Federasiyasının genişmiqyaslı qarşıdurmaya yol verməyəcəyi deyilirdisə, müharibədən sonra erməni analitiklər Ermənistanın artıq çox zəif olduğunu və şübhəsiz ki, yalnız sədaqətini sübut etdiyi təqdirdə, şimal qonşusundan müvafiq yardım ala biləcəyini vurğulayırlar.”

Məqalədə bu məsələ ilə bağlı siyasi şərhçilərin fərqli fikirləri də yer alıb. Şərqşünas alim, professor Aleksey Maslova görə, mövqeyinin zəif olmasına baxmayaraq, Ermənistan Rusiya ilə münasibətləri düzgün qurarsa, yəni bütün məsələlərdə aşkar şəkildə Rusiyapərəst mövqe tutarsa, ciddi dəstək ala bilər.

Siyasi müşahidəçi Akop Badalyanın fikrincə isə Rusiya Türkiyəyə Qafqaz məsələsində əsas tərəfdaşı kimi baxmaqda davam edir: “Nə də olsa, həqiqətən də, Rusiyanın türk təhdidinə qarşı müdafiə mexanizminin işləmədiyini gördük. Həm tarixi kontekstdə, həm də müharibədən sonra Türkiyə özünü Qafqazda möhkəmlədərək, əslində yeni sərhədləri göstərmiş oldu. Rusiya bizi yalnız türk iddialarından qoruya bilmədi, həm də bir daha Türkiyə ilə ənənəvi sövdələşmə yolunu tutdu.“

Akop Badalyana görə, Rusiya vacibdir, ancaq vacib olan təkcə o deyil: “Əlbəttə, Rusiya və Türkiyə Qafqaz uğrunda mübarizə aparır. Strateji mənada bir-birilərinin təsirlərini azaltmaq üçün çalışsalar da, eyni zamanda hər hansı üçüncü tərəfin meydana girməsinin qarşısını almaq məsələsində birləşirlər. Və bu, düşünməmiz üçün ciddi bir mövzudur: bu vəziyyətdə müdafiə sahəsində yalnız Rusiyaya nə dərəcədə etibar edə bilərik?“

“Həmçinin, siyasi müşahidəçi Pyotr Akopov 2020-ci ilin sentyabrında Rusiyanın Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibəyə yol verməyəcəyini yazmış və bir çox arqumentlər gətirmişdi. Ancaq həyat göstərdi ki, bütün bu bəyanatlar sadəcə, siyasi mifdir”- deyə, müəllif qeyd edib. \\AzPolitika.info