Rusiyanın qaz ümidi batdı: ““Şimal axını-2” ləğv oluna bilər” – “Qazprom”

348

“Şimal axını-2” layihəsi tamamilə dayana bilər.

Ovqat.com xəbər verir ki, bunu layihənin sifarişçisi “Qazprom” açıqlayıb.

“Qazprom”  Rusiyanın böyük ümidlər bağladığı qaz kəmərinin işinin dayandırılması perspektivini ABŞ prezidenti Tramp administrasiyasının sonuncu iş günündə “Şimal axını-2” boru kəmərini çəkən Fortuna gəmisinə tətbiq etdiyi sanksiya ilə əlaqələndirib. Açıqlamaya görə, Vaşinqton “Fortuna” borudöşəmə gəmisinə ağır sanksiyalar tətbiq edib və bu sanksiyalardan sonra şirkət tələb olunan sığortasını itirə bilər.

“Qazprom”-un bu məlumatını Almaniyanın “Bild” qəzeti də təsdiqləyib. Nəşrinin yazdığına görə, ölkənin “Bilfinger SE” konserni Amerikanın sanksiya təhdidi səbəbiylə “Şimal axını-2” layihəsində iştirakdan imtina etmək qərarına gəlib. “Bild” qəzeti şirkətin bu barədə artıq sərəncam imzaladığını bildirib.

Məlumata görə, “Şimal axını-2” layihəsinin operatoru olan “Bilfinger SE” bu barədə ABŞ-a da öz mövqeyini çatdıraraq bildirib ki, “müqavilələri yerinə yetirmək fikrində deyil”.

Bildirilir ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu gün mövzu ilə əlaqədar açıqlama verərək yeni prezident Co Baydenin dövründə “Amerikanın Əleyhdarlarına Qarşı Sanksiyalarla Mübarizə haqqında” Qanuna (CAATSA) əsasən, yeni antirusiya tədbirlərinin nəzərdən keçirilməsinin planlaşdırıldığını vurğulayıb.  Onun sözünə görə, sanksiyalar əsasən “Fortuna” borudöşəmə gəmisinə qarşı tətbiq ediləcək və cəza tədbiri olaraq gəminin sahibi olan şirkətin ixracı, bank və valyuta əməliyyatları qadağan ediləcək, aktivləri və əmlakı bloklanacaq. 

“ABŞ Rusiyanın bu layihəsinə qoşulanları məsuliyyətə cəlb etməkdən çəkinmir“,-deyə Dövlət Departamentinin rəhbəri bildirib.

Vaşinqton bəyanatının fonunda “Qazprom”un pessimist proqnozları investor arasında narahatlıq doğurub. Şirkət siyasi vəziyyətin kəskin dəyişməsi ilə “Şimal Axını-2″ layihəsinin icrasının dayandırılmasını və ya tamamilə ləğv olunmasını istisna etməyib. “Bəzi ölkələrin hakimiyyət orqanlarının dostanəlikdən uzaq hərəkətləri ciddi risklər yaradır və bu, Rusiya qazçılarının tərəfdaşlarının mövqeyinə təsir göstərir”,- şirkətin dərc etdiyi memorandumda qeyd olunur.

Əgər “Şimal axını-2” layihəsi tamamilə ləğv edilərsə artıq çəkilmiş qaz boru kəmərləri sökülməyəcək, gələcəkdə istifadə etmək üçün quruya çıxarılmayacaq”, – deyə konsaltinq şirkətinin partnyoru və analitiki Mixail Krutixin media açıqlamasında bildirib. Analitikin fikrincə, “boruları dənizin dibindən çıxarmağı heç kim düşünmür, çünki bu, həm baha, həm də səmərəsizdir”.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi çərçivəsində Rusiyadan Baltik dənizinin altı ilə Almaniyaya 2 boru xətti çəkilirdi. İşlərin 95%-dən çoxunun tamamlandığı layihənin həyata keçirilməsi üçün bir neçə ay qalmışdı. Rusiya bu kəmər milyardlarla dollar xərcləmişdi. Çəkilişinə 2011-ci ildən başlanılan kəmərlə ildə 55 milyard kubmetr həcmində təbii qaz nəqli nəzərdə tutulurdu. 1222 kilometr uzunluğu ilə “Şimal axını-2” dünyanın ən uzun sualtı boru kəməridir.