Rusiyanın növbəti məkrli planı…

147

“Moskva Mehri dəhlizinin açılması müqabilində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü şərt kimi irəli sürür”

Vüqar Bayramov: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi post-müharibə dövründə region üçün prioritet məsələlərdəndir”

Nazim Cəfərsoy: “Zəngəzur dəhlizinə dair prezident səviyyəsində “Ermənistan istəsə də, istəməsə də və lazım olsa zorla həll edəcəyik” deyiriksə, ortada regiona dair içində Türkiyə və Rusiyanın olduğu böyük razılaşma var”

Məhəmməd Əsədullazadə: “Azərbaycanın bundan sonra Rusiyadan silah almaması, o cümlədən Kremlin layihələrində yer almaması üçün əlində ciddi fakt və arqumentlər var”

Zaur Məmmədov: “Seçkiqabağı Ermənistandakı mənzərə ondan ibarətdir ki, hakim partiya üçün ən problemli bölgə elə Zəngəzur olacaq”

Bugünlərdə Azərbaycan Televiziyasına müsahibə verən ölkə başçısı İlham Əliyev bir sıra önəmli məsələlərə toxunub. Belə ki, “Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir” deyən prezidentin sözlərinə görə, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

“Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinə gəlib çatacaq”

Azərbaycanın planlarından danışan ölkə başçısı qeyd edib ki, Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır və bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq: “Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.

Ermənilər Nikol Paşinyanın Zəngəzura gizli səfərindən narahatdırlar

Bu arada, Zəngəzurdan söz düşmüşkən, onu da nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan adıçəkilən bölgəyə gizli səfər edib. Bu barədə virtualaz.org-da yer alan informasiyada deyilir ki, Paşinyanla yanaşı, ABŞ-ın Ermənistandakı səfiri də Sünikdə (Zəngəzur-red.) olub. “Nikol Paşinyan gözlənilmədən Sünikə gedib, gecə yarısı Qafana gələcək. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında görüş keçirməyə hazırlaşmasıdır. Maraqlıdır ki, “təsadüf” nəticəsində prezident Armen Sərkisyan da artıq bir neçə gündür Sünikdədir. ABŞ səfiri Linn Treysi Sünikə gəlib. O, Sisianın meri ilə görüşüb və müharibədən sonrakı dövrdə buradakı insanların durumu ilə maraqlanıb. Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır”, deyə məlumatda bildirilib. Həmçinin, Nikol Paşinyanın Zəngəzurun Qafan şəhərinə səfəri də etirazlarla qarşılanıb. Belə ki, baş nazirin əleyhdarları regional administrasiyanın binasına toplaşaraq “Nikol xaindir”, “Nikol torpaqları təslim edib” şüarları səsləndiriblər.

Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorqyan isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur barədə son bəyanatları Nikol Paşinyanın Zəngəzura doğru gizli səfəri fonunda dönməz prosesin başlanğıcıdır. Gevorqyan əlavə edib ki, söhbət milli suverenliyin itirilməsinin başlanğıcından gedir: “Axı suverenlik təkcə fiziki cəhətdən yox, Ermənistanın rəqiblərin aqressiv bəyanatlarına adekvat cavab vermədiyi zaman da tapdalana bilər. Əminəm ki, Ermənistan XİN-in dünənki bəyanatından sonra özümüzü daha əmin hiss etmədik, Sünik (Zəngəzur-red.) sakinlərinin həyatı isə daha təhlükəsiz olmadı”.

“Zəngəzur dəhlizi türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov hesab edir ki, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq: “İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımlar atılmağa başlanılıb. Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə Azərbaycan daxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz”.

Dörd mərhələli qayıdış planının ilkin mərhələləri üçün yol xəritəsinin detallarının bəlli olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, bundan sonra isə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq. CESD sədri onu da bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi post-müharibə dövründə region üçün prioritet məsələlərdəndir: “Bu, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı, həm də regionda davamlı sülhün formalaşması baxımdan vacibdir. Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

“Ölkə başçısının “İsgəndər” raketi üzərindən təkidli mesajlarını bu konteksdə Rusiyada prosesə dəstək olanlara manevr imkanı və Qafqazdakı əməkdaşlıq prosesinə mane olmaq istəyən dairələrə ismarıc kimi yozmaq olar”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə bu qənaətdədir ki, ortada regiona dair içində Türkiyə və Rusiyanın olduğu çox böyük bir razılaşma var: “Prezidentin AzTv-yə müsahibəsində Zəngəzurla bağlı mesajı müxtəlif cür təhlil edilə bilər. Ancaq Rusiyanın hərbi, iqtisadi və geosiyasi baxımdan nəzarətində olan Zəngəzur dəhlizinə dair prezident səviyyəsində “Ermənistan istəsə də, istəməsə də və lazım olsa zorla həll edəcəyik” deyiriksə, ortada regiona dair içində Türkiyə və Rusiyanın olduğu çox böyük bir razılaşma var. Yayğın deyimlə “Sorosun adamı” Paşinyan ilə “İngiltərənin adamı” Ermənistan prezidentinin də kommunikasiya barədə müsbət mesajlar verməsi də maraqlıdır. Anlaşılan Qafqazda maraq kompozisiyası yaranır”. QAFSAM-ın sədr müavininin fikrincə, ölkə başçısının “İsgəndər” raketi üzərindən təkidli mesajlarını da bu konteksdə Rusiyada prosesə dəstək olanlara manevr imkanı və Qafqazdakı əməkdaşlıq prosesinə mane olmaq istəyən dairələrə ismarıc kimi yozmaq olar: “Prezident “İsgəndər” mövzusunu bir addım irəli götürdü və Rusiyadan silah satışına qarışan ermənistanlı, rusiyalı ermənilərin adını çəkdi. Bir sonrakı mərhələdə bu işə qarışan Rusiya rəsmilərinin adını çəkməsini gözləyirəm. Bu açıqlamaların Qarabağda 9 may paradı ilə əlaqəsi də olmamış deyil. Bu silah satan rus dairələri ilə özünü müstəmləkə qubernatoru kimi aparan Rüstəm Muradov arasında birbaşa əlaqə çıxsa, bu, mənə sürpriz olmayacaq!”

“Rusiya Azərbaycanla strateji tərəfdaşlıq etmir və Qarabağda kiçik bir ərazidə sülhməramlı qüvvələrinin fəaliyyəti altında separatizmi dəstəkləyir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə iddia edir ki, Moskva Mehri dəhlizinin açılması müqabilində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü şərt kimi irəli sürür: “Prezident İlham Əliyev “İsgəndər-M” raketi ilə bağlı növbəti dəfə Rusiyaya mesaj verdi. Dövlət başçısının bu açıqlamasından aydın olur ki, iki ölkə arasına şimaldan soyuq küləklər əsir. Göründüyü kimi, Rusiya tərəfi konkret açıqlama verməkdən yayınır. Prezidentin bu çıxışı onun Rusiyanın ölkəmizə qarşı təzyiqləri fonunda geri çəkilməməsidir. Moskva məhz Mehri dəhlizinin açılması müqabilində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü şərt kimi irəli sürür. Ona görə də Mehri dəhlizi ilə bağlı müəyyən problemlər var. Rəsmi Bakı isə Moskvanın bu mövqeyinə qarşı çıxmaqdadır”.

Kremlin Bakı ilə Ankara arasında sıx siyasi-hərbi ittifaqın qurulmasına qarşı olduğunu deyən politoloq qeyd edib ki, məhz Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı regionda yeni siyasi nizam formalaşdırıb: “Bu da Moskvanı narahat edir. Odur ki, Rusiya müdafiə naziri “NATO Cənubi Qafqazda möhkəmlənir” mesajı ilə NATO ölkəsi olan Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığına eyham vurub. Qeyd edim ki, hazırda Azərbaycanın apardığı kurs ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və təhlükəsizliyinə ciddi töhfə verir. Moskva isə Bakı-Ankara əməkdaşlığını öz geopolitik layihələrinə təhlükə kimi görür. Bundan əlavə, Rusiya Azərbaycanla strateji tərəfdaşlıq etmir və Qarabağda kiçik bir ərazidə sülhməramlı qüvvələrinin fəaliyyəti altında separatizmi dəstəkləyir. Düşünürəm ki, Rusiya sülhməramlı qüvvələrinin 9 mayda parada hazırlaşdığı ərəfədə prezidentin “sülhməramlı qüvvələr Azərbaycanın razılığı ilə ordadır” açıqlaması Bakının buna etirazı idi”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Azərbaycanın bundan sonra Rusiyadan silah almaması, o cümlədən Kremlin layihələrində yer almaması üçün əlində ciddi fakt və arqumentlər var: “Azərbaycan Türkiyə ilə geosiyasi, geoiqtisadi bir yola çıxıb və buradan geri dönüş ölkəmizi zəif düşürə bilər. Hazırda olduğumuz platforma Rusiyaya “bizimlə strateji tərəfdaşlıq et və qarşılıqlı etimad siyasətini həyata keçir” mesajını verməyə imkan yaradır. Rusiyadan ölkəmizə qarşı təzyiqlərə gəldikdə isə onsuz da bu təzyiqlər var və bundan o tərəfə keçə bilməyəcək”.

“Paşinyan ciddi etirazla qarşılanıb, bu, o deməkdir ki, Nikolun bölgəyə səfəri haqqında Koçaryan komandasına əvvəlcədən məlumat sızdırılıb”

Nikol Paşinyanın Zəngəzur səfərinin pərdəarxası məqamlarına toxunan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bildirib ki, Ermənistanın hakim partiyası üçün ən problemli bölgə məhz Zəngəzur olacaq: “Paşinyanın bundan əvvəl digər regionlara səfərlərindən fərqli olaraq, Zəngəzura səfər ciddi şəkildə gizli saxlanılıb, hətta təhlükəsizlik qüvvələri bu barədə son anda məlumat alıblar. Yol polisinə isə səfərə yalnız yarım saat qalmış Paşinyanı müşayiət etmək göstərişi verilib. Məlumata görə, bölgədə Paşinyan ciddi etirazla qarşılanıb. Nikol heç bir şəhərdə maşından çıxaraq piyada gəzə bilməyib. Bu, o deməkdir ki, Nikolun bölgəyə səfəri haqqında Koçaryan komandasına əvvəlcədən məlumat sızdırılıb. Qeyd edilməlidir ki, Zəngəzurda icmaların bütün rəhbərləri əvvəllər açıq şəkildə Paşinyanın istefasını tələb ediblər. Bölgənin polis rəisləri isə bir neçə gün əvvəl vəzifələrindən kənarlaşdırılmışdılar. Yeri gəlmişkən, artıq bir neçə gün idi ki, Armen Sarkisyan Zəngəzurda səfərdə idi. Dünən (srağagün-red.) isə regiona ABŞ-ın İrəvandakı səfiri baş çəkmişdi. Beləliklə, seçkiqabağı Ermənistandakı mənzərə ondan ibarətdir ki, hakim partiya üçün ən problemli bölgə elə Zəngəzur olacaq”.

Vazeh BƏHRAMOĞLU