Rusiyalı politoloq: “Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”

300

“Azərbaycanın dinc əhalisinə qəsdən zərbə endirdiklərinə dair Serj Sarqsyanın bəyanatını bir növ hökm verilməsi kimi dəyərləndirirəm. Dinc əhaliyə qarşı müharibə aparmaq cinayətdir, odur ki, dünya birliyi buna biganə qalmamalıdır. Ən dəhşətlisi odur ki, Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”.

Hurriyyet.org bildirir ki, bu fikirləri “Report”a Yevgeni Mixaylov deyib.

Onun qənaətincə, Ermənistan dinc şəhərlərə hücumlara görə məsuliyyət daşımalıdır: “Ermənistan ordusu düzgün vuruşmağı, hərbi cəhətdən düzgün qərarlar verməyi bacarmır. Onların səriştəli mütəxəssisləri olmayıb. Yüksək hazırlıq səviyyəsinə malik Azərbaycan Ordusu isə bütün hücumları dəf etmək iqtidarına olub ki, qarşı tərəf bundan çox qorxurdu”.

Rusiyalı politoloq İkinci Qarabağ müharibəsinin yalnız Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xoş məramı sayəsində dayandırıldığını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bu günlərdə “Armnews”ə müsahibəsində Gəncənin dinc əhalisinə hücum etdiklərini təsdiqləyərək müharibənin son mərhələsində Şuşa istiqamətində “İsgəndər” raketi tətbiq etdiklərinə dair mötəbər məlumatlara malik olduğunu bildirmişdi.