Rusiya və Çexiya arasında diplomatik qovğa – “Hər ölkə səfirlikdə 32 əməkdaş saxlayacaq”

108

Çexiyanın Xarici işlər naziri Yakub Kulhanek aprelin 23-də bildirib ki, onun ölkəsi ilə Rusiya öz səfirliklərində eyni sayda əməkdaş saxlayacaqlar. Çexiya 2014-cü ildə silah deposundakı partlayışda Rusiyanın rolunu iddia edəndən sonra iki ölkənin münasibətləri pisləşib.

“Çex Respublikası və Rusiyanın səfirliklərinin hərəsində yeddi diplomat və 25 administrativ və texniki əməkdaş olmalıdır”, – Kulhanek “Blesk” qəzetinə müsahibəsində deyib. Nazir bir gün öncə demişdi ki, Rusiyaya Praqadakı səfirlikdə Moskvadakı Çexiya səfirliyindən artıq diplomat saxlamağa icazə verilməyəcək.

Aprelin 17-də Praqa Rusiya səfirliyinin 18 əməkdaşının casus olduğunu deyərək ölkədən çıxarıb. Bundan sonra Rusiya çex diplomatları qovub.

Çexiya 2014-cü ildə silah deposunda iki nəfərin ölümüylə nəticələnmiş partlayışa görə Rusiyanı ittiham edib. Praqanın bildirməsinə görə, 2018-ci ildə Britaniyada rusiyalı keçmiş casusun sinir qazıyla zəhərlənməsində ittiham olunan iki rusiyalı kəşfiyyatçının həmin partlayışda əli olub.

Rusiya isə Çexiyanın ittihamlarını rədd edib, aprelin 18-də Çexiya səfirliyinin 20 əməkdaşını qovub. Praqa səfirlik əməkdaşlarının işə qayıtması üçün Moskvaya aprelin 22-də günorta 12-dək vaxt vermişdi. Moskva isə ultimatumu “qəbuledilməz” adlandırdı.

“Praqadakı Rusiya səfirliyindəki diplomatların sayını Moskvadakı səfirliyin əməkdaşların sayına uyğun azaldacağıq”, – Kulhanek aprelin 22-də vaxt bitəndən sonra brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya mayın sonunadək səfirlik işçilərinin işə qayıtmasını təmin edə bilər.

“AzPolitika.info”