Rusiya-Ukrayna müharibəsi başlayır?

228

Ərəstun Oruclu: “Kremlin ehtimal edilən müharibədə başlıca hədəfi Kiyevi cəzalandırmaq və ikinci Qarabağ nümunəsinə imkan verməməkdir”

Elxan Şahinoğlu: “Ukraynaya real kömək edə biləcək tək ölkə ABŞ-dır, Fransa və Almaniyadan ciddi dəstək gözləmək yersizdir”

Rusiya ilə Ukrayna arasında gərginlik pik nöqtəyə çatmaq üzrədir. Məhz bu səbəbdən də tərəflərin hər an müharibəyə başlaya biləcəyinə dair təhlükəli siqnallar verilməkdədir. Ukraynanın hərbi texnikalarını Donbasın qəsəbələrində yerləşdirməsi, Ukrayna Dövlət Təhqiqatlar Bürosunun Müxalifət Platforması – Həyat üçün Partiyasının Siyasi Şurasının sədri, Rusiya prezidenti Vladimir Putinin qızının xaç atası Viktor Medvedçuk və həmin partiyadan olan deputat Taras Kozaka qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi açması bunun bariz sübutu kimi dəyərləndirilə bilər. Qeyd edək ki, Kiyevlə Moskva arasında münasibətlərin daha kəskin fazaya qədəm qoyduğunu deməyə əsas verən digər fakt isə Ukrayna prezidenti Vladimir Zelenskinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın “Rossotrudniçestvo” federal agentliyi, “Volqa-Dnepr” və digər müəssisələrə qarşı sanksiya qərarını təsdiqləməsidir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, federal agentlikdən əlavə, daha 11 rus şirkəti də sanksiyaya məruz qalıb.

Bu arada, Ukrayna prezidenti Donbasda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda aprelin 10-da Türkiyəyə səfər edəcək. Aprelin 4-də isə o, Türkiyənin mühüm müttəfiqlərindən biri hesab olunan Qətərə rəsmi səfər edib. Düzdür, hələlik Vladimir Zelenskinin Ankara səfərinin proqramı açıqlanmasa da, heç kimə sirr deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verir, Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq qurub. Bütün bunları nəzərə alaraq, güman etmək olar ki, Donbasda hərbi əməliyyatların, daha doğrusu Rusiya-Ukrayna müharibəsinin başlayıb-başlamaması Zelenskinin Türkiyə səfərinin nəticələrindən asılı olacaq.

“Kreml hadisələri önləməyə və Qərbin birləşməsinədək bütün zəruri məsələləri həll etməyə çalışır”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Ərəstun Oruclu da bu qənaətdədir ki, Rusiya ilə Ukrayna arasındakı gərginlik öz kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır və artıq Ukrayna rəsmiləri də müharibə təhlükəsinin real olduğunu açıq bəyan etməyə başlayıblar: “Digər tərəfdən, Rusiya Ukraynanı atəşkəsə təhlükə yaratmaqda ittiham edir. Əlbəttə, ərazisi işğal altında olan ölkənin rəhbərlərinin xalqa optimist bəyanatlar ünvanlaması təbii və zəruridir. Amma o da məlumdur ki, belə optimizmin arxasında onu reallaşdıra biləcək potensial, güc və digər amillər olmalıdır”.

Qərbin Rusiyaya münasibətdə yekdil olmadığını qeyd edən siyasi şərhçi hesab edir ki, bir tərəfdən Putinlə oyunbazlıq edən Makronla Merkelin, digər tərəfdən isə Rusiyaya yönəlik xarici siyasət doktrinası hələlik sərt ritorikadan və yumruq silkələməkdən ibarət olan Baydenin Ukraynaya hansı real dəstəyi verə biləcəkləri tam aydın deyil: “Görünür, elə bu səbəbdən də Kreml hadisələri önləməyə və Qərbin birləşməsinədək bütün zəruri məsələləri həll etməyə çalışır. Başqa sözlə, Rusiya-Ukrayna qarşıdurmasının güc müstəvisinə keçəcəyi halda ancaq Qərbə bel bağlamağın bədəli məğlubiyyət ola bilər. Kənar müşahidəçi gözüylə baxış bunu Moskvada Kiyevdəkindən daha yaxşı anladıqlarını deməyə əsas verir. Görünür, elə Moskva da buna əmin olduğundan hadisələri önləmək yolunu tutub. Əgər Moskva hərb yolunu tutubsa, o zaman Ukraynanın etibarlı və real müttəfiqlərinin kim ola biləcəyi sualı daha da aktuallaşır. Dediyim kimi, Kiyev bir dəfə Qərbə güvənməklə Krımı bütövlüklə, Donbasa isə faktiki nəzarəti itirdi”.

Bunun köklərinin Ukraynanın müstəqilliyinin ilk illərinə təsadüf etdiyini deyən Ərəstun Oruclu bildirib ki, SSRİ-nin dağılması ilə 1700 nüvə başlığına, 130 kontinentlərarası ballistik raketə və 33 strateji bombardmançı təyyarəyə malik olan Ukrayna dünyanın 3-cü nüvə gücünə çevrilmişdi: “Amma elə müstəqilliyinin ilk illərində, daha dəqiq desək, 1994-cü ildə bütün bu arsenaldan imtina edəndə Kiyev özünə bir növ ölüm hökmü vermiş oldu. Belə ki, 1994-cü il dekabrın 5-də ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayna tərəfindən imzalanan, ardınca da Fransa ilə Çinin də qoşulduğu “Təhlükəsizlik Təminatı üzrə Budapeşt Memorandumu” Ukraynanın həmin arsenaldan imtina etməsi qarşılığında onun təhlükəsiliyinə, ərazi bütövlüyünə və müstəqilliyinin qorunmasına təminat verməli idi. Verməli idi, daha doğrusu, həmin təminatla bağlı öhdəlikləri memorandumu imzalayan digər 5 aparıcı nüvə dövləti üzərinə götürürdü. Sonrası isə məlumdur, bu dövlətlərdən biri – Rusiya Ukrayanaya açıq təcavüz edərkən digər 4-ü buna qarşı heç bir effektiv tədbir görmədi. Bununla da həmin sənəd nəticə etibarilə “Ukraynanın Məhv Edilməsinə dair Memorandum” oldu. Halbuki, nüvə başlığı və raket arsenalının heç olmazsa bir hissəsini əlində saxlamaqla Kiyev öz təhlükəsizliyini özü və həm də daha etibarlı təmin edə bilərdi”.

“Ukrayna ordusunu müasir silahlarla və kəşfiyyatını müvafiq məlumatlarla təhciz etmək kifayətdir ki, Kiyev öz resursları hesabına ərazilərinə nəzarəti bərpa etsin”

“Bu gün dövlətçiliyi ciddi təhdid altında olan və parçalanma təhlükəsi ilə üz-üzə qalan Ukrayna “Budapeşt Memorandumunu” imzalamış ölkələrdən real dəstək görəcəkmi?” sualını cavablandıran siyasi şərhçinin fikrincə, söhbət təkcə hərbi və kəşfiyyat deyil, həm də siyasi və iqtisadi dəstəkdən gedir. O qeyd edib ki, belə bir dəstək Ukrayna üçün həyati əhəmiyyət kəsb edir, onun mövcud olub-olmayacağını müəyyənləşdirir: “Ona görə ki, Rusiya silahlı qüvvələrini təkcə Ukrayna ilə sərhəddə yığmır, həm də NATO ölkələrinin sərhədlərinə yaxın ərazilərdə qoşunlarının sayını artırmaqdadır ki, buna da “çəkindirmə taktikası” deyilir. Yəni, Rusiya Qərbi Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır. Ukrayna üçün təhlükənin real olması isə elə Rusiya rəsmilərinin bəyanatlarından açıq-aydın görünməkdədir. Həmin bəyanatlarda Moskva Kiyevi təhdid etməklə yanaşı, həm də var gücü ilə Rusiya-Ukrayna deyil, Donbass-Ukrayna konflikti haqda fikir yaratmağa çalışır. Yəni, mümkün eskolasiyada Rusiya yoxdur. Moskva daim Ukraynadakı konfliktin iştirakçısı kimi yalnız separatçıları göstərib, amma eyni zamanda onları açıq şəkildə dəstəklədiyini də gizlətməyib. Digər tərəfdən, bugünkü gərginliyin informasiya təminatını Kreml təbliğatçıları aylardır aktiv şəkildə həyata keçirməkdədilər. Amma Moskva rəsmilərinin hazırkı ritorikasında yeni çalarlar da var. Rusiya ABŞ-ın və ya digər NATO ölkələrinin Ukraynaya müdaxiləsinin yolverilməz olduğunu və bunu özü üçün təhlükə kimi qəbul edəcəyini bəyan edir. NATO və ABŞ da öz növbəsində, Rusiyanı Ukrayna ilə sərhəddə 4 minədək canlı qüvvə, hərbi texnika toplamaqda və sülhə, atəşkəsə təhlükə yaratmaqda ittiham edir. NATO həmçinin, Avropadakı silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. Bura ABŞ müdafiə nazirinin ukraynalı həmkarı ilə intensiv əlaqə saxladığını və Baydenin Zelenski ilə əhatəli telefon danışığını əlavə etdikdə vəziyyətin nə qədər gərgin olduğu aydınlaşır”.

Ərəstun Oruclu bu qənaətdədir ki, Rusiyanın ehtimal edilən müharibədə başlıca hədəfi Ukraynanı cəzalandırmaq və ikinci Qarabağ nümunəsinə imkan verməməkdir: “Əks halda Ukrayna öz ərazilərinə nəzarəti bərpa etsə ardınca prosesə Gürcüstan və Moldova da qoşula bilər. Odur ki, Moskva Donbas separatçılarını sonadək qorumaqda maraqlıdır. Donbasda məğlubiyyət Rusiya üçün fəlakətli nəticələrə səbəb ola bilər. Belə məğlubiyyət postsovet məkandakı müstəqil dövlətlərin əksəriyyətilə basqı yolu ilə davranan Rusiyanın nüfuzuna ağır zərbə vura bilər ki, bu da geosiyasi mübarizənin indiki həlledici mərhələsində ikinci dərəcəli oyunçuya çevrilmək demək olardı. Məğlubiyyət isə istisna deyil, çünki bu gün Ukraynanın istər hərbi, istərsə də daxili siyasi durumu 2014-cü ildəkindən xeyli fərqlidir. Bu gün Ukrayna ordusu daha mütəşəkkil, daha yaxşı silahlanmış və daha hazırlıqlı vəziyyətdədir. Digər tərəfdən, Qərb ölkələri, ən azı ABŞ Ukrayna qarşısındakı Budapeşt Memorandumundan irəli gələn öhdəliklərini daha yaxşı anlayır. Yeni geosiyasi mübarizə də bunu diqtə edir. Şübhəsiz ki, nə ayrıca ABŞ, nə də bütövlükdə NATO Rusiyaya qarşı açıq döyüşə gedən deyil. Əslində heç buna ehtiyac da yoxdur, Ukraynanın ordusunu müasir silahlarla və kəşfiyyatını müvafiq məlumatlarla təhciz etmək kifayət edər ki, Kiyev öz resursları hesabına ərazilərinə nəzarəti bərpa etsin. Bu da Rusiya üçün elə məğlubiyyət demək olacaq”.

“Ukrayna NATO üzvü olmadan və bu ölkədə ABŞ-ın hərbi bazaları yerləşdirilmədən Kiyev qonşusunun məkrli planlarından heç zaman qurtulmayacaq”

Rusiyanın Krım və Donbasla kifayətlənmək niyyətində olmadığını deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Kreml “Novorossiya” layihəsini yenidən işə salmaq istəyir: “Kreml sahibi tərəfindən 2014-cü ildən səsləndirilməyə başlanan bu plana görə, Ukrayna tən yarıya bölünməli, paytaxt Kiyevdən cənuba və şərqə doğru hissəsi Rusiyaya birləşdirilməlidir. Bəziləri deyə bilər ki, Kreml beynəlxalq aləmlə üz-üzə qalmamaq üçün belə bir risqə getməyəcək. Krımın ilhaqından əvvəl də belə düşüncələr var idi. Rusiyanın Ukraynanın Mariupol, Dnepr, Xarkov, Xerson, Nikolayev və Odessa kimi şəhərlərdə gözü var”.

Kremli yeni sanksiyaların çəkindirmədiyini qeyd edən politoloqun sözlərinə görə, Rusiyanın siyasi elitası “yeni torpaqlar” uğrunda mübarizəyə köklənib: “Rusiya hazırda Ukrayna ilə sərhəddə silahlı qüvvələrinin və ağır texnikasının sayını atırır. Rusiyanın müvafiq orqanları internet vasitəsilə ağır texnikanın sərhəddə daşınması kadrlarını qəsdən yaymaqla Ukraynaya və Qərbə əzələ nümayişi həyata keçirirlər. Bundan başqa, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Vaşinqtona bu sözlərlə müraciət edib: “Ukraynanın əsas gözləntilərindən biri Donbas və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır”. Kuleba Vaşinqtonun bu məsələni diqqətində saxlamalı olduğunu, Ukraynanın təhlükəsizliyinin həm Avropa, həm də Avro-Atlantik məkanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. Kulebanın sonrakı cümləsi də maraqlıdır: “Biz hələ də ABŞ rəhbərliyindən konkret və düzgün addımlar gözləyirik”. Bu cümlədə “hələ də” ondan xəbər verir ki, Kiyev Barak Obamanın prezidentliyi dövründə olduğu kimi, Co Baydenin də Rusiyanın növbəti işğal planına qarşı gecikəcəyindən narahatdır. O zaman gecikdilər, Krım işğal olundu, indi də geciksələr Ukraynanın yarısı gedəcək. Ukraynada bilirlər ki, onlara real kömək edə biləcək tək ölkə ABŞ-dır. Fransa və Almaniyadan ciddi dəstək gözləmək yersizdir. Çünki bu gün Berlini daha çox Rusiyadan alacaq qaz və mavi yanacağı çatdıracaq boru xəttinin tikintisinin tamamlanması maraqlandırır”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Ukraynanın Rusiyanın işğal planından qurtulma yolu bu ölkənin NATO üzvlüyünə qəbulundan keçir: “Ukrayna NATO üzvü olmadan və bu ölkədə ABŞ-ın hərbi bazaları yerləşdirilmədən Kiyev qonşusunun məkrli planlarından heç zaman qurtulmayacaq”.

Vazeh BƏHRAMOĞLU