“Rusiya Türkiyənin artan regional mövqeyini özünə təhdid hesab edir”

345

Məhəmməd Əsədullazadə: “Ankaranın son illərdə regional siyasətini Şərqə tərəf genişləndirməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya açılımı Kremli ciddi narahat edir”

“İdlibdə Rusiyanın hücumu və Türkiyə sərhədlərinə yaxın hərbi əməliyyatlar keçirməsi Ankaraya təzyiq mexanizmidir”

Şahin Cəfərli: “Rusiya-Türkiyə dövlətlərarası münasibətlərində ziddiyyətlər, toqquşan maraqlar var və bunları uzlaşdırmaq prezidentlər üçün asan olmur”

Bugünlərdə Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini bombalayıb. Belə ki, İdlibin Atarib şəhərindəki xəstəxana, Kah qəsəbəsi, Türkiyə sərhədindən üç km aralıdakı Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgələri və TIR parkı, Türkiyə sərhədindən iki kilometr aralıdakı qazdoldurma məntəqəsi Rusiya aviasiyası tərəfindən vurulub.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda isə deyilir ki, Rusiya hərbi təyyarələri Suriyanın İdlib əyalətinə hava zərbələri endirib, nəticədə bir dinc sakin həlak olub: “Rusiyanın Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Bab əl-Hava keçidi yaxınlığında endirdiyi zərbə nəticəsində dinc sakin həlak olub. Bab əl-Hava Suriyada BMT tərəfindən təsdiq olunmuş yeganə humanitar sərhəd keçid məntəqəsi olmaqla yanaşı, hər ay təxminən 2,4 milyon suriyalının humanitar yardım alması üçün ən effektiv vasitədir”. Qeyd edək ki, məhz bundan sonra Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Türkiyə tərəfinin Suriyada baş verən son hadisələrlə əlaqədar narahatlığı çatdırılıb.

“Ankaranın Qara dənizdə fəaliyyəti və Ukraynanı silahla təchiz etməsi Moskvanı Suriyada Türkiyəyə qarşı fəaliyyətə sövq edib”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin son illərdə regional siyasətini Şərqə tərəf genişləndirməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya açılımı Rusiyanı ciddi narahat edir: “Həmçinin, Ankaranın Qara dənizdə fəaliyyəti və Ukraynanı silahla təchiz etməsi Moskvanı Suriyada Türkiyəyə qarşı fəaliyyətə sövq edib. İdlibdə Rusiyanın hücumu və Türkiyə sərhədlərinə yaxın hərbi əməliyyatlar keçirməsi Ankaraya təzyiq mexanizmidir. Amma Türkiyənin Moskvanın bu təxribatının qarşısından geri çəkilməsi gözlənilmir. İki ölkə arasında artan siyasi, iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığa baxmayaraq, Moskva Türkiyənin artan regional mövqeyini özünə təhdid hesab edir. Turan ideyasının Moskvada yüksək səviyyədə dilə gətirilməsi məhz bununla əlaqəlidir. Rusiya Türkiyənin Türk dövlətlərindən ibarət hərbi blok qurmasından narahatdır”.

“Türkiyə İdlibdə Rusiyanın təxribatlarına qarşı Şimali Suriyada yenidən hərbi əməliyyatlar keçirib nəzarət etdiyi arealı genişləndirə bilər”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Türkiyə İdlibdə Rusiyanın bu təxribatlarına qarşı Şimali Suriyada yenidən hərbi əməliyyatlar keçirib nəzarət etdiyi arealı genişləndirə bilər: “Bu prosesdə ABŞ-ın Ankaranı dəstəkləməsi mümkündür. Rusiyanın İdlibdə Türkiyəyə qarşı təzyiq mexanizmi var. Amma Türkiyə də öz növbəsində, Rusiyaya Ukraynada, Cənubi Qafqazda, Liviyada və Mərkəzi Asiyada təsir etmək gücünə malikdir. Bundan sonra iki dövlət arasında münasibətlərin kəskin olacağı, lakin buna baxmayaraq, əməkdaşlığın davam edəcəyi gözlənilir. Ankara NATO və Qərbin Rusiyaya qarşı sanksiyalarından istifadə edib Moskvaya təzyiq etməsi mümkündür. Rusiya artıq regionda Türkiyənin maraqlarını tanımağa məcburdur. Çünki ABŞ və NATO-nun Moskvaya qarşı hərəkətə keçməsi Rusiyanın beynəlxalq müstəvidə mövqelərini zəiflədəcək. Bu da Türkiyəyə imkan verəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində siyasi, hərbi və iqtisadi imkanlarını artırsın. Qeyd edim ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda əldə edilən razılaşmaların yerinə yetirilməsini axıra qədər izləyəcəklərini qeyd edib. Çünki razılaşmaların yerinə yetirilməsi Türkiyənin regional maraqları çərçivəsindədir. Bu, Cənubi Qafqazda əldə edilən 10 noyabr 2020-ci il razılaşmasının yerinə yetirilməsi üçün Ərdoğanın Kremlə çağırışı idi. Ankara prosesləri diqqətlə izləyir və Suriya, Ukraynada iki ölkə arasında artan narazılığa baxmayaraq, Moskva Qarabağdakı razılaşmaya əməl etmək zorundadır. Çünki ortada Azərbaycan amili var və Ermənistanın baş naziri Nikol Paşinyan da bunda maraqlıdır. Odur ki, 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsində Ankara, Bakı və İrəvan ortaq maraqlara malikdir. Ona görə də Rusiya Türkiyə ilə arasındakı böhrana baxmayaraq, prosesi sabotaj edə bilməyəcək”.

“Rusiya dövləti içərisində Putinin Türkiyə ilə bağlı siyasətindən məmnun olmayan çevrələr mövcuddur”

Rusiyanın Suriyada aqressivləşdiyini vurğulayan siyasi şərhçi Şahin Cəfərli isə bu qənaətdədir ki, Rusiya-Türkiyə dövlətlərarası münasibətlərində ziddiyyətlər, toqquşan maraqlar var və bunları uzlaşdırmaq prezidentlər üçün asan olmur: “Ankaradan gələn isti mesajlara baxmayaraq, Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini şiddətli şəkildə bombalayıb. Türkiyə Müdafiə Nazirliyi isə bombardmanı Suriya hökumətinin həyata keçirdiyini bəyan edib. Ümumiyyətlə, Rusiya son həftələr Türkiyənin nəzarətindəki ərazilərdə resurs bazasını və infrastrukturu hədəf alıb. Neft saxlanan anbarlar və tankerlər, yük daşıyan TIR-lar davamlı şəkildə bombalanır. Rusiya tərəfi hər zaman təkrarlayır ki, yalnız terrorçuları və onların gəlir mənbələrini hədəf alır. Liderlər arasında qarşılıqlı simpatiya olsa da, Rusiya-Türkiyə dövlətlərarası münasibətlərində ziddiyyətlər, toqquşan maraqlar var və bunları uzlaşdırmaq prezidentlər üçün asan olmur. Başqa bir tərəfdən, belə görünür ki, Suriyadakı Rusiya komandanlığına vəziyyətlə bağlı yerində qərar qərar qəbul edib, dərhal icra etmək üçün səlahiyyət verilib və onlar öz addımlarında incə siyasi məqamları nəzərə almırlar. Bu da sirr deyil ki, Rusiya dövləti içərisində Putinin Türkiyə ilə bağlı siyasətindən məmnun olmayan çevrələr mövcuddur, Rusiya mediasını diqqətlə izləyəndə bunu sezmək olur”.

Vazeh BƏHRAMOĞLU