“Rusiya Qarabağda Azərbaycana qarşı separatizmi körükləyir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

273

“Bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq”

“Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan həm Ermənistan ordusunun, həm də“Artsax müdafiə ordusunun” gücləndirilməsi barədə açıqlama verib. Xüsusilə erməni müdafiə nazirinin Azərbaycan ərazisində “Artsax müdafiə ordusunun” yenidən gücləndirilməsi istiqamətində açıqlaması reallığı əks etdirir və Azərbaycan qəti addımlar atmalıdır”. Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Ermənistan tərəfinin bu məsələdən geri çəkilmədiyini vurğulayan politoloqun sözlərinə görə, “Artsax müdafiə ordusu” adında silahlı birləşmələr faktiki olaraq Azərbaycana qarşı növbəti hərbi əməliyyatlar üçün hazırlanır: “Azərbaycan iqtidarı Rusiyanın məsuliyyət zonasında ermənilərin separatçı fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görməlidir. Arayik Arutunyan, Vitali Balasanyan bu istiqmətdə ciddi fəaliyyət göstərirlər və birbaşa Kremlin planı ilə hərəkət edirlər. 10 noyabr atəşkəs Bəyannaməsində Rusiya tərəfi silahlı erməni birləşmələrinin çıxarılması üçün öhdəlik götürüb. Bu öhdəlik yerinə yetirilmir və Ermənistan müdafiə naziri burada silahlı erməni birləşmələrinin gücləndirilməsi istiqamətində açıqlamalar verərək, konkret fəaliyyətə keçirlər. Azərbaycan və Türkiyə Rusiyadan məlum Bəyannamənin 4-cü bəndinə əməl edilməsini tələb etməsə, biz silahlı erməni birləşmələrinin güclü şəkildə silahlanmasının şahidi olacağıq. Artıq de-fakto separtçılar “bayraqlarını” dalğalandırır və onlar Azərbaycanın suverenliyini qəbul etməyəcəklər”.

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, bu gedişlə azərbaycanlıların Xankəndi, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq: “Artıq Qarabağ separatçılarına ciddi təzyiqlər etmək lazımdır. Rusiyadan bu məsələnin həlli tələb edilməlidir. Regionda siyasi nizam Azərbaycanın leyhinə cavab verir. Və buradakı erməni separatçılar Rusiyanın dəstəyi ilə vəziyyəti gərginləşdirməklə istədikləri nəticəni əldə edə bilməyəcəklər. Azərbaycan Xocalı və ətraf əraziləri əməliyyat keçirməklə nəzarətə almalıdır. Çünki bu hərbi əməliyyatlar Azərbaycanın hüququdur. Bu gün Rusiya Qarabağda Azərbaycana qarşı separatizmi körükləyir və bu, 10 noyabr razılaşmasına ziddir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az