Rusiya Paşinyanı devirmək üçün ssenari hazırlayıb

465

Bu ssenarinin baş rol ifaçısı isə Putinin yaxın dostu hesab edilən Robert Koçaryandır

Zaur Məmmədov: “Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət ittifaqının bəzi üzvləri yeni hərəkat formalaşdırıblar”

İlqar Məmmədov: “Koçaryanı erməni xalqına sevdirəcək hadisələrin Ermənistanda baş verməsi ehtimalı sıfra bərabərdir, deməli, hadisələr Azərbaycanda baş verəcək”

Heç kimə sirr deyil ki, Rusiyanın nəzarətindəki “Qarabağ klanı“nın əsas simalarından biri olan Serj Sarkisyanı devirməklə hakimiyyətə gələn və bundan sonra müxtəlif siyasi gedişlərlə Moskvanın orbitindən çıxmağa cəhd edən Nikol Paşinyan hələ də Kremlin hədəfindədir. Belə ki, Paşinyanın iqtidarda qalmasını maraqlarına real təhdid hesab edən Rusiya onu devirmək üçün artıq konkret ssenari hazırlayıb. Bu ssenarinin əsas baş rol ifaçısı isə Rusiya prezidenti Vladimir Putinin adamı, hətta onun yaxın dostu hesab edilən Ermənistanın eks-prezidenti Robert Koçaryandır.

Bir neçə gün öncə Koçaryan və Sarkisyanın “Vətənin xilası Hərəkatı”nda təmsil olunan müxalifət qüvvələrinin liderləri ilə görüşmələri, ardınca Koçaryanın Moskvaya baş tutan səfəri onu deməyə əsas verir ki, yenidən aktivləşən “Qarabağ klanı” Kremli arxasına alaraq, Paşinyanı devirməyi planlaşdırır. “Sputnik Armenia”ya verdiyi müsahibəsində dolayı yolla buna işarə edən Koçaryan böyük siyasətə qayıtdığını bəyan etməklə yanaşı, Moskva səfərindən danışarkən Rusiya ilə inteqrasiyanı dərinləşdirməyə ehtiyac olduğunu da qeyd edib. Belə ki, “Ermənistanın Rusiya ilə indikindən daha dərin əməkdaşlığı barədə düşünmək lazımdır” deyən Koçaryan 12 ildən sonra yenidən siyasətə qayıtmasını əsaslandırmağa çalışarkən, ad çəkmədən Nikol Paşinyanı yerdən-yerə vurub və onun uğursuz siyasi lider olduğunu vurğulayıb: “İndi hər zamankından daha çox peşəkarlara ehtiyac var. İndi anlaşılan və güclü şəxsiyyətlərə böyük tələbat var. İnsanlar populizmin meyvələrini daddılar, rəngli inqilabların nəticələrini və təcrübəsi olmayan insanların işlərini daddılar. Sayğac əks istiqamətdə hərəkət etdi və tamamilə fərqli tiplərə ehtiyac var, tamamilə fərqli komandalar – peşəkar menecerlər komandaları, iradəsi olan insanlar, həqiqətləri söyləyə bilən, rəqiblərinin gözünə baxan insanlar lazımdır. Ermənistanda belə bir komanda var”.

Paşinyan və tərəfdarları qərara gəlib ki, növbədənkənar seçkiləri keçirməyə heç bir əsas yoxdur

Onu da nəzərinizə çatdıraq ki, Robert Koçaryanın böyük siyasətə qayıtması və ölkədəki seçki proseslərində iştirak etməyə hazır olması ilə bağlı açıqlamalarını şərh edən erməni politoloq Suren Surenyantsın fikrincə, eks-prezidentin yeganə gediş kartı Nikol Paşinyanın siyasətidir. Bu barədə publika.az-da yer alan məlumata görə, Koçaryanın siyasətdən əsla ayrılmadığını bildirən erməni politoloq hesab edir ki, onun son müsahibələrində erkən seçkilərə qatılmaq planlarını elan etməsi olduqca vacib məqamdır: “Beləliklə, onun mövqeyi müxalif Vətəni Xilasetmə Hərəkatına mənsub olan partiyaların erkən seçkilərin keçirilməsi fikri ilə bağlı çox bədbin olan düşüncələrindən bir qədər fərqlidir. Serj Sarkisyanın prezidentliyi dövründə də Koçaryan ildə ən azı bir neçə dəfə bəyanatlar və müsahibələr vermiş, əsasən hakimiyyət orqanlarının iqtisadi siyasətini tənqid etmiş, yəni Koçaryanın siyasi karyera səhifəsi bağlanmamışdı. Paşinyan hökumətinin fiaskosu fonunda tamamilə təbii olan “güclü əllər” texnologiyasını tətbiq etməyə çalışır. Bu başqa bir məsələdir ki, cəmiyyətdə və Koçaryanda “güclü əl” fikirləri bir qədər fərqlidir”. Surenyants bildirib ki, “güclü əl” legitimliyi olan demokratik liderlə əlaqələndirilməlidir. Onun sözlərinə görə, əgər Koçaryan “güclü əldən” danışarkən hakimiyyət dövrünü nəzərdə tutursa, o zaman sadəcə avtoritar sistemin varlığından söhbət gedir.

Bu arada, erkən seçkilərlə bağlı məsələyə gəlincə, qeyd etməliyik ki, “Mənim Addımım” blokunun parlament fraksiyası Nikol Paşinyanla görüşüb və bu zaman Ermənistanın baş nazirinin növbədənkənar parlament seçkisi təklifi parlamentdəki müxalifət tərəfindən dəstəklənmədiyi, həmçinin ictimaiyyət tərəfindən də belə bir tələbin olmadığı bildirilib. O da vurğulanıb ki, “Mənim addımım” fraksiyası baş naziri və hökuməti 18 noyabr 2020-ci il tarixində təqdim olunan Yol Xəritəsinin həyata keçirilməsində dəstəkləməkdə davam edir. Axar.az-ın məlumatına görə, “Mənim Addımım” blokunun erkən parlament seçkiləri keçirilməsindən imtina qərarını şərh edən Daşnaksütyun Partiyasının və Vətənin Qurtuluşu Hərəkatının üzvü İşxan Saqatelyan isə bildirib ki, hakim fraksiya üç səbəbə görə erkən parlament seçkilərini keçirməkdən imtina edib: “Birincisi, Paşinyan bilir ki, onun seçilmək şansı yoxdur. Bu, sadəcə mümkün deyil. İkincisi, seçkilər onun komandasında ciddi problemlərə yol açacaq, çünki onların əksəriyyəti parlament mandatının itirilməsi təhlükəsini dərk edir. Üçüncüsü, hakimiyyət etirazçı hərəkatın artıq təslim olduğunu hesab edir”. Hakimiyyətin böyük səhv etdiyini deyən Saqatelyan qeyd edib ki, “populist xainlər” xalqlarını bir dəfə aldada bilər, ikinci dəfə bu, işə yaramayacaq. Odur ki, o, bu qərara etiraz olaraq aksiyaların başlayacağını  və növbəti mitinqin 20 fevral saat 15:00-da “Azadlıq” meydanında keçiriləcəyini qeyd edib.

“Koçaryanın seçkilərdə iştirak edəcəyini bildirməsi o deməkdir ki, Ermənistanda müxalifətin lideri və tənzimləyicisi yenidən köhnə oyunbaz olacaq”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun qənaətincə, Koçaryanın Moskvaya səfər edəndən sonra seçkilərdə iştirak edəcəyini bildirməsi o deməkdir ki, Ermənistanda müxalifətin lideri və tənzimləyicisi yenidən köhnə oyunbaz olacaq: “Əslində, müharibədən sonrakı ilk 2 ayda da Koçaryan 17 partiyaya və Manukyana təlimatlar verir və məqamını gözləyirdi. Moskvada Putinin Paşinyana Robertlə bağlı fikir bildirməsi, Nikolun istintaqla bağlı geriyə addım atması və hətta onu xaricə buraxması Robertin əlini qolunu açmış oldu. Onun “seçkilərdə iştirak edəcəm” bəyabatına cavab olaraq hakim partiya dünənki toplantıdan sonra qərara gəlib ki, növbədənkənar seçkiləri keçirməyə heç bir əsas yoxdur, cəmiyyətin əksər hissəsinin belə bir tələbi yoxdur”. Bakı Politoloqlar Klubunun rəhbəri onu da əlavə edib ki, Ermənistanın Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət ittifaqının – “Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat formalaşdırıblar: “Və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”.

“Azərbaycandakı siyasi münasibətlər qısa zamanda kökündən dəyişdirilməli və kənar müdaxiləyə qarşı sistemli bir qoruma inşa edilməlidir”

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov isə hesab edir ki, erməni xalqının yumşaq desək, sevmədiyi Koçaryan Moskva səfərindən dönərək, böyük siyasətə qayıtmasını elan edirsə, onu bu qərara gətirənlər ya Ermənistanda, ya da Azərbaycanda müvafiq hadisələr silsiləsi qurmalıdırlar: “Koçaryanı erməni xalqına sevdirəcək hadisələrin Ermənistanda baş verməsi ehtimalı sıfra bərabərdir. Deməli, hadisələr Azərbaycanda baş verəcək. Bu hadisələr ya Paşinyanı daha da rəzil edən, ya da Koçaryanı qəhrəman edən növdə ola bilər. Birincinin bizim üçün riski azdır. Amma plan ikinci növdədirsə, yəni Koçaryanı Azərbaycan torpağında qəhrəmana çevirmək planı varsa, təhlükə yüksəkdir. Hadisələrdən ya bir az öncə, ya da dərhal sonra Koçaryanın Moskvadakı qoruyucu mələkləri Bakıdakı oyunçuları hərəkətə gətirib siyasi elitanı silkələdəcək”. REAL-ın sədrinin fikrincə, Koçaryanın elanından doğan risklərin geosiyasi strukturu daha mürəkkəbdir: “Ancaq bəzilərinə diqqəti çəkdim. İstənilən halda, Azərbaycandakı siyasi münasibətlər qısa zamanda kökündən dəyişdirilməli və kənar müdaxiləyə qarşı sistemli bir qoruma inşa edilməlidir”.

Vazeh BƏHRAMOĞLU