“Rusiya ilə Ukrayna arasında hərbi toqquşma ehtimalı artır”

567

Xaqani Cəfərli: “Rusiyanın daxilindəki vəziyyət hakimiyyəti xarici düşmən axtarmağa, qısa müddətli olsa belə, münaqişə yaratmağa vadar edir”

“Baş verə biləcək hərbi toqquşma hər iki ölkə üçün fəlakət olar, amma Ukrayna itirəcəyindən daha çox qazanacaq”

Bugünlərdə Rusiya mediasının redaktorları ilə görüşən Vladimir Putin ölkəsinin postsovet məkanında təsirlərinin güclənməsinin rəqiblərində narahatlıq yaratdığını bəyan edib. Putin bildirib ki, Rusiyanın opponentləri dünyada gərginliyin azaldılmasına dair danışıqlar çərçivəsində Kremli ambisioz və hakimiyyətə həris adamların köməyi ilə MDB məkanından sıxışdırıb çıxarmağa çalışacaqlar: “Bizim təsirlərimiz postsovet məkanında, hər necə də olsa, artır. Bütün mürəkkəbləşmələrə baxmayaraq. Axı Sovet İttifaqı dağılanda müstəqil dövlətlərin formalaşmasını bundan irəli gələn bütün nəticələri ilə birlikdə nəzərə almaq lazım idi. Lakin bununla belə son illərdə bizim burada təsirlərimiz, nüfuzumuz artır. Bu da narahatlıq yaradır və bizi buradan itələyib çıxarmağa çalışırlar”.

Heç kimə sirr deyil ki, Putin “ambisioz və hakimiyyətə həris adamlar” dedikdə ilk növbədə müxalifət lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnını nəzərdə tutur. Çünki Putin dəfələrlə Navalnının ABŞ xüsusi xidmət orqanlarından dəstək aldığını qeyd edib. Redaktorlarla görüşündə də Navalnı mövzusuna toxunan, ona dəstək aksiyalarını şərh edən Rusiya prezidenti bildirib ki, Navalnıdan istifadə edirlər: “Bunun fiqurantını məhz indi istifadə edirlər, məhz bütün dünya ölkələrində, o cümlədən də bizdə yorğunluq yaranır, insanlarda qıcıqlanma, narazılıq toplanır, o cümlədən də onların yaşadığı şəraitə, gəlir səviyyəsinə münasibətdə. İnsanın həyatı pisləşib, buna görə də o, rəhbərliyi günahlandırır və bunda yeni heç nə yoxdur. İddialar çoxdur, energi çoxdur, daha çox pul qazanmaq, hakimiyyətə yetişmək arzusu və bütün bunlar da ən fəal şəkildə istifadə olunur”.

Bu arada, Rusiyanın təsir dairəsini genişləndirməsindən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, Putin heç bir halda Donbası əldən verməyəcəyini bəyan edib. Belə ki, “Rusiyanın üzərində çox böyük məsuliyyət var. Ölkəmizin nüfuzunun postsovet məkanında artması müşahidə olunur” deyən Putinin sözlərinə görə, hansısa qərarı qəbul etməzdən əvvəl istənilən addımın nəticələri barədə düşünmək lazımdır: “Heç nəyə baxmayaraq, Donbası burmayacağıq”. Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk isə qeyd edib ki, Rusiya Donbası ələ keçirmək istəyir: “Artıq regionun Ukraynanın deyil, Rusiyanın tərkibinə inteqrasiyası müzakirə mövzusudur”.

“Baydenin ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra Ukrayna, Gürcüstan və Moldova Rusiyaya qarşı daha cəsarətli olub”

Beləliklə, mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin redaktorlarla görüşündə Donbasla bağlı səsləndirdiyi fikir Kremlin həmin ərazini öz nəzarətində saxlamaqda qərarlı olduğuna dair bir işarədir: “Onu da qeyd edim ki, son bir ay ərzində Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə ciddi gərginləşmə müşahidə olunur. Bir neçə gün öncə Ukraynanın sabiq prezidenti Leonid Kravçuk müsahibəsində “Daha gözləmək lazım deyil ki, kimisə öldürsünlər. Əgər bir güllə atılırsa, onun təsadüfi olub-olmamasını araşdırmadan cavab vermək lazımdır”, deyə bildirmişdi. Bu, onu göstərir ki, artıq həm Rusiya, həm də Ukrayna tərəfdən müəyyən xəttə doğru gedilir”. Politoloqun fikrincə, Ukrayna prezidenti Vladimir Zelenskinin qərarına əsasən, rusiyayönlü müxalifət lideri sayılan Viktor Medvedçukun sağ əli Taras Kozaka məxsus 3 telekanalın – “112”, “Nyusvan”, ZİK-in lisenziyalarının əlindən alınması, Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi, Zelenskinin cəbhə xəttinə səfəri və hərbçilərlə görüşü belə deməyə əsas verir ki, hərbi toqquşma ehtimalı arta bilər: “Hesab edirəm ki, artıq tərəflər arasında hərbi toqquşmanın baş vermə ehtimalı artır. Çünki artıq Ukrayna konkret addımlar atmaq istəyir. Xüsusilə də Azərbaycan 44 günlük Vətən müharibəsiylə işğal altındakı torpaqlarını geri aldıqdan sonra həm Gürcüstan, həm Ukrayna, həm də Moldovada, münaqişə bölgəsi yaradılmaqla faktiki olaraq, Rusiyanın nəzarətinə keçmiş əraziləri geri almaq həvəsi yaranıb. Son zamanlar bu barədə ciddi çağırışlar var. Biz bunu Vətən müharibəsi dövründə də müşahidə etdik. Odur ki, bu gün adıçəkilən ölkələr tərəfindən “Hər kəs öz torpağına sahib çıxmalıdır” kimi çağırışlar edilir. Bildiyiniz kimi, bu gün ABŞ Dövlət Departamentinin rəhbərliyinə gətirilən şəxslərin əksəriyyəti Rusiyanın qarşısını almağa, onu dayandırmağa meyilli olan adamlardır. Bu səbəbdən də Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra Ukrayna, Gürcüstan və Moldova Rusiyaya qarşı daha cəsarətli olub”. Xaqani Cəfərli bu qənaətdədir ki, hazırda Rusiyanın daxilindəki vəziyyət hakimiyyəti xarici düşmən axtarmağa, qısa müddətli olsa belə, münaqişə, hərbi toqquşma yaratmağa vadar edir: “Kreml bu yolla əhalinin diqqətini daxili narazılıqlardan, etiraz aksiyalarından yayındırmağa çalışa bilər. Düşünürəm ki, həm Ukrayna, həm də Rusiya müharibəyə çox yaxınlaşıb. Əgər hər hansı ciddi diplomatik gediş olmasa, o zaman hazırkı vəziyyət hərbi münaqişə ilə nəticələnə bilər”.

“Bu gün Rusiya iqtisadi, siyasi və mənəvi cəhətdən postsovet ölkələrinin heç biri üçün cəlbedici deyil”

Putinin ölkəsinin postsovet məkanında təsirlərinin güclənməsi ilə bağlı fikirlərinə gəlincə, politoloq bildirdi ki, Rusiya Qarabağa sülhməramlılarını göndərməklə həm Azərbaycan, həm Ermənistan üzərində təsirlərini artırdı: “Artıq Kreml Ermənistanı tam şəkildə çaynağına keçirib. Azərbaycana da xeyli təsir imkanları qazandı. Hesab edirəm ki, Rusiyanın resursları tükəndiyi üçün çox ciddi addımlar ata bilməz. Məsələn, Belarusun çox ciddi maliyyə dəstəyinə ehtiyacı var. Bildiyim qədər Rusiyadan 3 milyard istəyirlər. Moskvanın isə bu pulu vermək imkanı yoxdur. Əgər Rusiya qeyd olunan vəsaiti verməsə, o zaman Belarus ayaqda dura bilməyəcək. Rusiyanın ciddi təsir etmək gücündə olduğu digər ölkələrdə də eyni vəziyyət müşahidə olunur. Odur ki, Kremlin həmin respublikaları siyasi, iqtisadi cəhətdən özünə bağlamağa resursları olmalıdır. Çünki bu işi ancaq hərbi vasitələrlə görmək mümkün deyil. Bildiyiniz kimi, bir imperiyanın özünün təsir zonasını genişləndirməsi üçün hərbi güc faktorlardan biridir, lakin hamısı deyil. Yəni, digər faktorlar da nəzərə alınmalıdır. Odur ki, onlar olmadan Rusiya heç bir halda təsir imkanlarını gücləndirə bilməz. Ona görə ki, bu gün Rusiya iqtisadi, siyasi və mənəvi cəhətdən postsovet ölkələrinin heç biri üçün cəlbedici deyil. Sadəcə, həmin ölkələr Rusiyanın hərbi gücündən qorxduğu üçün müəyyən qədər onun orbitində qalmağa məcburdur. Amma hərbi güclə bu və digər dövləti sona kimi yanında tutmaq mümkün deyil”.

Xaqani Cəfərli hesab edir ki, Rusiya Ukrayna ilə toqquşarsa vəziyyət tamam başqa şəkil alacaq: “Məlumdur ki, son bir neçə ildir Qərb Ukraynanı güclü şəkildə hazırlayır, hər il 300 milyon dollarlıq silah verirlər və digər yardımlar edilir. Ümumiyyətlə, bu gün Ukrayna ordusu 2014-2015-ci illərdəki ordu deyil. Odur ki, baş verə biləcək hərbi toqquşma həm Ukrayna, həm də Rusiya üçün fəlakət olar. Amma Ukrayna itirəcəyindən daha çox qazanacaq. Rusiya isə əksinə, qazandığlndan daha çox itirəcək”.

Vazeh BƏHRAMOĞLU