“Rusiya bundan sonra qonşularının daxili işlərinə aktiv şəkildə müdaxilə edəcək” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

378

“Azərbaycan Türkiyə ilə dah fəal çalışmalı, bu yolla Kremlin artan mövqeyini neytrallaşdırmalıdır”

“Rusiya prezidenti Vladimir Putinin postsovet məkanında Rusiyanın təsirinin artdığını qeyd etməsi, Kremlin məhz bundan sonra bu istiqamətdə daha fəal siyasət aparacağı mesajını vermiş oldu”. Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Putin ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun postsovet ölkələrində fəaliyyətinin artacağından narahatdır və Kreml rəhbərliyi məhz bu siyasəti qabaqlamaq kursu götürüb: “Rusiya MDB məkanında mövqelərini yetərincə əldən verib. Buna səbəb qonşularına qarşı təzyiq və qarşılıqlı etimad formalaşdırmamasıdır. Ona görə də Ukrayna, Mərkəzi Asiya ölkələri, Cənubi Qafqazda Rusiya əhəmiyyətli şəkildə problemlərlə üzləşib. Rusiyanın bundan sonra ABŞ-la bu regionda növbəti qarşıdurmaya gedəcəyi gözlənilir. ABŞ bu istiqamətdə Moskvanın fəaliyyətinə mane olacaq. Ukraynada, Moldovada, Gürcüstanda Rusiya Qərbə məğlub olub. Cənubi Qafqaz və Mərkəzi Asiyada isə Moskva qismən təsir gücünü saxlamaqdadır. Son Qarabağ müharibəsində Rusiyanın regionda mövqeyini gücləndirməyə çalışmasına baxmayaraq, növbəti əngəllərlə üzləşdi. Qarabağ məsələsində Qərbi bu prosesdən uzaqlaşdırsa da Ankara ilə hesabalaşmalı oldu. Ona görə də Cənubi Qafqazda məhdud sayda təsir gücünə malikdir”.

Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Rusiya Gürcüstanda ABŞ, Azərbaycanda isə Türkiyə ilə qarşı-qarşıyadır: “Ermənistanda isə təkbaşına olsa da, burada da ABŞ-la növbəti qarşıdurma gözlənilir. Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətini nəzərə alsaq, proses dumanlı görünür. Putinin Rusiyanın postsovet məkanında təsir gücünün artmasını qeyd etməsi, sadəcə növbəti mərhələ üçün bir mesajdır. Azərbaycan Türkiyə ilə dah fəal çalışmalı, bu yolla Kremlin artan mövqeyini neytrallaşdırmalıdır. Çünki Rusiya bundan sonra qonşularının daxili işlərinə aktiv şəkildə müdaxilə edəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az