Rusiya ABŞ-ı Lukaşenkoya qarşı sui-qəsddə ittiham edir

108

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd planında ABŞ-ın əli olacağı ehtimalından danışıb. Zaxarova bu barədə açıqlamanı “Feysbuk” şəbəkəsi ilə translyasiya edilən brifinqdə verib.

“Amerikanın xüsusi xidmət orqanlarının xəbəri olmadan bu cür aksiyaların necə təşkil edildiyini təsəvvür eləmək çətindir. Üstəlik, bu işin fiqurantlarının Qərb paytaxtlarında necə məsələhət aldıqlarını da bilirik”.

Zaxarova ikili – ABŞ və Belarus vətəndaşlığı olan Yuri Zyankoviç ilə Belarus vətəndaşı Aleksandr Fedutun Belarusda dövlət çevrilişi etmək ittihamı ilə Rusiyada yaxalandığını xatırladıb.

Lukaşenko özünə və ailəsinə qarşı sui-qəsdin planlaşdırıldığı barəsində aprelin 17-də məlumat verib. Dövlət başçısının sözünə görə, onun aradan qaldırılmasına ABŞ-ın ali rəhbərliyi qərar verib. Bundan sonra Rusiyanın Federal Təhlükəsizlik Xidməti sui-qəsd və hərbi çevriliş barəsində informasiyanı təsdiqləyib.