Rusiya ABŞ-a qarşı ikinci cəbhəni Şərqdən açmaq istəyir – “Şərqi Asiyanın Qarabağı” ətrafında nələr baş verir?

132

Martın 5-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Asiya turu çərçivəsində Hindistana səfər edibİkigünlük səfər zamanı müxtəlif görüşlər keçirən nazir daha sonra Pakistana yollanıb. Pakistanda da onun 2-günlük görüşü nəzərdə tutulur.

Sergey Lavrovun Asiya ölkələrinə səfəri bununla da bitməyəcək.

“O, aprelin 7-8-də Qazaxıstana, 12-də Misirə, 13-də isə İran İslam Respublikasına işgüzar səfər edəcək”, – deyə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova ötən həftə keçirdiyi brifinqdə bildirib.

Maraqlıdır ki, Lavrovun Asiya turuna çıxdığı sıralarda Pakistanla İranın Hərbi Dəniz Qüvvələri Fars körfəzində təlimlərə başlayıblar. İlk baxışdan bir-birindən əlaqəsiz kimi görünən bu hadisələrin dərinliyinə və həmin ölkələrin yaxın keçmişinə nəzər salanda fərqli nəticələr ortaya çıxır.

Məlum olduğu kimi, 2019-cu ildə Hindistanla Pakistan arasında Kəşmir məsələsi ilə bağlı gərginliklər yenidən artmış və tərəflər bir-birinə qarşı müharibə edəcək vəziyyətə gəlmişdilər. Hər şey ondan başlamışdı ki, Hindistanın millətçi baş naziri ötən il qatıldığı parlament seçkilərində Kəşmirin muxtariyyət statusunu ləğv edəcəyi vədini vermiş, beləcə seçicilərin daha çox səsini almağa çalışmışdır. Avqust ayının 5-də baş tutan seçkilərdən sonra ikinci dəfə hökumət qurma mandatı qazanan Modi öz vədinə “sədaqət göstərərək” Kəşmirin statusunu ləğv etməklə qalmamış, onu Cammu və Ladax adıyla iki yerə ayırmışdı. Bu da bölgədə gərginliyin artmasına gətirib çıxarmışdı.


Narendra Modi

Əslində Kəşmirin Hindistan nəzarətində olan hissəsində gərginlik məlum qalmaqallı seçkilərdən 6 ay əvvəl başlamışdı. Mondinin ultra-millətçi çıxışları Kəşmir müsəlmanında radikal əhval-ruhiyyəni qaldırmış, ardınca  hind hərbi konvoyuna hücum baş vermis və nəticəsində 44 əsgər ölmuş, 20 əsgər yaralanmışdı. 2019-cu ilin fevral ayının 26-də baş verən bu hücumda Yeni Dehli “Ceyşi Məhəmməd” təşkilatını günahlandırmış və təşkilatın Pakistan Kəşmirində yerləşən qərargahını bombalamışdı.

İslamabad isə Hindistanın bu ittihamlarını qəbul etmir, terror hadisəsinin Pakistanla əlaqəsinin olmadığını vurğulayırdı. Bir çox müşahidəçilər də məlum terror hadisəsindən sonra Hindistanda millətçi əhval-ruhiyyənin artdığını və bunun seçki ərəfəsində Modi hakimiyyətinin işinə yaradığını nəzərə alıb təxribatın məqsədli şəkildə planlaşdırıldığını düşünürlər. Onların fikrincə, Modi hakimiyyəti məhz bu təxribat nəticəsində seçkilərdə deputat sayını ikiyə qatlaya bilmiş və öz hakimiyyətini möhkəmləndirmişdi.

Hindistan hərbi təyyarələrinin “Ceysi Məhəmməd” təşkilatının qərargahını bombalamaq üçün Pakistanın hava sərhədlərini pozmasına İslamabadın reaksiyası ağır olmuşdu. Məlumata görə, hücum sırasında Hindistanın 2 təyyarəsi vurulmuş, daha sonra Pakistan F-16-ları düşmənin hava sahəsinə keçərək, düşmən həmlələrinin qarşısını almışdılar. Yeni Dehli bu cavab hücumunda 1 Pakistan təyyarəsini vurduqlarını bildirsə də, iddia İslamabad tərəfindən təsdiqlənməmişdi.


Hindistanla Pakistan arasında 5-ci Kəşmir müharibəsi kimi tarixə düşən bu gərginlik dünya dövlətlərinin səyləri ilə yenidən dondurulmağa çalışılsa da, araya koronavirus pandemiyasının girməsilə danışıqlar dayandırılmışdı. İki dövlət arasında vasitəçilik edənlərdən biri də Rusiya idi. Müharibədən bir neçə gün sonra -2019-cu ilin aprelin 1-də Pakistanın Xarici İşlər naziri açıqlama verərək, bildirmişdi ki, rusiyalı həmkarı Sergey Lavrov iki dövlət arasında vasitəçilik təklif edib: “Hindistan barədə deyə bilmərəm, ancaq Rusiyaya demək istəyirəm ki, Pakistan gərginliyi azaltmaq üçün danışıqlar masasına əyləşməyə hazırdır“, – deyə Pakistan Xarici İşlər naziri vurğulamışdı.

Hindistanda keçirilən seçkilər, daha sonra isə koronavirus pandemiyasının yayılması və vasitəçilərin araya girməsi ilə qismən səngiyən qarşıdurma tam həll edilməmiş qalır və qalmağa da davam edəcək. Məlum olduğu kimi, Kəşmir probleminin kökü 74 il əvvələ uzanır və hər iki ölkə tərəfindən həyati anlam daşıyır. Hindistan Kəşmirə öz tarixi torpaqları və milli mədəniyyətinin formalaşdığı əsas  məkan kimi baxır. Kəşmir əhalisinin böyük əksəriyyətini isə müsəlmanlar təşkil edir. Teokratik dəyərləri əsas siyasi ideoloji nəzəriyyə kimi qəbul edən İslamabad məhz bu səbəbdən həmin əraziləri güzəştə gedə bilməz. Təsadüfi deyil ki, Kəşmir Pakistanın dövlət adında əks olunmuş ərazidir. Zira, Pakistan 1947-ci ildə qurulanda 3 təməl dəyəri nəzərdə tutaraq indiki adını almışdı. Həmin dəyərlərdən biri Pəncab, digəri Əfqan (ərəb əlifbasında I-(əlif)lə yazıldığından sözün ortasında ə a-ya çevrilir – Heydər Oğuz), sonuncusu isə Kəşmirdir ki,  bu sözlərin ilk hərfləri ardıcıl olaraq sıralananda “Pak” sözünü meydana gətirir. Bu məntiqlə Pakistan – “Pəncab, Əfqan və Kəşmir diyari” deməkdir.  Pakistanlıların Kəşmiri bu qədər müqəddəsləşdirməsi ondan asanlıqla vaz keçməyəcəklərinin göstəricisidir.

Əslində 200 il boyunca Hindistanı və Pakistanı (əvvəl bir yerdə idilər) öz müstəmləkəçiliyi altında saxlayan ingilislər bölgəyə bu çözümsüzlüyü qəsdən miras buraxmışdılar. Məqsəd bölgə xalqlarını bir-birinə qırdıraraq özlərindən asılı vəziyyətə salmaq və yenidən geri qayıtmaq idi. İkinci Dünya Müharibəsindən sonra Hindistanı bir neçə yerə bölərək hər birində fərqli dövlətlər yaradan Böyük Britaniya imperiyası Kəşmiri öz taleyinin ümidinə buraxmış, harda yaşamaq istədiklərinə qərar vermək “hüququnu” onların özünə həvalə etmişdi. Beləcə, əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, hindli rəhbər tərəfindən idarə edilən Kəşmir iki arada, bir dərədə qalmışdı. Bölgə sakinləri Pakistana birləşmək istəsə də, yerli kral Hindistana birləşməyə qərar vermişdi. Nəticədə xalq üsyanları baş qaldırmış və asilər Hindistan tərəfindən zor gücünə yatırılmağa çalışılanda Pakistanın hərbi müdaxiləsi özünü çox gözlətməmişdi. O dövrdən indiyə qədər Hindistanla Pakistan arasında 5 dəfə müharibəyə (1947-48; 1965; 1971; 1999; 2019) yol açan Kəşmir məsələsi Çinin də müdaxiləsilə daha da mürəkkəb hal almış və Şərqi Asiyanın “Qarabağ”ına çevrilmişdir.

Zənnimizcə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu həftə çıxdığı Asiya turunun əsas məqsədi də elə 5-ci Kəşmir müharibəsini qaldığı yerdən davam etdirməkdir. Həmçinin, Pakistanla İranın Fars körfəzində birgə hərbi əməliyyatlara başlamasının da kökündə bu gərginlikliyin payı az deyil.

Məsələ burasındadır ki, Hindistan ABŞ-ın Çini durdurmaq üçün Uzaq Şərqdə açıq şəkildə dəstəklədiyi ölkələrdəndir. Super gücün hansı səbəbdən olursa olsun Hindistanı dəstəkləməsi isə istər-istəməz İslamabadı narahat edir. Xüsusilə iki dövlət arasındakı hərbi anlaşmalar və ABŞ-ın Hindistana külli miqdarda silah satması Pakistanı da ən azı Çin qədər ilgiləndirir. Məlumata görə, Kəşmir gərginliyinin yenidən ortaya çıxdığı 2019-cu ildə Hindistan ABŞ-dan 19 milyard dollarlıq yeni hərbi texnika almışdı. Həmin hərbi texnikaların lazım gələndə təkcə Çinə tuşlanmayacağı aydındır.

Donald Tramp komandası hakimiyyətlərinin son günlərinə qədər bu mövqeyini sürdürmüş, hətta 2020-ci ilin oktyabr ayında Hindistana səfər edən ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo və Müdafiə naziri Mark Esper bu ölkə ilə “İnformasiyaların Mübadiləsi və Əməkdaşlıq Müqaviləsi” bağlamışdı. Müqaviləyə əsasən, Hindistan, ABŞ hərbi peyklərindən “həssas real vaxt məlumatlarına”, topoqrafik şəkillərə, gizli coğrafi və mühüm kritik informasiyalara yiyələnə biləcək. Bu isə açıq-aşkar Çin və Pakistanın bütün hərbi sirlərinin Yeni Dehlinin ovcunda olacağı anlamına gəlir. Səfərin məqsədini şərh edən Pompeo onu da vurğulamışdı ki, ABŞ Hindistan xalqının azadlığına və suverenliyinə təhlükə yaranacağı təqdirdə onun yanında dayanacaq.

Mütəxəssislərin fikrincə, əsas məqsədinin Çini çevrələmə siyasəti olan ABŞ Kəşmir məsələsində də Hindistanı dəstəkləməklə faktiki Pakistanı öz qarşısına alır və Asiyanın iki nəhəng dövlətini Hindistana qarşı birləşdirir. İslamabad özünü təhlükədə hiss etdiyindən həm Çinlə, həm də İranla yaxınlaşır. İranla birlikdə Fars körfəzində hərbi təlimlərə başlayan Pakistan bu hərəkəti ilə regionda qlobal hesablaşmalar başlayarsa kimin yanında dayanacağını ortaya qoyur.

ABŞ-ın həm bəzi Şərqi Asiya ölkələrinə, həm də Rusiyaya qarşı eyni anda yürütdüyü bənzər siyasətlər istər-istəməz onları yaxınlaşdırır və Vaşinqtona qarşı birgə fəaliyyət göstərməyə həvəsləndirir. Xüsusilə ABŞ-ın sanksiyaları ilə üzləşən bu ölkələrin bir-biriylə əməkdaşlıqları təkcə hərbi sahə ilə məhdudlaşmır, həmçinin iqtisadi-ticari əlaqələrinin möhkəmlənməsinə zəmin yaradır. Rusiya Xarici İşlər nazirinin Asiya turuna çıxmasında əsas məqsədlərdən biri də budur.

Lavrovun səfərə Hindistandan başlaması isə təsadüfi deyil. Son zamanlar ABŞ-la yaxınlaşan Hindistanın tədricən Rusiyadan uzaqlaşdığı hiss olunur. Ötən il Şimali Qafqazda keçirilən “Qafqaz – 2020” təlimlərinə qatılmaqdan imtina edən Hindistan Rusiyanı həm ona, həm də Pakistana silah satmaqda günahlandırmışdı. Bundan iki il əvvəl isə Yeni Dehli Moskva ilə bağladığı təyyarə alışı sazişindən imtina etmiş və 18 təyyarəsini (Su-30SM) geri göndərmişdi. Həmin təyyarələrdən 12-sini Anqolaya satan Rusiya əlində qalan 6 təyyarəni isə Ermənistana hədiyyə etmişdi. 44-günlük müharibə sırasında ermənilərə peşkəs çəkilən bu Su-30SM-lər Hindistanın niyə onlardan imtina etdiyini açıq şəkildə ortaya çıxarmışdı. Belə ki, ermənilər 44 günlük savaşda rus təyyarələrdən yanlız ikisindən istifadə edərkən dağlara çırpmış, digərlərini isə ümumiyyətlə göyə qaldıra bilməmişdilər. Paşinyanın və erməni generallarının sözlərindən belə anlaşılmışdı ki, sən demə, Rusiya müştərilərinə təyyarə satıb mərmisini vermirmiş. Həmin mərmilərin satışının Rusiya qanunvericiliyinə görə qadağan olunması nəticəsində rus Su-30SM-ləri sadəcə hədə-qorxu gəlməyə yarayırmış.

Lavrovun Asiya turuna Hindistanla başlaması da, görünür, Yeni Dehlinin incikliyini aradan qaldırmağa hədəflənib. Bu niyyətin effektli olub-olmayacağı səfərdən sonra aydınlaşacaq. Bu səfərin əsas səbəblərindən biri də son zamanlar ABŞ-la ulduzları barışmayan Rusiyanın ümumi düşmənə qarşı Şərqdən cəbhə açmaq imkanları əldə etmək istəyiylə bağlıdır. Amma bu çoxcəbhəli müqavimət Moskvanı da tamamilə təqatdən düşürə və böyük maliyyə yükü altına sala bilər.

Heydər Oğuz,
Ovqat.com