“Rus sülhməramlılarının fəaliyyəti Azərbaycan suverenliyinə qarşıdır”

27

Samir Əsədli: “Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”

Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq başlanıb. Sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsini qeyd edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstə iştirak edəcək.

Azərbaycan ərazisində xarici ölkə hərbçisinin parad keçirməsi, ümumiyyətlə sülhməramlı adlanan hərbi birləşmənin fəaliyyəti ilə bağlı VHP Mərkəzi İcra Aparatının rəhbəri  Samir Əsədli  fikirlərini bildirərək qeyd edib ki, baş verənlöər Azərbaycan suverenliyinin tam şəkildə əleyhinədir: “Qarabağda sülhməramlı adı ilə yerləşdirilən rus hərbçiləri gerçək missiyasını unudaraq özlərini Abxaziyada, Krımda olan həmkarları kimi aparır. Başda Rüstəm Muradov olmaqla bu şəxslərə izah etmək lazımdır ki, onlar Azərbaycan ərazisindədirlər və fəaliyyətləri yalnız bölgədə hərbi qarşıdurmaya yol verməməkdən ibarətdir. Rus hərbçisinin Xankəndində parad keçirməsi Sisyanov, Yazovdan başlanan imperalist rus düşüncəsinin təzahürüdür. Qarabağda parad keçirməyə mənəvi və hüquqi haqqı olan tək hərbçi Azərbaycan əsgəridir”.

Samir Əsədli bu kimi olayların sülhməramlı məsələsinə cəmiyyətdə mənfi rəy yaratdığı önə çəkərək geniş ictimai müzakirələrin vacib olduğunu bildirdi: “Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının  fəaliyyəti ilə bağlı bir çox iradlar var. Axı bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, Mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq Parlament  tərəfindən təsdiqlənir. 10 noyabrdan sonra bu, olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı”.

VHP funsioneri hazırki situasiyanın Azərbaycandakı vətəndaş həmrəyliyinə ciddi təhdid olduğunu qeyd etdi: “Belə bir hüquqi qeyri-müəyyənlik İkinci Qarabağ Savaşı dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır. Savaş dövründə ölkənin bütün siyasi qüvvələrinin eyni ümummilli mövqedə durduğunun şahidi olduq. Amma indi 3-5 rus əsgərinə görə Qarabağ məsələsində fikir ayrılığı yarana bilər. Hazırki halda Rusiyanın təkbaşına sülhməramlı adı altında qoşunlarını Qarabağa yerlışdirməsi işğal sayılır. Rusiyanın Qarabağa bu qədər sərmayə yatırtmasında nə marağı var? Və eyni zamanda Rusiyanın Qarabağa nə gətirməsinə, nə tikmısinə bizim nəzarət mexanizmimiz yoxdur. Bu Rusiyanın öz qanunvericiliyinə də ziddir, Dövlət dumasında və federasiya şurasında hələ də təsdiq olunmayıb. Rusiyadan fərqli olaraq, Türküyə, bütün qanunvericiliyə uyğun olaraq, TBMM-in qərarı ilə öz hərbiçilərini ölkəmizə göndəriblər”.

Hurriyyet.org