“Rus sülhməramlıları Qarabağı tərk etmək istəməyəcək” 

204

Şahin Cəfərli: “Hərbi təlimlər “sülhməramlı” adlanan qüvvənin missiyası ilə uyğun gəlməyən haldır”

“Rusiya hər kəsə nümayiş etdirir ki, missiyamız uzunmüddətli olacaq, buranı yaxın müddətdə tərk etmək fikrində deyilik, ordumuz da kifayət qədər hazırlıqlıdır və istənilən anda onları daha da gücləndirə bilərik”

10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyasının fəaliyyətinə zidd addımlar atmaqda davam edir. Belə ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bugünlərdə rus sülhməramlı kontingentinin minaatan qrupları müntəzəm döyüş hazırlığı təlimlərinin bir hissəsi olaraq Ağdərə poliqonunda bəzi təlim tapşırıqlarını yerinə yetiriblər. O da bildirilir ki, praktik hərəkətlər zamanı hərbçilər minaatanların döyüş və yürüş mövqeyinə gətirilməsi bacarıqlarını artırıblar.

Fevralın 3-də isə Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndidə hərbi təlim keçiblər. Qeyd edək ki, zirehli personal daşıyıcılarının ekipajları ilə təlim sessiyaları zamanı döyüş maşınlarının istismar qaydaları ilə bağlı nəzəri və praktik təlimlər aparılıb. Sülhməramlı qüvvələr BTR-lərlə atış tapşırıqlarını yerinə yetiriblər. Bütün bunlar, eyni zamanda atəşkəs elan olunduqdan sonra erməni tərəfindən törədilən təxribatlar onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları nəzarət zonalarını genişləndirməyiplanlaşdırır, həmçinin hərbi təlimlərlə 3-cü Qarabağ savaşına hazırlıq görürlər. Əks halda, BTR, zirehlitexnikalar və minaatanlardan istifadə edilən hərbi təlim sülhməramlıların nəyinə gərəkdir?

“Sülhməramlı qüvvələrin konkret hansı işlə məşğul olacağı və onların funksiyaları, səlahiyyət çərçivələri haqqında hər hansı bir rəsmi anlaşma mövcud deyil” 

Bu və digər suallarla müraciət etdiyimiz siyasi şərhçi Şahin Cəfərli “Hürriyyət”ə açıqlamasında bildirdi ki,Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı və missiyası ilə bağlı ilk günlərdən qeyri-müəyyənliklər, mübahisələr mövcuddur. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının konkret hansı funksiyanı yerinə yetirməli olduqları hələ də aydınlaşdırılmayıb: “Bildiyim qədər bununla bağlı hər hansı bir sənəd yoxdur. Sadəcə, 10 noyabr 2020-ci il razılaşması var və həmin razılaşmaya uyğun olaraq, Rusiya sülhməramlı qüvvələri Qarabağa yeridilib. Amma sülhməramlı qüvvələrin konkret hansı işlə məşğul olacağı və onların funksiyaları, səlahiyyət çərçivələri haqqında hər hansı bir rəsmi anlaşma mövcud deyil. Ola bilsin ki, bununla bağlı Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti arasında hansısa şifahi anlaşma var. Yaxud da ərazidə hər hansı problemlər ortaya çıxdıqda, bu problemləri iki tərəf müzakirə edir və yoluna qoyur.

Bu, mümkündür. Lakin qeyd etdiyim kimi, bu barədə imzalanmış texkini sənəd yoxdur. Bu baxımdan, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti ilə bağlı zaman-zaman problemlər yaranır. Hətta ötən ilin sonlarına yaxın Azərbaycan prezidenti də bu barədə, yəni sülhməramlıların öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olması məsələsindən öz narahatlığını bildirmişdi. Rusiya sülhməramlı qüvvələrinin humanitar fəaliyyətlə məşğul olması, tikinti işləri aparması, yaxud ermənilərin dağılan evlərini bərpa etməsi və digər məsələlər hər hansı razılaşması öz əksini tapmayıb. Odur ki, Rusiya tərəfindən özbaşına fəaliyyətlər həyata keçirilir”.

“Bəlkə də Rusiya tərəfi Azərbaycan ərazisindəki Türkiyə hərbi kontingentindən hər hansı təhlükə gözləyirlər” 

Rusiya sülhməramlı qüvvələrinin keçirdiyi hərbi təlimlərə gəldikdə, siyasi şərhçi qeyd etdi ki, bu, sülhməramlı adlanan qüvvənin missiyası ilə uyğun gəlməyən haldır: “Yəni, belə çıxır ki, sülhməramlılara hansısa hücumlar ola bilər. Və yaxud da sülhməramlılar hansısa hərbi əməliyyatlarda iştirak etmək nəcburiyyətində qala bilərlər. Aydındır ki, Azərbaycan tərəfindən Rusiya sülhməramlı qüvvələrinə qarşı hər hansı təhlükə və təhdid yoxdur, ola da bilməz. Məlumdur ki, Azərbaycan heç vaxt Rusiya qoşunları ilə toqquşmaya girə bilməz. Ermənilərin isə nə belə bir gücü, nə də niyyəti var. Bu halda Rusiya tərəfi hardan, kimdən təhlükə gözləyir? Bildiyiniz kimi, Azərbaycan ərazisində müəyyən sayda Türkiyə hərbi kontingenti var. Bəlkə də Rusiya tərəfi onlardan gələcəkdə hər hansı bir təhlükə gözləyirlər. Bu cür suallar yaransa da, onlara cavab yoxdur. Aydındır ki, sülhməramlı qüvvələr də hərbi qüvvədir və onların hərbi hazırlığını müəyyən səviyyədə saxlamaq ehtiyacı yarana bilər. Bunu inkar etmək olmaz. Amma onların müntəzəm olaraq hərbi təlimlər keçirməsi və həmin təlimlərdə odlu silahlardan istifadə etməsi, belə sualların ortaya çıxmasına səbəb olur”. 

Rusiyanın Qarabağda möhkəmlənmək niyyətində olduğunu vurğulayan Şahin Cəfərli hesab edir ki, rus sülhməramlı qüvvələri 5 ilin tamamında növbəti müddətdə də qalmaq istəyəcəklər: “Düşünürəm ki, Rusiya sülhməramlı qüvvələri Qarabağı tərk etmək istəməyəcəklər. Bu baxımdan, Rusiya həm də hər kəsə nümayiş etdirir ki, bizim burdakı missiyamız uzunmüddətli olacaq, buranı yaxın müddətdə tərk etmək fikrində deyilik, ordumuz da kifayət qədər hazırlıqlıdır və istənilən anda onları daha da gücləndirə bilərik. Yəni Rusiya bütün maraqlı tərəflərə bu mesajı da verir”.

Vazeh BƏHRAMOĞLU