Rus gəmiləri NATO-nun “Dəniz qalxanı-21” təlimlərinə mane ola bilib? – Manevrlər planlaşdırıldığı kimi alınmayıb

363

Rusiya donanması NATO və Ukrayna qüvvələrinin Qara dənizdəki birgə təlimlərinə vaxtında reaksiya verib və Şimali Atlantika İttifaqının gəmilərinə Krım yarımadasının sahillərinə yaxınlaşması üçün heç bir şans buraxmayıb. 

Çinin “Sohu” nəşri bu iddia ilə çıxış edib.

Nəşr təlimlərin açıq təxribatı olduğunu və Rusiyanın Donbassda və ətrafında baş verənləri yaxından izlədiyini bildirib. “Ukrayna və NATO-nun manevrlərinə cavab olaraq Rusiya Qara dənizdə öz təlimlərinə başladı. Amerika esmintslərinin tam yaxınlığında Rusiya gəmiləri potensial düşməni ələ keçirmək və məhv etmək tapşırıqlarını yerinə yetirdilər. Bu səbəbdən NATO gəmilərinin hərəkətləri məhdudlaşdı və şübhəsiz ki, Krıma yaxınlaşa bilmədilər”, – nəşr belə yazır.


Şəkildə: “Admiral Makarov”

Rusiyanın Qara Dəniz Donanması da yaydığı məlumatda dolayısıyla bu iddianı təsdiqləyib və NATO təlimlərinə “şur qatan” gəmilərin adlarını açıqlayıblar. Donanmanın informasiya departamentinin yaydığı mətbuat açıqlamasında “növbədənkənar” manevrdə 2 gəminin iştirak etdiyi bildirilib: “Admiral Makarov” və “Admiral Essen” freqatları. Təlim ssenarisi (əfsanəsi) isə Qara Dəniz Donanması obyektlərində yaxınlaşan naməlum təyyarə daşıyıcısı gəmiləri axtarmaq üçün və xəyali düşmən üzərinə hücuma keçmək.

Ssenariyə görə, rus freqatlarının heyəti axtarış əsnasında bir qrup düşmən gəmisi ilə qarşılaşır, onlara yaxınlaşmaq istəyəndə şərti olaraq hücuma məruz qalırlar. Guya rus frekatlarının ekipajları raket hücumunu müvəffəqiyyətlə dəf edir və sonra yerüstü hədəfləri sıradan çıxarmaq üçün hərəkətə keçirlər. Freqatların hücumu simulyasiya etmək üçün raketlərdən və dəniz artilleriyasından istifadə etdikləri bildirilir.


Şəkildə: “Admiral Essen”

Xatırladaq ki, NATO-nun “Dəniz Qalxanı 21” təlimləri hazırda da Qara dənizdə keçirilir. Martın 29-na qədər davam etməsi planlaşdırılan təlimlərdə Şimali Atlantika İttifaqına üzv olan səkkiz ölkə (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) iştirak edir. Manevrlərə ABŞ-ın “Thomas Hudner” esminetsinin rəhbərlik etdiyi xəbər verilir.

Çin və Rusiya nəşrlərinin hərbi təlimlər barədə məlumatlarının nə dərəcədə səhih olduğunu demək çətindir. Hər halda ABŞ gəmilərinin Krım sahillərində hərbi təlimlərdə iştirak etməsini belə, başlı-başına uğur adlandırmaq olar. Bununla belə, “Dəniz qalxanı-21” təlimlərinə rəhbərlik edən ABŞ esminetsinin planlaşdırılandan əvvəl Qara dənizi tərk etməsi barədə məlumatlar var və bu da irəli sürülən iddiaların doğru ola biləcəyi ehtimalına yol açır.


Şəkildə: “Thomas Hudner”

Hərçənd Ukrayna mediası “Thomas Hudner”-in öz hərbi tapşırığını yerinə yetirdikdən sonra Qara dənizin akvatoriyasını tərk etdiyini irəli sürür. Fəqət “Dəniz qalxanı-21” təlimlərinin bitməsinə hələ 5 gün qalır. Təlimlərin baş aktyoru isə dünən Qara dənizdən ayrılıb.

Bildirilir ki, esminets Qara dənizə dörd günlük səfərə gəlibmiş və səfər çərçivəsində Bolqarıstan və Türkiyə donanmalarına aid gəmilərlə birgə Rumıniyanın Hərbi Dəniz Donanması tərəfindən keçirilən “Sea Shield-2021” hərbi-dəniz təlimlərində iştirak etdikdən sonra öz missiyasını tamamlayıb.

“”Thomas Hudner” gəmisi Rumıniya HDQ – nin rəhbərliyi altında “Dəniz qalxanı-21” təlimlərində iştirakı başa çatdıqdan və NATO – Türkiyə, Bolqarıstan və Rumıniya ilə müttəfiqlərin – Ukrayna və Gürcüstandakı tərəfdaşların dəstəklənməsi üçün dənizdə təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatların keçirilməsindən sonra Qara dənizi tərk edir”, – ABŞ-ın 6-cı donanması da dünən bu barədə məlumat yayıb.  \\Ovqat