Regionda yeni ittifaq işartıları…

315

Kreml könüllü olaraq rus dövlətçiliyinin məzarına girir?

Rus millətinə dövlətçiliyi Türklərin bəxş etməsi tarixdən bəlli və heç bir sübut və izahata ehtiyacı olmayan fakt olduğundan, mən bu mövzuya toxunmuram. Birinci Pyotrun dövründən ta 1918-ci ilə qədər isə, rus dövlətini özlərinin milli mənsubiyyətini maskalamaq üçün öz adları ilə deyil, rus adları ilə adlandırılan almanlar idarə etmişlər. Bu müddət ərzində Avropalıların işğalçılıq siyasətinin qarşısında keçilməz sədd olan iki türk dövlətini, Osmanlı və Qacar dövlətini aradan götürmək üçün daim Rusiyanı bu dövlətlərə qarşı müharibəyə sövq etməklə rusiyanın xidmətindən yararlanmışlar.

Ermənilər bu günə qədər rus milləti və dövlətinin mövcudluğu üçün mühüm amil olan Türk milləti və dövlətləri arasında düşmənçilik toxumu səpmək hesabına öz milli maraqlarını reallaşdırıblar. Əslində, Rusiyanın ən təhlükəli düşməni ermənilərdir. «Xristian həmrəyliyi» şüarı ilə silahlanaraq, maskalanan və adi gözlə seçilən bu təhlükəli düşməni Rusiya dövlət xadimləri ya görmür, ya da özlərini görməməzliyə vururlar. Bu isə rus dövlətçiliyinin ya tabutda, ya da çox cüzi sağ qalma ehtimalı ilə cərrahiyyə stolunda, həyatla ölüm arasında çırpınması ilə nəticələnə bilər.

Bütün Türk respublikalarının vahid Turan dövlətində birləşməklə, Rusiya ilə sıx müttəfiqlik əlaqələrinin yaradılması bu iki millət və dövlətin mövcudluğunun təmin edilməsinin əsas iki şərtindən ancaq biridir. İntensiv elmi-texniki inqilabların baş verdiyi müasir dövrdə Türk və rus dövləti arasında bu səviyyəli əlaqələrin yaradılması öz-özlüyündə bu ittifaqın dünyanın digər güc mərkəzlərinin hesablaşmaq zorunda qalacağı səviyyədə inkişafını təmin etmək imkanında deyil. Həm Turanda, həm də Rusiyada bu günün tələbləri baxımından müasir iqtisadi-ictimai inkişafın sürət və keyfiyyət parametrlərinə cavab verməyən mövcud iqtisadi-ictimai sistemlər dəyişdirilməlidir. Həm də bu dəyişikliklər üsyan, inqilab, digər zor tətbiqi vasitələri ilə deyil, kompleks iqtisadi-ictimai islahatlar vasitəsilə, dinc yollarla həyata keçirilməlidir. Bu, Turanın və Rusiyanın qarşılıqlı əlaqələri ilə birlikdə bu cəmiyyətlərin bütün parametrlər üzrə intensiv inkişafı ilə bərabər, bu ittifaqı bütün dünyanın hesablaşmağa məcbur olacağı bir güc mərkəzinə çevirə bilər. Çünki bu gün dünyada müasir tələblərə cavab verən iqtisadi-ictimai sistemə malik olmadan nə güclü atom silahı, nə də digər hərbi texnika hesabına böyük millət, böyük dövlət, dünyada söz sahibi olan güc mərkəzinə çevrilmək mümkün deyil.

Birincisi, heç bir ölkə güclü, müasir iqtisadi və sosial sistemi olmadan sürətli elmi-texniki inkişaf şəraitində özünün hərbi sənayesini, deməli həm də hərbi qüvvələrini daim yüksək səviyyədə saxlaya bilməz.

Dünyada ən nəhəng faydalı qazıntılarına malik olsa da Rusiyanın mövcud iqtisadi sistemi və bu iqtisadi sistemə əsaslanan sosial sistemi bərbad vəziyyətdədir. Bu vəziyyəti heç bir administrativ səylərlə aradan qaldırmaq mümkün deyil. Bu halın çox davam etməsi Rusiyada iri miqyaslı sosial partlayıqların baş verməsi ilə bərabər, onun daxili və xarici düşmənlərinin «köməyilə» Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Bu gün bu «köməyi» etməyə qadir olan yetərincə nüfuzlu ölkələr mövcuddur. Buna misal olaraq SSRİ-nin taleyini göstərmək olar. Buna görə, bu gün Rusiya sosial partlayışları gözləmədən bütün parametrlər üzrə kapitalist istehsal üsulundan üstün olan iqtisadi-ictimai quruluşu dinc islahatlar vasitəsilə formalaşdırmalıdır. Bu, həm də Turan dövlətinin elə ilk yaranma mərhələsində həyata keçirməli olduğu fövqəladə əhəmiyyətli məsələdir. Hər iki dövlət eyni müasir iqtisadi-ictimai quruluşa malik olduğu halda bütün sahələr və istiqamətlər üzrə qarşılıqlı əlaqələr heç bir maneəyə rast gəlmədən ahəngdar və sürətlə inkişaf edə bilər.

Rusiya və Turan arasında bərabər, səmimi və qarşılıqlı mənafelərə əsaslanan sıx əlaqələrlə yanaşı, bu ittifaqın digər tərəfdən ABŞ və Qərb ölkələriilə isti münasibətləri yaradılması V.Leninin yüz il bundan əvvəl, 1921-ci ildə dünyanı gözləyən böyük bəlaların bir hissəsini neytrallaşdırmağa, qarşısını almağa imkan vermiş olardı. Lenin yazırdı: «Şərqdə böyük bir əjdaha yatır. O oyananda dünyada çox hadisələr baş verəcək». Bu gün nəinki onun dediyi əjdaha, yəni Çin artıq oyanıb, üstəlik ikinci bir əjdaha – Hindistan da oyanmaqdadır. Yaxın dövrlərdə Çin, ABŞ və Qərblə hərbi münaqişəyə girməyə cürət etməyəcək. Yaxın gələcəkdə Çin ABŞ və Avropa ilə ancaq iqtisadi layihələr və ticarət sahəsində «Səlyan davası» (Əşi, daş nədi, baş nədi? Tüpür üzümə, tüpürüm üzünə – müəllif.) edəcək. Həm də Çinin onlardan ala biləcəyi torpaq da yoxdur. Onlara qarşı hər hansı torpaq iddiası da Çinə çox baha məğlubiyyətlə qurtarar. Bunu çinlilər də yaxşı bilirlər. Milyard yarım əhalisi, cəmi 9.596.961 km2 ərazisi olan Çinin torpağa olan kritik tələbatını ödəmək üçün ən əlverişli olanı Qırğızıstan, Qazaxstan və Rusiyanın şərq sərhədlərindəki geniş və məskunlaşmamış ərazilərdir.

Çinlilər ikinci dünya müharibəsindən sonra başlanan bu iddialarından heç vaxt əl çəkmək fikrində də deyil.

Yaxşı olar ki, bu gün Rusiyanın ictimaiyyətini, dövlət rəhbərlərini guya Ərdoğanın Krımı işğal edəcəyi ilə, heç bir faktiki və ya real əsası olmayan yalanla qorxudub Rusiya ilə Türkiyənin arasında düşmən münasibətləri yaratmağa çalışmaqdansa, Çinin son yetmiş il ərzində Rusiyanın, Qzaxstanın ərazilərini işğal etmək üçün inadlı və davamlı faktiki cəhdlərinə nəzər salsınlar. Əgər biz Maonun Stalinə Rusiyanın şərq torpaqlarını məskunlaşdırmaq üçün (İkinci Dünya müharibəsindən sonra bütün SSRİ-nin əhalisinin yüz milyondan bir qədər artıq olduğu dövrdə – müəllif) 200 milyon çinlinin SSRİ-yə vətəndaşlığa verilməsi haqqında Stalinin düzgün olaraq rədd etdiyi təklifini, 1968-ci ildə Çinin Damansk adalarına silahlı hücum edərək işğal cəhdini, Stalin və Mao öldükdən sonra SSRİ tərəfindən Çin-SSRİ münasibətlərinin yaxşılaşdırılması barədə Çinin nə vaxt danışıqlara başlayacağı barədə Maonun yerinə gəlmiş Xua Qo Fenin, – «Biz SSRİ ilə münasibətlərin yaxşılaşdırılması üçün ancaq bizim iqtisadi və hərbi gücümüzün onların gücünə bərabər olduqdan sonra başlayacağıq» – cavabını, bütün Qazaxıstan ərazisi daxil olmaqla, Rusiyanın Qazaxıstan sərhəddlərindən başlayaraq Lantevlər, Şərqi Sibir, Çukot, Berinq, Oxot dənizləri sahillərinədək olan ərazilərinə inadlı, davamlı iddialarına diqqət yetirsinlər.

Belə ki, ermənilərin 10 milyard ABŞ dolları, farsların 25 illik yüz milyard ABŞ dollarından çox kapital qoyuluşu haqqında müqavilə bağladığı Çinlə ittifaqa girmək Kremlin öz təşəbbüsü və xoşu ilə rus dövlətçiliyinin məzarına girməsindən başqa heç bir anlama gəlmir. Hər iki millətin rəhbərlərinin mövcud reallığı obyektiv təhlil edərək, rus və Türk milləti ətrafında yaranan vəziyyətdən yeganə çıxış yolu olan Turan və Rusiya arasında «Böyük Sülh Müqaviləsi» hazırlamalıdır. Bunu hər iki millətin gələcək mövcudluğu israrla tələb edir.

Bütün bunlar Rusiyanın Cənubi Qafqazda yaranmış vəziyyətdən çıxış yolu olmadığı anlamına gəlmir. Rusların yaxşı məsəli var: «Heç bir çıxış olmayan vəziyyətdən ən azı iki çıxış yolu var». Adətən güclü şahmatçılar oyunu udmaq və məğlubiyyətdən qaçmaq üçün ona önəmli olmayan piyadanı qurban verir. Bu gün Rusiyanın qarşısında məhz belə bir sual durur. Ya Rusiya ona nəinki ağır yük, əslində Rusiya dövlətçiliyi, əraziləri üçün böyük bir təhlükə olan Ermənistan dövlətini qurban verib, Turanla müttəfiqlik əsasında mövcud super güc olan düşmənlərinə qarşı mübarizədə özünə etibarlı və güclü dayağa, Turana malik olmalıdır, ya da ermənilərin nazı, şıltaqlığı ilə oynayıb öz ərazilərini, nəticə etibarilə rus dövlətçiliyini güclü düşmənləri qarşısında real təhlükəyə düçar etməlidir. Qərbin və ermənilərin Qorbaçovun əli ilə Rusiya ətrafında yaratdığı reallıqdan başqa çıxış yolu görünmür.

Turanla müttəfiqlik Rusiyaya Türkiyənin su hövzəsi vasitəsilə müttəfiq olaraq maneəsiz dünya okeanına çıxmaq imkanını da yaratmış olacaq. Uzun illər xarici himayədarları və Satanovski, Kosaçov və s. kimi erməni əlaltılarının köməyilə rus dövlətini daxildən oyub zəiflədən ermənilərə rəvac verən siyasi, ictimai «xadimlər» rus milləti və Rusiyanın taleyini “tula payı”na qurban vermək istəmirsə, onda başqa yerləri ilə deyil, papağı varsa papağını qabağına qoyub başı ilə düşünməlidirlər.

Şapur QASİMİ