“Rəsmi Bakı bu addıma etiraz etməlidir”

249

Əli Hacızadə: “Araikin rus dilinə “rəsmi status” verməsi tam siyasi qərardır və hər hansısa zərurətdən doğmayıb”

Məlum olduğu kimi, Araik Arutunyanın rəhbərlik etdiyi qondarma qurum təxribatlara davam edir. Belə ki, iki gün əvvəl qondarma “respublika”nın rəhbəri Araik Arutyunyan rus dilinin “rəsmi dövlət dili” kimi tanınması barədə qərar verib. Öz varlıqlarını Moskvaya, Kremlə borclu olan, “sülhməramlı qüvvələr“sayəsində hələ mövcud olan separatçı qurumun bu addımı, sözsüz ki, “Rusiyanın gözünə girmək” cəhdidir. Məsələ ilə bağlı politoloq, “The Greater Middlie East” analitik-informasiya platformasının rəhəri Əli Hacızadənin fikirlərini öyrəndik.

– Qondarma “dqr”-də Rusiyanın məhdud hərbi kontingentindən başqa rus dilində danışan bir kimsə yoxdursa, həmin “rəsmi dil” kimə, nə üçün lazımdır?

-Bu, “ikinci rəsmi dil” oyunu, əslində, dekabrdan bəri danışılır, indi isə biz bunun məntiqi sonluğunun şahidi olduq. Əgər sabah məlum olsa ki, oyuncaq “hökumət” əslində Moskvada bəzi dairələrin diktəsi ilə hərəkət edib, heç təəccüblənmərəm. Təbii ki, Ermənistanda olduğu kimi, Qarabağda rus sülhməramlıların fəaliyyət göstərdiyi ərazidə də yaşayan əhali monoetnikdir burada ruslar yaşamır. Odur ki, bu, tam siyasi qərardır, hər hansısa bir zərurətdən doğan qərar deyil.

– Bu addıma Rusiyadan göstəriş gəlibsə, məsələni Rusiyanın “kukla dövlət” qurmaq planınına doğru atılan addım kimi dəyərləndirmək olarmı?

– Rusiyada bəzi dairələr bunda maraqlı ola bilər və hətta buna müəyyən məqamda cəhd də göstərə bilər. Bu baxımdan, Azərbaycan ayıq-sayıq olmalıdır. Yaranmış vəziyyətda qaçqınları tez bir zamanda ora qaytarmaq bizim üçün ən əsas məsələlərdən biridir.

“Rus dilinə rəsmi dil statusu vermək” oyunu onların terrorçu fəaliyyətlərini “öz müqəddaratını təyin etmək” kimi qələmə verərək, yenidən əvvəlki müstəviyə qayıtmaq və qarşıda ABŞ-a da regiona “dəvətnamə” vermək kimi yozula bilərmi?

– Zənnimcə, onlar artıq kimisə reqiona dəvət edə bilməzlər, necə ki, bundan öncə də edə bilməmişdilər. ABŞ-ın da başı indi özünə qarışıb, Qafqaz onların xarici siyasət prioritetləri sırasında ilk yerlərdə deyil. Amma köhnə müqəddarat oyununu, bəli, oynayacaqlar və bu oyunu oynamaq üçün hər imkandan istifadə edəcəklər.

-Azərbaycan nə kimi tədbirlər görməlidir və görə bilər? Axı bir dövlətin rəsmi dili başqa dövlətin ərazisində rəsmi dil ola bilməz, əgər o dövlət özü buna qərar verməsə… Məsələn,  Hindistan, Pakistan, Nigeriya, Keniyada ingilis dili ikinci rəsmi dildir. Dövlət bu məsələdə necə siyasi yanaşma ortaya qoymalıdır?

– Azərbaycan tərəfi təbii ki, bu addıma etirazını bildirəcək, lakin biz başa düşməliyik ki, hal-hazırda o ərazidə Azərbaycan hüquq mühafizə orqanları fəaliyyət göstərmir, odur ki, bizim bu istiqamətdə görəcəyimiz hələ çox iş var. Bu yolda atılacaq əsas addımlardan biri də azərbaycanlı əhalini o torpaqlara qaytarmaqdır.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA