Qubanın qəhrəmanları…

294

44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra 3 hərbi qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı”, 83 nəfər hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adları verildi. 33 nəfər hərbi qulluqçu “Zəfər”, 204 nəfər hərbi qulluqçu “Qarabağ”, 288 nəfər hərbi qulluqçu “Azərbaycan Bayrağı”, 105 nəfər hərbi qulluqçu 3-cü dərəcəli “Rəşadət”,3 nəfər hərbi qulluqçu 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 9 nəfər hərbi qulluqçu 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 331 nəfər hərbi qulluqçu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olundu. 622 nəfər hərbi qulluqçu “İgidliyə görə”, 1113 nəfər hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə”, 3598 nəfər hərbi qulluqçu “Vətən uğrunda”, 5448 nəfər hərbi qulluqçu “Cəsur döyüşçü” medallarına layiq görüldü.

Onların arasında, hərbçilər yurdu adlanan, 1-ci Qarabağ savaşında Milli Qəhrəman adı verilən (şəhid baş leytenant Rafiq Nəsrəddinov), “Azərbaycan Bayraqi” ordeni ilə təltif edilən (polkovnik Məmməd Hacıyev), 18 şəhidi olan Quba rayonu Alpan kəndindən polkovnik Ağagülov Şəhriyar Etibar oğlu “Azərbaycan Bayrağı”, polkovnik-leytenant Ağagülov Elşən Etibar oğlu və mayor Həsənov Əlişan Şakir oğlu “Qarabağ” ordenləri ilə, polkovnik-leytenant Balayev Zaur Zakir oğlu “Vətən uğrunda”, kapitan Zəkiyev Röyal Zəki oğlu, leytenant Söhbətov Elsevər Çingiz oğlu “İgidliyə görə”, gizir Novruzov Rəşad Lətif oğlu və baş çavuş Əmiyev Fərid Ənvər oğlu “Cəsur döyüşçü” medalları ilə təltif ediliblər. Onların – Zəfərimizin qazanılmasında məxsusi xidmətləri olan zabitlərimizin həyat tarixçələri ilə tanış olun:

Vətən müharibəsinin iştirakçısı olan və ən yüksək ordenlərdən biri ilə təltif edilən həmkəndlimiz polkovnik Ağagülov Şəhriyar Etibar oğludur.

Ağagülov Şəhriyar Etibar oğlu 20 dekabr 1977-ci ildə müəllim ailəsində anadan olub. 1995-ci ildə orta təhsilini Alpan kəndində başa vurandan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin tank-artilleriya fakültəsində artilleriyaçı ixtisasına yiyələnib. O hələ 1999-cu ildə leytenant rütbəsində ikən Tərtər rayonunda yerləşən hərbi hissədə artilleriya divizionunun kəşfiyyat rəisi vəzifəsinə təyin olunub. O vaxtdan indiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində müxtəlif vəzifələrdə (batareya komandiri, artilleriya rəisinin baş köməkçisi, artilleriya divizionunun qərargah rəisi, artilleriya divizion komandiri, artilleriya korpusunun qərargah rəisi, artilleriya briqadasının komandiri, korpusun artilleriya üzrə şöbə rəisi) qüsursuz xidmət yerinə yetirib. Sonradan Silahlı Qüvvələrin Hərbi Akademiyasını da bitirən Ağagülov Şəhriyar polkovnik rütbəsinə qədər yüksəlib. Polkovnik həmyerlimiz həm aprel döyüşlərinin, həm də 44 günlük Vətən müharibəsinin fəal komandirlərindən olub. O, Prezidentin Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, həmçinin bir neçə rayonun azad olunmasına görə medalları ilə təltif edilib.

Zəfərimizdən sonra “Qarabağ” ordeni ilə təltif edilən polkovnik-leytenant Elşən Etibar oğlu Ağagülov 1979-cu il iyunun 1-də Quba rayonunun Alpan kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, kənd orta məktəbini bitirəndən sonra Bakı Ali Birləşmiş Ümumqoşun Komandanlıq Məktəbinə daxil olub və burada quru qoşunların hava hücumundan müdafiəsi ixtisasına yiyələnib. Elşən Ağagülov 2000-ci ildə leytenant hərbi rütbəsi alaraq Füzulidəki “N” saylı hərbi hissənin zenit-raket tağım komandiri vəzifəsində hərbi xidmətini davam etdirib. Daha sonra Cəlilabad rayonundakı hərbi hissənin zenit-artilleriya baterayasında bateraya komandiri kimi fəaliyyət göstərib. Nümunəvi xidmətinə, peşəkarlığına görə vaxtından əvvəl kapitan rütbəsi alan E.Ağagülov xidmətini digər hərbi hissələrdə davam etdirib. 2005-ci ildə isə “N” saylı hərbi hissənin zenit-artilleriya baterayasının komandiri təyin olunub. 2009-cu ilin dekabrında ilk hərbi xidmətə başladığı hərbi hissədə briqada hava hücumundan müdafiə rəisi vəzifəsinin icrasına başlayıb. Elə həmin ildə mayor rütbəsi verilən Elşən Ağagülov hərbi təhsilini daha da təkmilləşdirmək barədə düşünüb. Bu məqsədlə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Burada fərqləndiyinə görə Türkiyəyə – Hərbi Hava Qüvvələri Akademiyasına göndərilib. Bununla da həmin ali məktəbin 6-cı azərbaycanlı tələbəsi olmaq şərəfinə nail olub. Bu təhsil ocağını qırmızı diplomla başa vuran Elşən Ağagülov Hərbi Hava Qüvvələrində əməliyyat idarə rəisinin quru qoşunları üzrə istiqamətləndirici zabiti vəzifəsinə təyin edilib. 2013-cü il dekabrın 17-də Ordu korpusunun hava hücumundan müdafiə şöbəsinə rəis göndərilib. 2016-cı il aprel döyüşlərində də iştirak edən Elşən Ağagülov sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyatlarında Füzuli, Hadrud, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa istiqamətlərində gedən döyüşlərin fəal iştirakçısı olub. Təkcə bir faktı qeyd edək ki, onun rəhbərliyi altında döyüşçülər işğalçı Ermənsitanın 3 ədəd SU-25 qırıcı təyyarəsini, eləcə də bir neçə pilotsuz uçuş aparatlarını sıradan çıxarıblar.

“Qarabağ” ordenli mayor Həsənov Əlişan Şakir oğlu 20 aprel 1982-ci ildə doğulub. O, 1999-cu ildə E.Bayramov adına Quba rayon Alpan kənd tam orta məktəbini bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu təhsil ocağında Quru Qoşunlarının Hava Hücumundan Müdafiəsi ixtisasına yiyələnib. 2003-cü ildə Müdafiə Nazirinin əmrinə əsasən Təlim-Tədris Mərkəzində ixtisas kursu alaraq hərbi mütəxəssis kimi təkmilləşib.

O, 2004-cü ildən müxtəlif hərbi hissələrdə heyət rəisi, batareya komandirinin müavini, batareya komandiri vəzifələrində çalışmaqla hərbi xidmətini davam etdirib. Mayor Əlişan Həsənov 2017-ci ildən divizion komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edir. 44 günlük Vətən müharibəsində düşmənin 2 döyüş təyyarəsini və hərbi vertolyotunu vuraraq şücaət göstərib.

Qələbə münasibətilə “Vətən Uğrunda” medalına layiq görülən polkovnik-leytenant Balayev Zaur Zakir oglu 12 dekabr 1982-ci ildə Alpan kəndində dünyaya gəlib. Alpan kənd tam orta məktəbini bitirəndən sonra 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəcilik Məktəbinə daxil olub. 2005-ci ildə həmin məktəbi bitirib və leytenant rütbəsində Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsində vertolyot pilotu kimi xidmətə başlayıb. Bu müddətdə müxtəlif vəzifələrdə çalışan polkovnik-leytenant Zaur Balayev hazırda hərbi hissə komandirinin müavinidir. O həm də bir neçə rayonun işğaldan azad olunmasına görə verilən medallarla da təltif edilib.

Leytenant Söhbətov Elsevər Cingiz oğlu 17 avqust 1998-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya göz açıb. O, şəhid E.Bayramov adına Alpan kənd tam orta məktəbinin şagirdi olub. 2015-ci ildə C. Naxcıvanski adına hərbi liseyi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Bu təhsil ocağını 2019-cu ildə başa vuraraq leytenant hərbi rütbəsində ön xətttə – Goranboy rayonuna göndərilib. O, işğalçı Ermənistanın növbəti təcavüz cəhdindən sonra, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı əks-həmlə hücumunun Fuzuli, Cəbrayıl, Xocavənd istiqamətlərindəki döyüşlərində iştirak edib.

Vətən müharibəsi qələbəmizlə bitdikdən sonra, Respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və şücaət göstərdiyinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” və rayonların azad edilməsilə bağlı medallarla təltif olunub.

Qazi Novruzov Rəşad Lətif oğlu 23 noyabr 1987-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. O, 2005-ci ildə şəhid E. Bayramov adına Alpan kənd tam orta məktəbində orta təhsilini başa vurduğdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində xidmət edən Rəşad, 2010-cu ildə Silahli Quvvələrin Təlim-Tədris Mərkəzində gizir hazırlığı kursunu keçdikdən sonra Gədəbəydəki “N” saylı hərbi hissəyə göndərilib. 2011-ci ildə orada Xüsusi Təyinatlı Qüvvələr kursunu başa vurub. Bu müddətdə o həm də Türkiyədə, Gürcüstanda hərb sənətinin incəliklərinə yiyələnib. 2016-cı ilin aprelində Talış kəndi ətrafındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə iştirak edən və şücaət göstərən gizir Rəşad Novruzov Prezidentin Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb. O, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının, daha doğrusu, Agdərə, Füzuli, Hadrut, həmçinin Murovdağ yüksəkliyi ugrunda gedən döyüşlərin də iştirakçısı olur. Bu döyüşlərdə göstərdiyi igidliklərə görə isə dekabrın 18-də Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncamla “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Qəhrəman komandirlərin günümüzədək olan həyat tarixçələri, “İki Sahil” qəzetinin əməkdaşı Qvami Məhəbbətoğlunun onlar barədə hazırladığı yazılardan götürülüb. Təltif edilən bütün zabit və qazilərimizi təbrik edir, can sağlığı və uğurlu xidmət diləyirik.