Qonşusunun ağaclarına qənim kəsilən Abşeron sakini, çirkli suyu da qonşusunun zirzəməsinə axıdır

48

Abşeron rayonu Xırdalan qəsəbəsinin sakini, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi təyinatlı dəstəsinin sabiq zabiti Asif Aydın oğlu Lətifovun qonşusu Mirsahib Seyidov və ailəsi tərəfindən hücumlara məruz qalmasıyla bağlı ötən buraxılışımızda məlumat vermişdik. Belə ki, 45 ildir “pivə zavod”un binasında yaşayan şikayətçi, qonşusu Mirsahib Seyidovun qanunsuz tikinti aparmasından sonra məhkəmə orqanlarına müraciət edib. Yenidən redaksiyamızda müraciət edən Asif Lətifov qonşusu Mirsahib Seyidovun qanunsuz olaraq eyvanın altından keçən su borusuna qoşduğunu deyir. O, qeyd edir ki, qonşusu Mirsahib Seyidov qanunsuz su borusuna qoşulmaqla yanaşı, çirkili suyu onun zirzəmisinə axıdır:


“Hürriyyət” qəzetində məqalə yayımlandıqdan sonra Ekologiya və Təbii Sərvətlər nazirliyinin Sumqayıt şəhər 4 saylı idarəsindən gəlib hadisə yerinə baxış keçirilib. Mənim iştirakımla video müşahidə kameralarına baxdılar. Daha sonra akt tərtib edilib, 5 ağacı akta saldılar. 2 ağacın isə budaq və yarpaqları qırıldığına görə bərpa etmək mümkün olduğu üçün akta qeyd edilmədi. Amma, nədənsə ağacların dibinə tökdükləri ağ rəngli kimyəvi maddə akta salınmadı. Yazdığım izahatda da qeyd etdim ki, bu məsələdə akta əlavə olunsun. Bundan əlavə, Xırdalan şəhər 27-ci məhəllə bina 2 B, mənsiz 17-nin sahibi binanın arxa tərəfində eyvanın altından keçən su borusuna qanunsuz qoşularaq çirkli suyu mənim eyvanımın qabağına və zirzəmiyə axıdır.
2019-cu ildə Abşeron Su İdarəsinə müraciətimdən sonra həmin qanunsuz xətt kəsilib və turba qaynaqlandı. Lakin, mənzil sahibi növbəti dəfə həmin xəttə qanunsuz qoşuldu. Dəfələrlə Su idarəsinin rəisinə əraziyə baxış keçirməsi üçün ərizə yazmışam.
Eyni zamanda, həmin mənzilin sahibi həyətində ağzı açıq formada vəhşi it bəsləyir. Bu da sakinlərin narahatlığına səbəb olur. Bununla bağlı aidiyyatı orqanlara da müraciət etmişik. Lakin, baxan yoxdur. Bu şəxslər birgə yaşayış qaydalarını kobudcasına pozur. Qanunsuz tikilidə saxladıqları kirayəşinlərlə birgə səs-küylü məclislər təşkil edir. Məsələylə bağlı sahə müvəkkili mayor Sərxan Həsənova da müraciət etmişik. Lakin, hələ də bu şəxslərə tədbir görülmür”.
YƏHYA