Qeyri-neft sektorunun ən gəlirli sahəsində nələr dəyişəcək? – Yeni nazirdən böyük gözləntilər var…

180

Yeni nazir Rəşad Nəbiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri aparır. Nazirin əmrinə əsasən, qurumun tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin direktoru vəzifəsini icra edən Leyla Məmmədova, direktor müavini Ceyhun Əliyev və Maliyyə departamentinin rəhbəri Tamam Cəfərova vəzifəsindən azad edilib. Nazir Tağı Tağı-zadəni “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edib.

Ötən onillikdə qeyri-neft sektorunun ən böyük sahəsi olan rabitə sektoru ciddi korrupsiya qalmaqalları ilə yadda qalıb. 2015-cü ilin noyabrında bu quruma rəhbərlik edən şəxslər həbs edildi. İstintaq və məhkəmə zamanı onların külli miqdarda var-dövləti üzə çıxdı, oğurlanmış vəsaitlərin 100 milyon manatdan çoxu büdcəyə qaytarıldı. Prezident nazir Əli Abbasovu vəzifəsindən azd edərək yerinə Ramin Quluzadəni təyin etdi. Ötən beş illikdə gözləntilərə rəğmən, Quluzadə bu sektorda ciddi dəyişikliklər edə bilmədi. Problemlər daha da dərinləşdi, nazirliyin bir sıra sahələrində isə idarəçilikdən qaynaqlanan böhran yarandı.

Prezident bu sahəni indi “Azərkosmos” ASC-nin keçmiş rəhbəri Rəşad Nəbiyevə tapşırıb. Yeni nazirdən isə gözləntilər böyükdür, kadr dəyişiklikləri ilə bərabər bu sektorun “axsayan” sahələrində ciddi islahatlar aparılmalıdır.

 

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, bu sektorda həllini gözləyən bir neçə əsas problem var. Onun sözlərinə görə, onlar həll edilmədən İKT sektorunda köklü dəyişikliklər, yeni çağırışlara cavab verən sistem qurmaq mümkünsüzdür. Ekspert problemləri belə sıralayır:

“Dövlət və özəl operator, dövlət və özəl provayder arasındakı ayrıseçkilik aradan qaldırılmalıdır. Bütün qurumlara dövlətə məxsus rabitə resurslarından bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır Dövlət operatorlarında korporativ idarəetmə və özəlləşdirməyə start verilməlidir;

Dövlətə məxsus olan bütün rabitə resurslarından, yeraltı kommunikasiyalardan istifadə qaydaları hazırlanmalıdır;

Rabitə xidmətlərindən istifadə ilə bağlı nazirliyin özü tərəfindən, bəzən də dövlət operatorlarının özlərinin müəyyən etdiyi ağlasığmaz tariflər yenidən işlənməlidir;

Sektorda Müstəqil Tənzimləyici qurum formalaşdırılmalı, kommersiya və tənzimləmə səlahiyyətləri ayrılmalıdır;

“Hər evə keyfiyyətli internet” dövlət proqramı yenidən işlənməlidir. Əhalinin 50%-nın yaşadığı kəndlərin optik və ya LTE texnologiya ilə internet təminatı həll olunmalıdır. Nazirliyin resursları, yalnız iki dövlət provayderi hesabına bu mümkünsüz olduğundan yeni maliyyə mənbələri tapılmalıdır”.

O.Gündüz daha sonra əlavə edir ki, startap və innovasiyalar sahəsində də nazirliyin tənzimləyici, yoxsa, ekosistemin bazar iştirakçısı olmasına aydınlıq gətirilməlidir. “Hələlik ekosistemin inkişafı üçün münbit şəraitin yaradılmasında İnnovasiya Agentliyindən gözləntilər özünü doğrultmayıb. Ümid edirəm və inanıram ki, yeni nazir və yeni formalaşdırılan komanda qısa müddətdə İKT sektorunun inkişafında ciddi uğurlar əldə edə biləcək”, – deyə Osman Gündüz vurğulayıb.

“AzPolitika.info”