Qatil generalın arvadı terrorçu təşkilatın başına keçir – FOTO

33

Ermənistanın terrorçu təşkilatlarından biri olan “Yerkrapa” könüllülər ittifaqının rəhbəri general Manvel Qriqoryanın dul arvadı Nazik Amiryan ərinin ölümündən sonra alternativ “Yerkrapa” yaratmaq istədiyini açıqlayıb.

Ölümünə qədər hakimiyyət tərəfindən siyasi təqiblərə məruz qalan generalın arvadı həmfikirlərindən və Qarabağ müharibəsi iştirakçılarından ibarət yeni “Yerkrapa” təsis etmək niyyətindədir. Erməni KİV-i xəbər verir ki, artıq yeni təşkilatın adı məlumdur: “Beşinci briqada”. Bu adın seçilməsi təsadüfi deyil. Belə ki, birinci Qarabağ müharibəsində M.Qriqoryan beşinci briqadaya rəhbərlik edərək Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törədib. Məlumata görə, Nazmik Amiryan “Yerkrapa” üzvlərini birlikdən ayrılmamağa çağırıb.

Ermənistan parlamentinin keçmiş üzvü M.Qriqoryanın barəsində, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən az sonra, 2018-ci ilin iyununda cinayət işi qaldırılmışdı. O, qanunsuz silah və döyüş sursatı saxlamaqda, həmçinin 200 min dollardan artıq dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Paralel şəkildə onun arvadı da ittiham edilirdi. 2020-ci ilin yanvarınadək həbsdə olan Qriqoryan sonradan girov müqabilində sərbəst buraxılmışdı.

Onkoloji və şəkər xəstəliyindən əziyyət çəkən qatil general yenidən Qarabağ müharibəsinə qatılmağa cəhd göstərmişdi. Ancaq 20 oktyabrda vəziyyəti pisləşdiyindən Ermənistana aparılmışdı. Ermənistanın kapitulyasiya sənədini imzalamasından 10 gün sonra, 2020-ci ilin 19 noyabrında cani general cəhənnəmə vasil oldu. İndi onun rəhbərlik etdiyi terrorçu təşkilatın başına dul arvadının gəlməsi erməni toplumunun baş verənlərdən dırs çıxartmaq niyyətində olmadığını bir daha təsdiqləyir. \\Konkret