QARABAĞIN HƏR QARIŞI GÜLÜSTANA ÇEVRİLƏCƏK – UNEC professorunun təklifləri

186

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imza­lanan birgə bəyanatla Silahlı Qüvvələrimizin cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi, ölkəmizin ərazi bütövlüyünün tam bərpası reallaşdı, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin yaradılacağı, Naxçıvanın blokadadan çıxacağı bəyan edildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu. Böyük siyasi, diplomatik səy he­sabına qazanılan bütün bu uğurlar Azərbaycanın parlaq qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsi kimi tarixə yazıldı.

Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-Prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın iş­ğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

Vətən müharibəsinin gedişində şəhər və kəndlər işğaldan azad edildikcə, eyni zamanda, ya­şayış məntəqələri qeyri-qanu­ni məskunlaşan ermənilərdən təmizləndikcə düşmənin barbarlığı, faşist mahiyyəti bütün çılpaqlığı ilə bir daha üzə çıxdı. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət də işğal­çı ölkənin 30 il ərzində törətdiyi vandal hərəkətlərindən, qeyri-in­sani əməllərindən xəbərdar idi və belə hallar haqdan-ədalətdən dəm vuran ölkələr tərəfindən susqunluq­la qarşılanırdı. Əslində, döyüşlər getdiyi günlərdə də vəziyyət dəyişmədi, Ermənistana barbarlığı­na görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərilmədi.

Hazırda işğaldan azad edilən torpaqların yenidən qurulması, bərpası qarşıda duran ən mühüm məsələlərdən biridir. Bu ərazilərdə gerçəkləşdiriləcək abadlıq-qurucu­luq işlərinin miqyası da, şübhəsiz ki, çox böyükdür. Çünki təcavüzkar Ermənistan torpaqlarımızda əsl vandalizm aktı törədib, bütün şəhər və kəndlərimizi tamamilə dağıdıb, tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də çıxışlarında hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sür­düyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğur­landığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan olunduğunu bildirib. Dövlətimizin başçısı, eyni zaman­da, xatırladıb: “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqı­nın ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.

Prezidenti İlham Əliyev, həmçinin bərpa zamanı bü­tün tədbirlərin əsaslı şəkildə gerçəkləşdiriləcəyini, bunun üçün Baş plan hazırlanacağını, mütəxəssislər cəlb olunacağını, infrastruktur layihələrinin planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlərin görüləcəyini diqqətə çatdırıb. Eyni zamanda, vətəndaşlara dədə-baba yurdlarına qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcəyini də xüsusi vurğulayıb.

Sevindirici haldır ki, dövlətimiz tərəfindən Qarabağ­da yenidənqurma işlərinə artıq başlanılıb. Suqovuşana yol çəkilib, Füzuli-Şuşa yolu müasir standart­lara uyğun inşa edilir, şəhərlərin yeni baş planları hazırlanır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Ümumiyyətlə, Qarabağda müasir infrastrukturun yaradılması bölgənin inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bunsuz ərazinin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyil. Məhz bu önəmi nəzərə alan cənab İlham Əliyev Füzulidə beynəlxalq aeroportunun inşası kimi qarşıya mühüm vəzifə qoyub. Dövlətimizin başçısı ötən ilin ye­kunlarına həsr olunan müşavirədə Laçın, ya da Kəlbəcər rayonunda da yeni beynəlxalq hava limanı­nın tikiləcəyini bəyan edib. Bütün bunlar isə Qarabağ bölgəsini bərpa etmək, yüklərin daşınması, turiz­min inkişafı üçün geniş imkanlar açacaq.

Ölkə rəhbərinin tapşırığına əsasən, dəmir yolları ilə də bağlı hazırlıq işləri gedir. Horadiz–Füzuli, Füzuli–Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur. Cənab Prezident də qeyd etdi ki, Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun çəkilməsi zəruridir. Şuşaya vətəndaşlar qayıdandan sonra, bu yol istismara veriləcək. Digər vacib layihələrdən biri də çətin relyefdən keçən Toğanalı – Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, iki tərəfdən – şimaldan və cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastruk­turu yaradılacaq.

Hazırda Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonu­na qədər yolun çəkilişi üzrə hazırlıq işləri gedir.

Prezidentin tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə hazırlanan Strateji Fəaliyyət Planı əsasında tədbirlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında reallaşdırılır.

Dövlətimizin başçısının tap­şırığı ilə bu işlərin sürətli icra­sı məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qa­rabağın bərpası tədbirlərinə cəlb olunub.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəlməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yara­dılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Xatır­ladım ki, fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiy­yat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.

Düşmən 30 ilə yaxın bir dövrdə Qarabağda qəsb etdiyi şəhər və kəndlərimizi xaraba qoymaqla bərabər, kənd təsərrüfatına yararlı münbit və məhsuldar torpaqları­mızı, örüş-otlaq sahələrimizi, təbii sərvətlərimizi də istismar edib, mövcud 160 müxtəlif qiymətli metal yatağını talayıb. Bundan sonra həmin təbii sərvətlərimiz regionun iqtisadiyyatının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq, xalqımızın rifahına yönəldiləcək. Bu isə son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, iş yerlərinin ya­radılmasını, ixrac potensialımızın artırılmasını şərtləndirəcək.

Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində erməni vəhşiliyindən danışarkən, deyib: “Mənə verilən məlumata görə, orada on minlərlə hektar­da taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayon­larında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər?..”.

Dövlətimizin başçısı yanva­rın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə isə Ermənistan mətbuatına istinadən təbii sərvətlərimizin işğal dövründə Ermənistanın rəhbər şəxslərinin qanunsuz gəlir mənbəyinə çev­rildiyini, istismar edildiyini vur­ğulayaraq, bildirib ki, münbit və məhsuldar olan o torpaqların böyük hissəsindən düşmən ölkənin keçmiş prezidentləri Koçaryan və Sarkisyan, həmçinin qanunsuz rejimə rəhbərlik edənlərin hər il böyük gəlir əldə ediblər.

Erməni faşistləri təbii sərvətlərimizi talan etməklə bərabər, həm də işğal altında saxladıqları ərazilərimizdəki su mənbələrindən də istifadəyə imkan vermirdilər. Barbarlar Sərsəng, Suqovuşan su anbarlarından suyu kəsməklə yüz hektarlar­la əkin sahələrimizdə məhsul becərilməsinə əngəl törədirdilər.

İndi su ehtiyatları ilə zəngin olan Qarabağ bölgəsində bu potensial Azərbaycanın tam nəzarəti altındadır və bu, şübhəsiz ki, ölkəmizə əlavə dividendlər gətirəcək. Bundan başqa, Xudafərin, Xaçınçay, Köndələnçay və digər su anbarlarının istifadə imkanlarının tezliklə reallaşması isə Azərbaycana təqribi hesabla­malara görə, 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək şəraiti yaradacaq. Bu isə su təhlükəsizliyimizin təmin olunması, kənd təsərrüfatının inkişafının sürətləndirilməsi və beləliklə, ərzaq bolluğunun yaradıl­ması deməkdir.

İşğaldan azad olunan ərazilərimizin mövcud potensi­alı, xammal və təbii ehtiyatları və məhsuldar torpaq sahələrinin həcmi bərpa mərhələsindən sonra Qarabağ bölgəsində qısa zamanda məhsul istehsalının 8-10 dəfəyədək artacağını proqnozlaş­dırmağa əsas verir. Bu isə tez bir vaxtda həmin ərazilərdə çox sayda yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı şərtləndirir.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Qarabağ torpağı tarixən bol-bərəkətli olması ilə diqqət çəkib. Yuxarıda vurğuladığım kimi, münbit və məhsuldar sahələrdə taxıl yetiş­dirilib. Xalqımızın qüdrət və qüvvət mənbəyi, səadət və xoşbəxtlik rəmzi kimi dəyərləndirilən çörəyin başqa bir dad-tamı olub. Bəlkə də Ağdamda işğaldan əvvəl mövcud olan çörək muzeyinin bu şəhərdə yaradılması məhz elə bununla bağlıdır.

Ağdam çörək muzey-komplek­si bəşəriyyətin, millətlərin çörək və çörək məmulatlarını, əkinçilik alətlərini nümayiş etdirən, onları ta­rixini yaşadan müqəddəs bir ocaq, bir ziyarətgah kimi tanınırdı. Muze­yin yaradılması təşəbbüsü 1983-cü ildə Almaniyanın Ulm şəhərində yerləşən çörək muzeyi haqqında “İzvestiya” qəzetində dərc olu­nan məqalədən sonra o zamam rayon partiya komitəsinin birinci katibi işləyən Sadıq Murtuzayev və ictimai-siyasi xadim, AMEA-nın müxbir üzvü Xudu Məmmədova, o cümlədən atam Əbülfəz (Bərəkət) Qasımova məxsus idi. Xalq şairi Bəxtiyar Vahabzadə də bu ideyanı yüksək qiymətləndirmişdi.

 

Əbülfəz (Bərəkət) Qasımov

 

Yeri gəlmişkən, o vaxtlar Əbülfəz (Bərəkət) ulu öndərdən muzeyin xeyir-duasının alınması üçün dünya şöhrətli akademik Həsən Əliyevdən xahiş də etmişdi.

Xatırladım ki, elə həmin il noyabr ayının 25-də fəaliyyətə baş­layan bu muzey-kompleks dövlət tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Burada 3 minə yaxın eksponat, habelə tam işlək vəziyyətə gətirilərək, gün ərzində 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman, 1930-cu illərində istifadə edilən “Triyer” taxıl təmizləyici qurğu, əmək alətləri – xış, vəl, çin, oraq, kirkirə, “çarçar” adlı taxıldöyən, təndirxana və kar­vansara, faytonçu Bəhmən kişinin faytonu ziyarətçilərdə böyük maraq doğururdu.

 

Çörək muzeyinin foyesində xanəndə Arif Babayev və digər ziyarətçilər

 

Muzey-kompleksdə, həmçinin Ağdamın Əfətli kəndi ərazisindəki “Çalağan təpədə” arxeoloji qazın­tılar zamanı aşkar edilən və yaşı 3 min ildən artıq olan daşlaşmış buğda dənləri, müxtəlif taxıl növləri, undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Ermənistan, Dağıstan və Səmərqənddə bişirilən çörək nümunələri, qədim küp və mətbəx əşyaları, müharibə dövrundə uşaqlara verilən çörək kartoçkaları, buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunurdu.

 

Ağdam şəhərində Çörək muzeyinin xarabalıqları

 

Onu da qeyd edim ki, ötən əsrin 80-ci illərində Ağdamda keçirilən müxtəlif bayramlar, beynəlxalq festivallar məhz bu muzeyə baxışla başlayırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağında tezliklə abadlaşdırılacaq yüzlərcə tarixi abidəmizlə, mədəniyyət incilərimizlə bərabər, Ağdam çörək muzeyinin də yeni həyata qədəm qoyacağı, eləcə də bu kompleksə gələcək ziyarətçilərin, ilk növbədə, Ali Baş Komandanımızın, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, şəhid ailələri üzvlərinin, qazilərin, Qarabağ torpağının azad olunmasında xidməti olan hər kəsin burada bişiriləcək Zəfər çörəyindən dadacağı gün uzaq deyil.

Sonda tarixi ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələrlə bağlı bəzi məsələlərin zəruriliyini də diqqətə çatdırmaq istərdim. Belə ki:

– işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı yerlərdə fermerlərə məsləhət və informasi­ya xidməti daha əlçatan edilməli, əkinlərin bərpası üçün innova­tiv üsulların tətbiqinə üstünlük verilməlidir;

– dağ-mədən, metallurgiya, yeyinti, emal sənayesi ilə bərabər, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvan­darlıq kimi istiqamətlərin inkişaf potensialı nəzərə alınaraq, bu sahələrə iş adamlarında investisiya qoyuluşuna maraq yaradılmalıdır;

– düşməndən təmizlənən ərazilərdə yaşıl enerji zonası­nın təşkili xarici investorların dəstəyindən yararlanmaqla əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uz­laşdırılmalı və indiki enerji sistemi ilə inteqrasiya edilməsi diqqətdə saxlanılmalıdır;

– Qarabağın inkişaf strate­giyasına uyğun olaraq, dövlət sərmayələri ilə yanaşı, dövlət-özəl əməkdaşlığı formatı, xarici özəl sərmayələr, kreditlər, qrantlar, tex­niki yardım investisiyalarının cəlbi üçün proqramlar hazırlanmalıdır

– işğaldan azad edilən torpaq­larda investorları cəlb edə biləcək strateji aktivlər, zəngin resurslar və xarici bazarlara çıxış imkanları yaradılmalıdır;

– bərpa layihələrinin reallaşdı­rılmasında 4-cü sənaye inqilabının prinsipləri nəzərə alınmalı, bu zaman yerli xüsusiyyətlər, resurslar və perspektivlər diqqətdə saxlanıl­malıdır.

Prezident, Ali Baş Koman­dan cənab İlham Əliyevin qeyd etdiyi kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqları­mızda yaşayacaq, qurub- yara­dacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüs­tana çevriləcək.

Natiq QASIMOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi, iqtisad elmləri doktoru, professor