Qarabağda rus hərbi maşınının fiaskosu…

39

Ruslar bu rüsvayçılığın əvəzini çıxmaq üçün nəyə desəniz gedəcək

 Məni ən çox narahat edən ideoloji sahədə həddən ziyadə zəifliyimizdir…

Bədbəxt Vətən, bir tərəfdə Ramiz Mehdiyev – Əli Həsənov tandeminin nəzarətdə saxladığı “ideoloji aparat” millətin mənəviyyatına rəxnə vurub, haqq söz deyənlərin ağızlarını kilidləyib, digər tərəfdə də paqonlu yaramazlar orduya ermənidən, rusdan çox ziyan vurublar. Nəcməddin Sadıqovun “epopeyası” nə ilə bitəcək, bunu heç kim bilmir…

  Gedişatı diqqətlə izləyirəm, gördüklərimi, bildiklərimi götür-qoy edib bir-iki suala cavab axtarıram. Əvvəla, xudavəndi aləm kimlərin duasını eşidib, kimlərin qurbanı qəbuli-dərgah olubdur, məmləkətin daxilində əlimizdən zəncir çeynəyən rus agenturasını zərərsizləşdirmək üçün nə etmək lazımdır?! Bu son savaşda bizə qələbə qazandıran bütün amillər barədə hörmətli Prezident ətraflı danışıb.

Çoxu bu barədə açıq danışmaqdan çəkinir. Əvvəlki yazımda demişdim, məğlub olan təkcə Ermənistan yox, Rusiya idi. Məhv edilmiş, sıradan çıxarılmış texnikanın, qurğuların sayına fikir verin. Bu rus hərbi maşınının tam fiaskosu idi. Araqarışıqlıqda Putinin “Şuşa Azərbaycanındır” deməsi, güləş amanı beli yerə dəymiş uşağın, pərtliyini gizlətmək xatirinə “mən bir fındıq tapdım” deməsinə oxşayır. Moskva irticasının nəyə qadir olduğunu mən bizim YAP ideoloqlarından min qat yaxşı bilirəm. Ruslar bu rüsvayçılığın əvəzini çıxmaq üçün nəyə desəniz gedəcək. Qələbənin ab-havasından məst olmaq bizə baha başa gələr.

Məni ən çox narahat edən ideoloji sahədə həddən ziyadə zəifliyimizdir, açığı, lap piyadayıq. Az qala otuz ildir ki, fəryad edirəm, dad döyürəm, ideoloji işə pulgirləri, yaltaqları, vəzifə düşkünlərini yaxın buraxmaq olmaz. Nələr görməmişik? Çoxu qanıb başa düşmədi ki, ərazisinin böyük hissəsi işğal olunmuş dövlətdə göbək rəqsləri, gözəllik müsabiqələrinin keçirilməsi əsl xəyanətdir. Ən dəhşətlisi bu idi ki, müvafiq orqanlar yaxşı bilirdilər ki, bu qondarma müsabiqələr insan alveri ilə məşğul olan imkanlı sutenyorlara lazımdır.

“Beşinci kolonna”nın rəhbərliyi Azərbaycan gənclərinin pleyboy-gəda gününə düşməsi üçün hər şeyi etdi. Pul, doyunca  yeyib-içmək,  bütün əxlaq normalarına, adət-ənənələrə tüpürüb əylənmək – türk balasının fikri-zikri ancaq bu olmalıdır. Səhərdən axşama qədər az qala bütün telekanallarda  gördüklərimiz kimlər idi? Maqnatların yataqlarından keçmiş sırtıq cariyələrə oxşayan bədənlərini əsdirən  “sənətçilər”, bütün şəhər camaatının “mavi” kimi tanıdığı əzilib-büzülən mütrüflər.  Bəxtimiz onda gətirdi ki, vicdanlı, vətən, millət təəssübünü çəkən insanlar məqamında sözlərini dedilər. Ziqiymət mədəni sərvətimiz muğam məhvdən nicat tapdı. Bir az da qalsaydı, bu neçə minillik tarixi olan sərvət toyxana, estrada həşəratının ayaqları altında pamal olacaqdı. O görkəmli sənətçi, muğam ifaçısı qalmadı ki, əməlli təqaüd almasın.

Amma 70 il ərzində kommunist ideologiyasına canla-başla qulluq eləmiş, sovet rejimindən hər cürə ənam almış “ədiblərin”, “şairlərin”, “tarixçilərin” fəsadı böyük idi. Azərbaycan gəncliyinin neçə nəslinin şüuru zəhərlənmiş, əxlaqı tamam pozulmuşdu. Hürriyyət də dadımıza çatmadı… Müstəmləkə ədəbiyyatı əyanlarının törəmələri vəziyyətdən sui-istifadə edərək yeni üsuli-idarə ilə dil tapmaqda çətinlik çəkmədilər. Bilirsiniz niyə? Sadəcə olaraq ona görə ki, bu törəmələr və onların ardınca gedənlər sələflərdən yaxşı dərs almışdılar. Yəni, yaxşı bilirdilər ki, kimə və nə vaxt yaltaqlanmaq lazımdır.  Hamısının ağzı çörəyə çatıb, hamısının neçə yerdə evi-eşiyi, bağı, villası var. Oğul-uşaq işlə təmin olunub, cici-bacılar  neynim demir. Bir qərinə ərzində min xoşagəlməz vaqiə baş verib, ta bu qələbəyə qədər o sarsıntı, o bəla qalmışdı ki, ona giriftar olmayaq? Bu tüfeyli zümrəsinin heç bir vaxt səsi də çıxmadı. Neçə il ərzində getmiş dava-mərəkədə birinin də övladı yaralanmadı. Bu güruhun içində nə qədər desəniz sidqi-dillə Moskva irticasına qulluq edən ünsür tapa bilərsiniz. Dünənləri ruslaşmaları ilə öyünən, bu gün də ingilisləşməsindən qürur hissi duyan bu zümrənin törəmələrindən nə desəniz gözləmək mümkündür.

Dərd bu deyil, dədələri, babaları kommunist partiyasının zəhmli fürerləri qarşısında mil duranlar min il də qalsa iliklərinə sirayət eləmiş xasiyyətlərdən əl çəkməyəcəklər. Bunlar bir az açıq desək, adətkərdə olublar.

Allah niyə daş yağdırmır?

… Şəhidlər Xiyabanını itləri üçün cövlangaha  döndərənlər, məzarların üzərindəki metal bəzəkləri oğurlayanlar, simsarsız əsgər ailələrinin torpağına göz dikənlər, cavan qızları aldadıb xaricdə sutenyorlara satanlar barəsində çox eşitmişdim. Mən hələ başqa bəd əməllərdən danışmıram.

Amma “Yeni Müsavat” qəzetinin bu ilki 49-cu sayında oxuduqlarım az qalmışdı məni növbəti infarkta salsın. Hərbi ekspert Telman Əbilovun dediklərini sakit oxumaq mümkün deyil. Erməni qatillərin əməllərindən mən belə sarsılmamışdım. Azərbaycan əsgərini donuzdan da aşağı tutan binamuslar da bu torpağın üzərində gəzərmişlər. Gözlərim yaşarır, əlim də qəzəbdən əsir, Telman Əbilovun sözlərini tamam-kamal oxuya bilmirəm. Zabit şərəfini pula satanlar heç demə köhnə əyyamın dərəbəyləri kimi mal-qara, qoyun sürüləri, fermalar saxlayırmışlar! Bunlar hələ də keflərindədir, nə haqq-hesab istəyən var, nə də cinayət işi qaldıran.

Hərbi ekspert, Mahmud Həmzəyev adlı bir hərbi rəisin günahı üzündən ən azı minə qədər əsgərin ölməsindən danışır. Minə qədər əsgər! Yaxşı oxudunuz? Müvafiq orqanlar, hərbi prokurorluq hansı cəhənnəmdə olub? Axı bu adi ittiham deyil, axı bu məsələ təsdiq olunsa günahkarları dinməz-söyləməz dar ağacının altına göndərmək lazımdır.

Kiçik bir haşiyə

İstefada olan, hörmətini saxladığım tanışıma telefon açıb Mahmud Həmzəyev barədə sual verirəm. Tanışım ərz edir ki, Mahmud Həmzəyev elə adam deyil, onun filan rayonda evi-eşiyi və bir qədər mal-qarası var, özü də on il olar ki, istefaya, yəni təqaüdə çıxıb. Qəzet min şey yaza bilər, nə olsun ki? Sözümü davam etdirirəm. Əlbəttə ki, tanışımın sözləri məni o qədər də qane etmir.  Qismətimizə baxın, müstəqillik dövründə Azərbaycan ordusunun yüksək çinli zabitləri müsəlman ola-ola donuz (!!) ferması saxlayırlar. Yazıdan öyrənirəm ki, qeyrətli zabitlər neçə dəfə hərbi prokuror Xanlar Vəliyevə müraciət ediblər. Amma, bu cənab əməlli başlı bir cavab da verməyib.  Bədbəxt Vətən, bir tərəfdə Ramiz Mehdiyev – Əli Həsənov tandeminin nəzarətdə saxladığı “ideoloji aparat” millətin mənəviyyatına rəxnə vurub, haqq söz deyənlərin ağızlarını kilidləyib, digər tərəfdə də paqonlu yaramazlar orduya ermənidən, rusdan çox ziyan vurublar. Nəcməddin Sadıqovun “epopeyası” nə ilə bitəcək, bunu heç kim bilmir. Adamda belə təəssürat yaranır ki, ölkədə tam dərəbəylikdir, iflic vəziyyətinə düşmüş orqanlar heç nəyə nəzarət edə bilmirlər, ya da istəmirlər. Bir tərəfdən də azğınlaşmış məmurlar çapıb talayırlar, əmlak, torpaq o yana dursun, 40-50 milyondan aşağı pul qamarlayan yoxdur.

Firuz HAŞIMOV