Qarabağda rus hərbi maşınının fiaskosu…

90

Ruslar bu rüsvayçılığın əvəzini çıxmaq üçün nəyə desəniz gedəcək

 Məni ən çox narahat edən ideoloji sahədə həddən ziyadə zəifliyimizdir…

Çərxi-fələyin gərdişinə baxın, Azərbaycanın istiqlaliyyəti uğrunda özlərini də, əhli-əyallarını da qurban vermiş, konslagerlərdə itib-batmış kişilər unutdurulur, yaddaşlardan silinir, biz, sərvəti-samanının, pulunun, mənzil və villalarının dəqiq miqdarı bilinməyən Əli Əhmədov, Ramiz Mehdiyev kimi unikumların qarşısında müti halda durub, cürət edib söz də deməməliyik…

Gedişatı diqqətlə izləyirəm, gördüklərimi, bildiklərimi götür-qoy edib bir-iki suala cavab axtarıram. Əvvəla, xudavəndi aləm kimlərin duasını eşidib, kimlərin qurbanı qəbuli-dərgah olubdur, məmləkətin daxilində əlimizdən zəncir çeynəyən rus agenturasını zərərsizləşdirmək üçün nə etmək lazımdır?! Bu son savaşda bizə qələbə qazandıran bütün amillər barədə hörmətli Prezident ətraflı danışıb.

Çoxu bu barədə açıq danışmaqdan çəkinir. Əvvəlki yazımda demişdim, məğlub olan təkcə Ermənistan yox, Rusiya idi. Məhv edilmiş, sıradan çıxarılmış texnikanın, qurğuların sayına fikir verin. Bu rus hərbi maşınının tam fiaskosu idi. Araqarışıqlıqda Putinin “Şuşa Azərbaycanındır” deməsi, güləş amanı beli yerə dəymiş uşağın, pərtliyini gizlətmək xatirinə “mən bir fındıq tapdım” deməsinə oxşayır. Moskva irticasının nəyə qadir olduğunu mən bizim YAP ideoloqlarından min qat yaxşı bilirəm. Ruslar bu rüsvayçılığın əvəzini çıxmaq üçün nəyə desəniz gedəcək. Qələbənin ab-havasından məst olmaq bizə baha başa gələr.

…Bədbəxt Vətən, bir tərəfdə Ramiz Mehdiyev – Əli Həsənov tandeminin nəzarətdə saxladığı “ideoloji aparat” millətin mənəviyyatına rəxnə vurub, haqq söz deyənlərin ağızlarını kilidləyib, digər tərəfdə də paqonlu yaramazlar orduya ermənidən, rusdan çox ziyan vurublar. Nəcməddin Sadıqovun “epopeyası” nə ilə bitəcək, bunu heç kim bilmir. Adamda belə təəssürat yaranır ki, ölkədə tam dərəbəylikdir, iflic vəziyyətinə düşmüş orqanlar heç nəyə nəzarət edə bilmirlər, ya da istəmirlər. Bir tərəfdən də azğınlaşmış məmurlar çapıb talayırlar, əmlak, torpaq o yana dursun, 40-50 milyondan aşağı pul qamarlayan yoxdur.

Bu giyena sürüsünün içindən təcrid olunub məsuliyyətə cəlb edilənləri barmaqla saymaq mümkündür. Ağır cəzaya layiq olanların oğul-uşağı, əlaltıları, qohum-əqrəbası güc strukturlarında, hüquq mühafizə orqanlarında yaxşı vəzifələrdə oturublar. Birinə yaxın düşsən, dörd tərəfdən üstünə düşüb dimdikləyib öldürərlər.

Özünü bu xalqın əziz-giramı sayan konfromist qələm əhlindən danışmaq mənim üçün ağırdır. Yaxşı yadımdadır, Heydər Əliyev təzə-təzə hakimiyyətə gəlmişdi, “Müxalifət”, “Azadlıq”, “Yeni Müsavat”  qəzetlərinin səhifələrində əsl cəngi-məğlubə başladı. Fantasmaqoriyanın kim tərəfindən idarə olunduğunu bilirdim. Onu da bilirdim ki, hakimiyyətdə olan beş-altı nəfərin adı üzərində “tabu” möhürü vurulmuşdu. Onların barəsində heç kim “altı-beş vurmamalı” idi.

İlk illər çox əsrarları bilməyən camaat Rauf Arifoğlunun idarə etdiyi dəstənin hər bir nəfərini qorxu-hürkü bilməyən qəzet fədaisi, ədalət carşısı kimi qəbul edirdi. Ağır məğlubiyyətlər, alınmaz hesab olunan qədim məskənlərin dalbadal süqutu, saysız-hesabsız partiya fürerlərinin birincilik uğrunda bir-biriləri ilə didişmələri, titullu mədəniyyət və ədəbiyyat xadimlərinin öz hücrələrinə çəkilib meydanı hərbgu nadanlara vermələri, misilsiz rüşvətxorluq və korrupsiyanın tüğyanı onsuz da qibləsini unutmuş cəmiyyəti naümid etdi.

“Beşinci kolonna”nın rəhbəri isə özünü itirmədi

“Beşinci kolonna”nın əsl rəhbərinin göstərişi ilə ortaya mənhus xəbər sızdırdılar, heç kimin cınqırı çıxmasın, bəzi arxivlər inandığımız adamın ixtiyarına verilib, göstəriş olan kimi, o, ipə-sapa yatmayan istənilən adamı “DTK casusu” kimi rüsvay edəcək. Hamını vahimə basdı! Hamı da unutdu ki, Azərbaycanın əsl xilaskarı, dövlətin qurucusu vaxtilə DTK-nın generalı, sonra da ən nəhəng imperiyanın Siyasi bürosunun həqiqi üzvü olub. Kişi onda 14 nazirliyi kurasiyasında saxlayırdı! Ən görkəmli siyasətşünaslar, ictimai xadimlər indi də etiraf edirlər ki, ABŞ-ın, mason-anqlosaks alyansının ümumi səyi nəticəsində Qorbaçov kimi satqın hakimiyyətə gətirilməsəydi, Heydər Əliyev SSRİ-ni dünyanın fatehi edəcəkdi. Buna heç kim şəkk eləmirdi. Heydər Əliyevin Kremldən uzaqlaşdırılması adlarını çəkdiyim qüvvələrə lazım idi. Bəli, ulu öndər Heydər Əliyev Azərbaycan miqyasının adamı deyildi.

…Həftələr, aylar ötdü, əzab-əziyyətlə də olsa ölkədə sabitlik yarandı. Heydər Əliyev ağır xəstələnəndə bəzi sirlər faş oldu… Həyasızlıq o yerə çatdı ki, vücudu qara qəpiyə dəyməyən bir ifritə böyük dövlət xadiminin ölüm xəbərini gətirənə muştuluq vəd etdi.

Heydər Əliyevin sayəsində gün görən, Milli Məclisdə rahatca oturan, yaxşıca da qazanan YAP “dilavərlərinin” birində kişilik çatmadı ki, ölümlə çapışan xəstə qocanı hədyanlardan qorusun. O günlərdə çıxan bütün əsas qəzetləri saxlamışam, mən sübutsuz danışmıram.

…Yenə də həftələr, aylar, illər ötdü. Atasının vəsiyyətlərini kişi kimi yerinə yetirən İlham Əliyev yaratdığı ordu ilə xalqımızın mənfur düşməni Ermənistanın belini qırdı. Azərbaycan gəncliyi heç bir vaxt belə coşqunluqla ayağa qalxmamışdı. O gün olmayıb ki, hörmətli Prezidentin çıxışlarına qulaq asmayım. Xoşbəxtəm ki, Xocalının qan qisasının alınmasını gördüm. Xoşbəxtəm ki, mənim otuz il bundan əvvəl “pambuq bəylərinin” ünvanlarına verdiyim ittihamları hörmətli Prezidentim səsləndirdi. Yazılarım qalıb, mən demişdim ki, müsavat firqəsinə rəhbərlik edən şəxslər bu ideyanın, M.Ə.Rəsulzadə irsinin “Fatihəsi”ni verəcək. Özünüz baxın, indi bu boyda ölkədə müsavat ideyaları kimin yadına düşür?

Çərxi-fələyin gərdişinə baxın, Azərbaycanın istiqlaliyyəti uğrunda özlərini də, əhli-əyallarını da qurban vermiş, konslagerlərdə itib-batmış kişilər unutdurulur, yaddaşlardan silinir, biz, sərvəti-samanının, pulunun, mənzil və villalarının dəqiq miqdarı bilinməyən Əli Əhmədov, Ramiz Mehdiyev kimi unikumların qarşısında müti halda durub, cürət edib söz də deməməliyik…

…Hörmətli Prezident öz əli ilə Rauf Arifoğlunun döşünə medal taxanda çoxunun matı-qutu qurudu. Mən isə sevindim, bütün proqnozlarım düz çıxdı, il on iki ay nökər-naibinin qələmi ilə iqtidarın üzərinə aramsız nifrin yağdıran, hamının gözünün odunu almış Rauf Arifoğlu görün üsuli-idarəyə necə xidmətlər göstərmişdir ki, belə şərəfə layiq görülüb.

Görünür, bu illər ərzində Rauf Arifoğlu bütün məxfi və qeyri-məxfi əmr və göstərişləri düzgün yerinə yetirib. Bu kimi tül məsələlərə rəiyyət burun soxmasa yaxşıdır. Məsələn, mən şəxsən o göstərişlərin bir neçəsindən xəbərdaram, amma susmağım məsləhətdir. Dəli zad deyiləm ki, hər şeyi açıb deyim. Bir dəfə tanınmış saray məddahı, “savab” əməlləri hamıya bəlli olan Elmira Axundovaya qəzet səhifəsində sual verdim, bütün ədliyyə sistemi nərə çəkib ayağa durdu. Üç il məhkəmələrin qapılarına saldılar, sonra 20 ay qocalıq təqaüdümü əlimdən aldılar. İndi durub Rauf Arifoğlu barədə bir-iki kəlmə desəm, deməli minalanmış əraziyə daxil olacağam. Bu dəfə məni sağ buraxmazlar…. Halva deyil, Rauf ağanın sinəsinə hörmətli Prezident özü medal taxıb!

(Ardı var)

Firuz HAŞIMOV