“Qarabağa ermənilərin axını dayanacaq, Azərbaycan qanunları tətbiq olunacaq” – Polkovnik

549

“Monitorinq qrupu yaradılana qədər sülhməramlı qüvvələr Azərbaycan maraqlarına uyğun olmayan bəzi addımlar atırdılar”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Modern.az-a hərbi ekspert, polkovnik Şair Ramaldanov cəbhədə olan son vəziyyətdən danışarkən deyib.

Onun sözlərinə görə, monitorinq qrupu fəaliyyətə başlayandan sonra müsbət dəyişikliklər baş verib.

“Hazırda cəbhədə nəzərdə tutulan işlər mərhələli şəkildə həyata keçirilir. Həm infranstrukturun, həm minalı ərazilərin təmizlənməsi, həm də yolların çəkilməsi ilə bağlı böyük işlərin davam edir. Sülhməramlılarla bağlı işlərə gəldikdə isə hər şey öz qaydasına düşüb və nəticələri də görürük. Biz bilirik ki, monitorinq qrupu yaranana qədər sülhməramlı qüvvələr Azərbaycan maraqlarına uyğun olmayan bəzi addımlar atırdılar. Ermənistanın xarici işlər nazirinin icazəsiz Azərbaycana daxil olması, ermənilərin kütləvi şəkildə məhz Azərbaycan ərazisinə köçürülməsi, Kəlbəcərə gedən yolların bağlanması və yüklərin Kəlbəcərə buraxılmaması onu göstərirdi ki, bu hələ başlanğıc idi. Monitorinq qrupu fevralın 1-dən fəaliyyətə başlayıb. Qardaş ölkə Türkiyəsinin monitorinq qrupunda təmsil olunması çox vacib idi. Monitorinq qrupunun fəaliyyətə başlamasının az müddət olmasına baxmayaraq nəticəsini görürük və Azərbaycana ərazisinə demək olar ki, ermənilərin axını dayanıb. Yəni Qarabağda yaşayan ermənilər yox, məhz say çoxaltmaq üçün gələn ermənilərin axını dayandırılıb”.

Hərbi ekspert qeyd etdi ki, artıq xarici nəzarət mexanizmi həmin ərazilərdə tətbiq olunur:

“Bu addımlar onu göstərir ki, Türkiyənin orda olan nümayəndəsi məhz Azərbaycan maraqlarına uyğun olaraq addımlar atırlar. Azərbaycanın maraqları da beynəlxalq normalar çərçivəsində sülhün bərqərar olunması məqsədi daşıyır.

Hələlik elə bir ciddi problem yoxdur. Bu onu göstərir ki, artıq xarici nəzarət mexanizmi həyata keçirilir. Bundan sonra bütün məsələlər obyektiv həll olunacaq. Getdikcə Dağlıq Qarabağa Azərbaycan qanunları tətbiq ediləcək”.