Qarabağ qazilərinə qarşı cinayət işi sifariş verən hakimlər “yüksəlib”

84

Xətalı” hakimlər nəinki cəzalandırılır, əksinə, mükafatlandırılır:

Elşad Şamayev Ali Məhkəməyə, Elçin Qurbanov apellyasiya instansiyasına təyin olunub

Futbolda hakim xətalarına görə bir neçə oyunluq diskvalifikasiyadan tutmuş, tamam hakimlikdən məhrum edilməyə kimi intizam cəzaları tətbiq edilir. Elə xətalar olur ki, hakimin futbola məhbəs kamerasından baxması ilə sonuclanır. Uzağa getməyək, serbiyalı hakim Srdyan Obradoviçin tərəf tutub, qərəzli penalti təyin etməsinə görə məhkəmə aktı ilə 15 aylıq məhbəslə cəzalandırılması bir ay olar, ya olmaz. Başqa sözlə, futbol hakiminin qərəzli hakimliyinə məhkəmə hakimi ədalətli qiymətini verib. Bəs bizdə necədir? Azərbaycanda “danışılmış”oyunlar bir yana, məhkəmələrdə gerçəkməzhəkə  şouları sərgilənir. Məhkəmə hüquq sistemi “məzhəkə hoqqa sirki”nə dönüb, hakimlər məhkəmələrdə elə hoqqalardan çıxır, elə hoqqa çıxarırlar ki, heyran olmaya bilmirsən. Sabir olsaydı, deyərdi ki, MƏHKƏMƏ ADIN ÇƏKMƏYİN, MƏZHƏKƏDİR, MƏZHƏKƏ! Qısası, bizdə “xətalı” hakimlər nəinki cəzalandırılır, əksinə, mükafatlandırılır.

Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev sözügedən məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsi  və təbii ki, icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin həm pensiyasını yarıqat edib, həm daşınar-daşınmaz əmlakına özbaşına- məhkəmə qərarı ilə yox, həbs qoyub. Qazinin məhkəmə yolu ilə pozulmuş hüquqlarının bərpasına da elə bu icra məmuru qadağa qoyub. Təsəvvür edin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Zaur Tağıyev) bildirişi ən azı 10 gün qabaq verməli olduğu halda, iclasın vaxtından 10 gün sonra verib və bir  tərəfi tutaraq, digər tərəfi “qırmızı vərəqə” ilə məhkəmə şousundan qıraqda qoyaraq iddianı mümkün saymayıb. Yuxarı instansiyalar da bu “bir qapıya oyun” aktını qüvvədə saxlayıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi  (hakimlər Miminat Hacıbəyova və Nəriman Abıyev) və Bakı Apellyasiya Məhkəməsi 2 (!) dəfə Ali Məhkəmənin ləğv etdiyi qərardadlarını yenidən qüvvəyə mindiriblər. Yeri gəlmişkən, 07.04.2021-ci il tarixli Qərarla Ali Məhkəmə (sədrlik edən hakim Xəqani Məmmədov) 2-ci dəfə aşağı instansiyanın qərardadlarını ləğv edib. Atalar üçdən deyib, görəsən, 3-cü dəfə də Bakı İnzibati Məhkəməsi ali instansiyanın qərarını ləğv edəcək?

Məhkəmələrin açıq-aşkar inzibati dövlət orqanlarının tərəfini tutduğunu görən Qarabağ qazisi 7 illik məhkəmə şousundan dələduzluqla “tələbkar” rolunda çıxış edən “Rəvan” sığorta şirkətinə qarşı Nərimanov məhkəməsində iddia qaldırıb və bu sətirlərin yazarı da müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edilib. Hakim Vüqar Quliyev 06.05.2019 tarixli qətnamə ilə iddiaçı Qarabağ qazisinin pensiyasından  cavabdeh sığorta şirkətinin “yediyi” 350 manatın geri qaytarılmasını qət edib. Növbəti “məzhəkə-hoqqabazlıq şousu” bundan sonra başlayıb. Qazilərin cavabdehin məhkəməyə təqdim etdiyi saxta icra sənədinə görə xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında ərizələrinə 2 ildir baxılmır və apellyasiya şikayətləri də sifarişlə yuxarı instansiyaya göndərilməyib.

Cavabdeh “Rəvan” sığorta  şirkətinin möhürsüz, imzasız saxta icra sənədini “əsas” tutan Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Elşad Şamayev) 29.08.2019 tarixli qətnamə ilə aşağı instansiyanın qətnaməsini ləğv edib. Bu qətnamədən sonra şouya “vəkillə təmin edilmə” hoqqabazlığı özəl çalar verib və şou hələ də davam edir: iddiaçı Qarabağ qazisini Ali Məhkəməyə kassasiya şikayəti verərsə, mənzilindən məhrum ediləcəyi ilə şantaj edən hakimlər heyəti 14 aydan sonra (?) vəkil ayırıblar və 3 -cü şəxs Qarabağ qazisinə isə hələ də vəkil ayırmayıblar . “Vəkil şousu” bununla bitmir. 14.10.2020-ci il tarixli Ali Məhkəmənin iclasında vəkil Ayşən Vəliyeva“dövlət hesabına” iştirak etməkdən imtina edib və Ali Məhkəmə “məzhəkə – hoqqa şousu”nda “tərəf-müqabil” olmadan baş rolda oynayıb”. Elşad Şamayevin qeyri-prosessual “peşəkarlığı” Ali məhkəməyə təyinat alması ilə nəticələnib.

Qarabağ qazilərini susdurmaq üçün hakim 2015-2017-ci illərdə Yasamal məhkəməsində bir yerdə işlədiyi həmkarı Elçin Qurbanova “Rəvan” sığorta şirkətinin adından xüsusi ittiham qaydasında cinayət işi də sifariş edib. Soyadını Qaraqurbanlı edən Elçin Afad oğlu da kolleqasının sifarişi ilə qaziləri 3 aya yaxın 2 cinayət maddəsi ilə şantaj edib və. .. Bakı Apellyasiya Məhkəməsinə təyinat alıb (?).

Bizi qərəzli olmaqda suçlamaq fikrinə düşənlər yanılırlar. Nədən Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri şəxsiyyət əleyhinə cinayətlər kateqoriyasına aiddir . Qazilərə qarşı “şərəf və ləyaqətin alçaldılması” ittihamı ilə şikayət edən şəxsiyyət yox, “Rəvan” sığorta şirkətidir! Ali instansiyaya, apellyasiya instansiyasına “yüksələn” hakimlər bilmir ki, ŞİRKƏTİN ŞƏRƏF VƏ LƏYAQƏTİ OLMUR? Dünənin min oyunla testdən “hakim”çıxanlarını bir yana qoyaq, axı, Elçin Qurbanov dünənədək Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında Azərbaycanın  nümayəndəsi və həmin komissiyanın Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupunun eksperti , komissiyanın büro üzvü , hətta vitse-prezidenti olub. “Özünə umac uma bilməyən, özgəsinə necə əriştə kəsə bilər? “

Biz də o fikirdəyik ki, məhkəmələrdə “işləri çevirənlər” hakim köməkçiləri, məsləhətçiləri olur. Amma bu, yüksək hakim adından çirkin məqsədlərlə yararlanılmasına (göz yumulmasına) haqq vermir. Eyni zamanda, hakim bildirişini və sonra da qərarını elektron imza ilə təsdiq edib axı! Avropada bizi təmsil edən hakim hansısa şirkətin olmayan “şərəf və ləyaqəti” ilə Qarabağ qazilərini cinayət işi ilə hədələyirsə , vay bizim halımıza, vay belə məhkəmə -hüquq sisteminə!

Məğrur Bədəlsoy