Qafqaz qartalı Şeyx Şamilin vəfatından 150 il ötdü

150

Dağıstan və Çeçenistan dağlılarının birliyi olan Şimalı Qafqaz imamətinin başçısı kimi 25 il rus işğalına qarşı istiqlal savaşı vermiş Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. O, gəncliyində, gələcək qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumukinin yanında dini təhsil alıb. Daha sonra qabiliyətinə və nüfuzuna görə seçilərək özündən əvvəl imamətə başçılıq edən Qazi Məhəmməd və Həmzət Bəyin müşaviri olub. 1829-cu ildə Qubada kəndlərarası münaqişə baş verdiyində, Susaylıların şikayəti əsasında Kürkün camaatını cəzalandırmağa da Şeyx Şamil göndərilibmiş…

Şeyx Şamil 1932-ci ildə Qazi Məhəmmədlə birgə Gimri kəndi yaxınlığındakı qalada rus ordusu tərəfindən mühasirəyə alınır. Qazi Məhəmmədin həlak olduğu bu döyüşdə Şamil ağır yaralansa da bir neçə silahdaşının yardımıyla dağlara çəkilməyi bacarıb. 1834-cü ilin sonunda o imam seçildikdən sonra ilk olaraq imamət daxilindəki fikir ayrılıqlarını aradan qaldırır, bir-biri ilə ədavət aparan Dağıstan və Çeçenistan icmalarını İslam ideologiyası əsasında birləşdirir. O, rəhbərlik etdiyi ərazidə şəriət qaydaları ilə məhkəmə və idarəetmə sistemi qurur. Rusiya İmperiyasına qarşı müqavimət göstərmək üçün vacib olan hərbi və mülki təşkilatlar yaradır. Bundan başqa top, barıt, digər silah-sursat istehsalı və tədarükünü artıran Şeyx Şamil hərbi təşkilatlanmada da böyük irəliləyişlərə nail olur.

Güclü natiqlik qabiliyyəti, qətiyyəti, möhkəm iradəsi və sərkərdəlik məharəti sayəsində böyük uğurlar qazanan İmam Şamilin şöhrəti qısa zamanda ətraf bölgələrə də yayılır. Bölgədəki bir çox feodal hakimləri onun Rusiya imperiyasına qarşı apardığı mübarizəyə qoşulur. Özündən əvvəlki iki imamın dövründə imperiyaya qarşı 10 il savaşan Şamil, imam seçildikdən etibarən döyüşləri bir qədər də genişləndirir, Rusiya ordusunu bir çox döyüşlərdə məğlub edir və onlara böyük zərbələr vurur. O, öz çağırış məktubları, müraciətləri ilə 1837-ci il Quba usyanının da təkanverici, hərəkətverici qüvvəsi kimi çıxış edirdi.

1856-cı ildə Parisdə bağlanılan sülh müqaviləsindən istifadə edən Rus imperatoru Qafqaz cəbhəsinə 200 minlik hərbi qüvvə göndərir. General Nikolay Muravyov və Aleksandr Baryatinskinin başçılıq etdiyi rus ordusu 1859-cu ilin aprel ayında İmam Şamilin iqamətgahı olan Vedeno aulunu, iyun ayında isə bütün Çeçenistan ərazisini ələ keçirir. 1859-cu ilin avqust ayında İmam Şamil 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşür. Müqavimət dövründə kənardan heç bir kömək görməyən İmam Şamil bütün qüvvə və qaynaqların tükəndiyini anlayaraq təslim olur.

Əvvəlcə Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şamil Həcc ziyarəti üçün Çar II Aleksandrdan icazə alaraq 1869-ci ildə İstanbula gəlir. Osmanlı Sultanı Əbdüləziz tərəfindən ayrılan gəmi ilə oradan Ciddə limanına yola düşür. Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedir. Şeyx Şamil Mədinədə olarkən xəstələnir və 1871-ci il fevralın 4-ü və ya 14-ü 74 yaşında orada vəfat edir. Mədinə şəhərindəki məşhur Əl-Bəqi qəbiristanlığında dəfn olunub. Haqqqında azərbaycanlı alimlər şərqşunas Mirzə Kazım bəy və filosof Heydər Hüseynov müsbət yöndə əsər yazmış, Dağıstanlı avar şair Rəsul Həmzətov ifşaedici poema piləmişdi… Allah azadlıqsevər və qədirbilən insanlara qəni-qəni rəhmət eləsin!!

 

Hazırladı: C.Alpoğlu ALBANTÜRK