Qərbi Azərbaycanın yer-yurd ocaqları 

252

(II məqalə)

Qərbi Azərbaycanın Dərələyəz (Dərə Ələyəz) mahalında 1931-ci ilədək mövcud olmuş və 36 para müsəlman-türk kəndlərini əhatə edən Keşişkənd nahiyəsinin etno-morfoloji mənası “keşiş” sözü ilə bağlı deyil (şivə, ləhcə, dialekt səslənməsinin yanlış yozumu, düzgün olmaya tələffüzün nəticəsidir), bu antrotoponim “bu ərazidən keçən köçə” işarə edilərək “keçdi köç” söz birləşməsindən yaranmışdır, əslində fonetik məna baxımından “keçidkənd” mənasını özündə birləşdirir. Amma, çox təəssüf ki, “Keşişkənd” adı ilə rəsmiləşməsinə səbəb olmuşdur.

Nahiyə kəndlərinin antro-orotoponimləri də kökənli dil-foneloji üsluba köklənmişdir: Qalasər (qayalıq-dağlıq yüksəklikdə salınmış qədim qala yerində salınıb), Qovşuq (bir çox dağarası dərələrin burada qovuşduğundan bu cür adlanır), Qabaqlı (yerli şivə ilə “qundur” deyilən “qabaq”, “boranı” daha çox yetişdirlən yer), Ələyəz (burada yayılan  rahiyəli yabanı bitki növü olan “ələyəz”in adından yaranıb, onu xüsusi dad verdiyi üçün əriştəyə qatırlar, “Dərələyəz” orotoponimi də bu mənanı ifadə edir), Qızılgül (1947-ci ilədək “Ayıçətik” adlanıb, Canı çayının 1 km-də, yüksək ərazidə geniş düzənlikdə gül-çiçəklik yerdir), Gədikvəngi (ərazidə əski Alban məbədinin şərəfinə), Qarışıqkənd, Ağkənd, Gülüdüz (Nəbilər kəndindən 3 km aralıda dağların-qayaların arasında, dərələrin üstündə gül-çiçəkli düzənlikdə salınmışdır), Yelpin, Həsənkənd (1918-ci ilədək müsəlman-türk kəndi, sonradan “erməni”ləşdirildi)…

1935-ci ildə nahiyənin inzibati ərazisinə daxil olan Paşalı inzibati-ərazi vahidliyində Əzizbəyov rayonu (1134 kv.km sahədə) yaradılsa da, 1988-ci ildə adı dəyişdirilərək – Vayk olub.

Hay kilsəsinin baş keşişi VI Gevorqun (1868-1954) və SSRİ Xarici ticarət naizri-daşnak A.İ.Mikoyanın (1895-1978) çoxillik səyi ilə qəbul edilən SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli  qərara əsasən (Azərbaycanlıların dədə-baba torpaqlarından köçürülərək  həmin evlərdə Suryadan, Livandan, Yunanıstandan, Fransadan, Bolqarıstandan… gətirilən hay ailələrinin yerləşdirilməsi ilə bağlı) 1948-1950-ci illərdə mahalın və nahiyənin bir çox kəndlərindən Muğan düzünə (Salyan rayonu, Kürsəngi-Qarabağlı-Qaraçala ərazilərinə) köçürülümüş ailələrdən geri qayıdanların (10-a qədər ailə) evlərində haylar olduğundan, onları doğma ocaqlarına buraxmadılar, nəticədə həmin ailələr məcbur olub Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna köçməli oldular.

Keşişkənd nahiyəsinin morfoloji-oroqrafik relyef formaları sırasında ətraf dağlarının (Təkədonduran, Sarsal, Səlimölən, Dəmirtəpə, Daşagirən), yaylalarının (Soğanlı, İsmayılölən,), yüksəkliklərinin (Murad təpəsi), çaylarının (Qaraqaya, Qızılgül, Canı, Yastı bulağı, Ağ bulaq), dərələrinin (Kənd dərəsi, Səməd dərəsi, Camal dərəsi, Kəmənd dərəsi, Şirin dərəsi, Çatımın dərəsi… Güneyvəngi kəndinə kimi uzanırdı, ayrı-ayrılıqda bu dərələrin uzunluğu 2-3 km, eni 150-200 m olsa da,  hündürlüyü 20-30 metrə çatan, yaşı 15-200 ili ötən ceviz ağacları ilə örtülü idi)… adları sırf oğuz-türk dilindən, tələffüzündən “yoğrulmuş” toponimlərdir. Dərələr boyu çoxsaylı bulaqlardan qidalanan xırda çaylar birləşərək, Şərur nahiyəsində Araz çayına qovuşur.

Qovuşuq kəndinin şərqində, 15-17 km uzaqlıqda yerləşən Həsənkənd kəndinin sakini Hüseyn Ələkbər oğlunun (1885-1972) xatirəsinə görə, bu kəndə (40-50 ev olub) 1905 və 1918-ci illərdə hay-daşnak quldurları basqın etdikdə camaatın bir hissəsi Şərur-çuxuruna, xeylisi Gəncə şəhərinə köçmüş, Suriyadan, Livandan, Osmanlı Türkiyəsindən… köçürülən haylar onların evlərində məskunlaşmışlar. Məcburi köçkün ailələri ilə 1918-ci ildə Gəncə şəhərində N.Nərimanov (1870-1925) da görüşmüş, onlara geri qayıtmamağı məsləhət görmüşdür. Bu kənd Soğanlı yaylağının ətəyindədir, yaylaq yüksəklikdə çağlayan bir çox bulaqların suyundan soğanaq sahələrin geniş yayılmasından bu cür adlanır, burada şərurlu Məhəmməd Ərəb oğlunun (1885-1918) qəbri qalırdı (ərazidə qədim qəbirstanlıq salınmışdır).

Qovuşuq kəndinin böyründə (1 km kənarda), dağın dibində “Quzey kahası”nda min qoyun saxlamaq olurdu, qarda, çovğunda, yağışlı havalarda. Bu cür kahalara Qovuşuq və Qabaqlı kəndləri arasındakı qayaların dibində, meşənin qırağında da rast gəlinirdi.

Qabaqlı kəndindən (80-90 evli) günçıxana 7-8 km aralıdakı Səlimölən dağında olan Canı yaylağında da (Canı çayı bu yaylaqda uzə çıxan bulaqların suyundan əmələ gəlmişdi, axıb Araz çayına tökülürdü) əski qəbirstanlıq var idi. Canı çayı Gülüdüz kəndinin 1 km-dən keçirdi, yanında Canı kəndi (“havasından, suyundan, torpağından can bəslənilən yer” mənasındadır) salınmışdır. Qabaqlı kəndinin üstündə 7-8 evdən ibarət kiçik bir oba da salınmışdı, Hüseynqulular adında.

Dərələyəz dağlarında, qayalıqlarında (əsasən Dəmirtəpə dağında) daş-çınqıl sürüşmələrini bəhanə edən hay-daşnak sürüsü müsəlman-türk kəndlərinin boşaldılması, sayının azaldılması məqsədi ilə 1940-cı ildə Güneyvəngi, Xostun, Alxanpəyəsi, Bülbülölən kəndlərinin əhalisini köçürtdülər Qovuşuq, Ələyəz və Şərur nahiyəsinin bəzi kəndlərinə.

Arpa çayının sahilində yerləşən Etiş kəndi (30-40 ev) Qovuşuq kəndindən 40 km məsafədə olsa da, əhalisi bu kəndə köçürüldü, 1950-ci illərdə.

Ələyəz və Qovuşuq kəndlərinin yaxınlığında geniş sahədə lava axınlarının altında qədim yaşayış məntəqəsinin qaldığı barədə yaşlı sakinlərin məlumatalrı indiyədək unudulmayıb.

1920-ci və 1930-cu illərdə həmin hövzədə yerləşən bir çox kəndləri, xüsusilə Türkiyə Cumhuriyyətinin İqdır və Qars vilayətləri ilə qonşu olan Canı çayı sahilindəki Güneyvəngi kəndinin (30-a qədər evi olan), Ardarazı kəndinin əhalisi 2 km aralıdakı Qovuşuq kəndinə və Şərur nahiyəsinə köçürüldü, Hostun kəndi aralarında 5 km məsafə olan Ələyəz kəndinə, Nəbilər, Gülüdüzü kəndinə, Etiş isə Qaraqaya kəndinə (50 km aralıdakı) birləşdirildi, boşalmış kəndlər yer üzündən (xəritələrdən)  silindi və adları da unuduldu.

Qeyd etmək zəruridir ki, Dərələyəz (Dərə Ələyəz) mahalının bu kəndləri 1920-ci ilədək Naxçıvan qəzasının Şərur nahiyəsinin tərkibində olmuş, 29 noyabr 1920-ci ildə Qərbi Azərbaycan hüdudlarında  qondarma “Ermənistan SSR” yaradıldıqda hayların idarəedilməsinə verilmişdir.

1918-1920-ci illərdə A.Ozanyanın basqını nəticəsində müsəlman-türk əhalisinin bir hissəsi qətlə yetirilmiş, qalanı isə qovulmuş, Canı çayının sahilində yerləşən Həsənkənd kəndinə (300-ə qədər evli) 1930-cu illərdə xarici ölkələrdən köçürülən hay ailələri yerləşdirildi və kəndin adı Şadin qoyuldu (Ələyəz kəndindən 7 km məsafədədir).

Ərdəpin çayı  Xostun və Həsənkənd kəndlərindən  keşərək Canı çayına qovuşur. 1920-1930-cu illərdə xaricdən axışan hay sürüsü iri yaşayış məntəqələri olan Ortakənd, Başkənd (adı dəyişilib Qlazor qoyulmuşdur) və Məlişkə kəndlərində də oturaqlıq tapdı.

Paşalı nahiyəsinin əsası XVIII əsrdə Məlişkə kəndindən köçən Paşalı soyu tərəfindən qoyulmuşdur.

Nahiyənin yer adlarının sistematikasının, toponimik təsnifatının tarixi-coğrafi  etno-morfoloji və genetik əsaslarının elmi-nəzəri təhlili bir daha sübut etmişdir ki, ümumilikdə Qərbi Azərbaycanın toponimikası həm də sırf müsəlman-türk mənşəli olmaqla, yabançı hay söz-sözbirləşmələrindən tamamilə uzaqdır. Çünki bu terminlər yad dildə heç bir kökənli mənanı, məzmunu, yaranma amilini, təbii-coğrafi şəraiti və tarixi keçmişi, milli-mənəvi dünyagörüşünü, etnoqrafik özgürlüyü  özündə ifadə etmir.

(Yazının hazırlanmasında  həm də  Qərbi Azərbaycanın Keşişkənd nahiyəsinin Qovuşuq kənd sakini  Əli Hüseyn oğlu Ələkbərovun (1927), Ələyəz kənd sakini Tümən Mikayıl qızı Ələkbərovanın (1932)    məlumatlarından  istifadə  edilib.)

Qismət  YUNUSOĞLU,

Bakı Dövlət Universitetinin müəllimi