Qərb Rusiya ilə üz-üzə gəlməkdən çəkinməyəcək?

108

2008-ci ilin Gürcüstan olayları Ukrayna məsələsində tərəddüdləri artırıb, amma…

Moskva ilə Qərb arasında artan hərbi gərginlik fonunda Rusiya Donanması Baltik dənizində hərbi təlimlərə başladı. Rusiya Baltik Donanmasının aviaqrupu, Kalininqrad bölgəsində hərbi poliqonda bombardman təlim uçuşları keçirdi. “Təlim döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı 10 qırıcı və bombardmançıdan ibarət təyyarə ekipajları hədəflərə yüksək dəqiqliklə zərbələr endirdi, şərti düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etdi”, – deyə mətbuat xidmətinin xəbərində bildirirlir.

“The National Interest” yazır ki, bu təlimlər mart ayının ikinci yarısında keçirilən Baltik Donanması təlimlərinin ardınca nəzərdə tutulur. Baltik Donanmasının mətbuat xidmətindən qeyd edirlər ki, donanmanın yerüstü gəmiləri “hava hücumundan müdafiə silahları ilə müxtəlif yüksəkliklərdən və istiqamətlərdən məcazi düşmənin hücumlarını dəf etmək üçün” təlimlər keçirir. Rusiyanın Mərkəzi Avropadakı anklavı Kaliinqrad uzun zamandır ki, NATO-nun narahatçılığının mənbəyidir. Baltik regionu üzərindəki hava məkanında bədnam müdaxilələr daha yayqın hala çevrilir, çünki Kalininqrada gedib-gələn rus rəsmi şəxsləri regionda yerləşən NATO təyyarələrinin diqqətini cəlb edir. Rusiya silahlı qüvvələrinin Baltik bölgəsində fəallaşması Rusiyanın Qərbi Hərbi Dairəsi və Belarus hərbi qüvvələrinin bu ilin sentyabrında keçiriləcək “Zapad-2021” təliminə zəmin hazırlayır.

“RAND Corporation”hesabatında qeyd olunduğu kimi, NATO-nun Şərq cinahının gücləndirilməsi, Rusiyanın bölgədəki əhəmiyyətli hərbi mövcudluğu Moskvaya Baltik bölgəsində əhəmiyyətli taktiki üstünlük verən amillərdən biridir. Misal üçün bildirək ki, 2017-ci ildəkeçirilən son “Zapad” təliminə 680 ədəd hərbi texnika cəlb edilmiş və 13 minə yaxın rus ilə belarus hərbçi iştirak etmişdir.

Hesabatda deyilir ki, Baltikə rus müdaxiləsi ssenarisi mümkünlüyü az olan versiya hesab olunsa da, NATO Rusiyanın Baltikyanı ölkələrə iri miqyaslı hücumuna  qarşı çıxmaq üçün vasitələrdən məhrumdur. Son illərdə Baltikyanı ölkələr müdafiə xərclərini artırmaq üçün addımlar atdılar, lakin bu tədbirlər Kremlin qərb sərhədlərini hərbi gücləndirilməsi ilə əvəzləndi.

Rusiya ilə Qərb arasındakı son gərgin münasibətlər nə qədər ağırlaşsa da, yalnız Baltik bölgəsində müşahidə olunmur. Kiyev və Moskva yenidən müharibə vəziyyətindədirlər. Bu, Donbasda sönməmiş  münaqişənin qəfil hərbi fazaya keçməsinin ardınca və Kremlin hərbi texnikanı Rusiyanın işğalı altındakı Krıma göndərdiyi vaxtda meydana gəldi.

Beləliklə, Rusiyanın Ukraynaya qarşı hər zaman mövcud olan geniş miqyaslı hərbi təcavüz təhlükəsi, Moskvanın açıq təxribatçı hərəkətlərilə təsdiqlənir. Ukrayna Prezidenti Vladimir Zelenski  Rusiyanı sərhəddə “əzələ oyunu nümayişində” günahlandırdı.

NATO ölkələrinin səfirləri Brüsseldə fövqəladə toplantı keçirərək  Ukrayna sərhədlərinə əsgər və hərbi texnika köçürən Rusiyanın hərəkətlərini müzakirə etdilər.

Alyans Rusiyanın Ukrayna sərhədinə yaxınlığında artan hərbi mövcudluğundan narahatdır. Bundan əlavə, Pentaqona qiymətləndirmәlərinə görə, Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədinə 4000 əsgər və texnika yerləşdirdi. ABŞ-ın Avropa Komandanlığı qoşunları maksimum döyüş hazırlığı səviyyəsinə gətirdi.

Ağ evin yeni Bayden administrasiyası Ukrayna dövlətini inandırmağa çalışır ki, ruspərəst separatçılarla və hətta Rusiyanın özü ilə mümkün qarşıdurmada Kiyevin yanında olacaq. Baydenin şəxsən özündən sonra, Pentaqon təmsilçisi Lloyd Ostin və Dövlət Katibi Antoni Blinken də eyni vədi verdi. Cavabı Kreml  məlum olduğu kimi Krıma hərbi texnika və canlı insan qüvvəsi yollamaqla verdi. Rusiya XİN idarəsinin rəhbəri Lavrov xəbərdarlıqla çıxış edərək bildirdi ki, Kiyev Donbasda müharibəyə başlasa bu Kiyevin ölümü ilə nəticələnəcək. Kremlin sözçüsü Dmitri Peskov əlavə xəbərdarlıqla bildirdi ki, NATO qoşunları Ukraynaya yerləşdirilərsə Rusiya “öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə” məcbur olacaq.

Bayden administrasiyası bir vaxtlar Gürcüstan prezidenti Mixail Saakaşvilini ABŞ-ın dəyərli müttəfiqi olduğuna və Rusiya ilə silahlı qarşıdurma versiyasında, Vaşinqtonun- NATO-nun Gürcüstanı xilas edəcəyinə inandıran Corc Buşun “söz verib sözündən qaçmaq” siyasətini təkrarlamaq riskini daşıyır. . Hələ Saakaşvilinin Vaşinqtonun güclü dəstəyinə güvənə biləcəyinə inanması üçün bütün əsasları var idi. Buş administrasiyası Tiflisə milyonlarla dollarlıq silah və hətta təlim keçmiş gürcü qoşunları verdi. Amma nəticə Gürcüstanın torpaqlarını itirməsi oldu.

Buş həmçinin israr edirdi ki, NATO müttəfiqləri Gürcüstana və Ukraynanın ittifaqa üzvlüyünü təmin etsinlər. Fransız və almanların bir-birinə qarşı qərəzli mövqeyi üzündən bu plan gerçəkləşmədi, lakin Saakaşvili, Moskva ilə Tiflis arasında açıq toqquşma olarsa NATO ona Rusiyaya qarşı kömək edəcək. Vaşinqtonun “demokratik dost”un ünvanına təriflərdən sonra gürcülərin ABŞ-ın müharibəyə qoşulacağı  ümidləri puç oldu. Rusiya hücumu başladıqdan sonra Buşun Saakaşviliyə zəngi əsnasında Gürcüstan prezidenti onu çətin vəziyyətdə “dost demokratiyanı” atıb-getməməyə çağırdı. Buş isə onu inandırdı ki, Vaşinqton Gürcüstanın ərazi bütövlüyünə sadiqdir, lakin hərbi yardım söz vermədi. Atəşli dəstək şüarlarına baxmayaraq, Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri özlərini, çoxlarının xəbərdar belə olmadığı ərazi mübahisəsi üzündən nüvə dövləti ilə təhlükəli münaqişə riskinə atmaq istəmirdilər. ABŞ və NATO əsgərləri öz kazarmalarında qaldı və Saakaşvili təslimiyyətçi sülh sazişinə razılaşmağa məcbur qaldı, nəticədə Cənubi Osetiya və Abxaziya Rusiyanın qucağına düşdü.

Putin bu illər ərzində dəfələrlə dedi ki, Ukraynanı NATO-nun hərbi for-postu halına salmaq cəhdləri Rusiyanın təhlükəsizliyi üçün qırmızı xəttdir. 2014-cü ildə Kreml ABŞ və AB Rusiyapərəst hökuməti devirməyə və Qərb yönümlü bir rejimlə əvəzləməyə kömək kampaniyasına cavab kimi Krımı ilhaq etdi. Bu, Qərbə çox açıq bir siqnal olmalı idi. Yəni Qərbə ümid birmənalı deyil.

Bütün bunlar vəziyyətin çox gərgin olduğunu göstərir. Ukraynada yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının nümayəndələri Rusiyanın təxribat xarakterli hərəkətlərini birmənalı şəkildə pisləyir, Ukrayna xalqı ilə həmrəy olduqlarını bildirirlər. Xatırlatmaq istərdim ki, əli silahlı bir çox etnik azərbaycanlı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edir, qoruyur. Döyüş meydanında ölənlər də var.

Rəsmi Bakı həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib. Azərbaycan həmişə Ukrayna xalqının dərdini anlayışla qarşılamışdır, çünki təxminən 3 onillik müddətində ərazilərimizin 20% -i erməni işğalı altında idi. Xoşbəxtlikdən bunlar keçmişdə qaldı. İşğalçıların başlatdığı növbəti təxribatla alovlanan 44 günlük müharibə ilə Azərbaycan ordusu Şuşa şəhərini, yeddi bölgəni azad etdi. Bu baxımdan Ukrayna ilə Türk dünyası arasında əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ordusunun 44 günlük müharibədə qələbəsi, Bakı ilə Ankara arasında siyasi və hərbi əməkdaşlıq sayəsində mümkün oldu. Rəsmi Kiyevin Rusiya ilə qarşıdurmada bu amili nəzərə alması lazımdır.

Yeri gəlmişkən, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi sammiti videokonfrans formatında keçirildi. Xatırladaq ki, Türk Şurası təşkilatı mövcuddur. Bu təşkilatın yaradılması 3 oktyabr 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanan Naxçıvan Sazişi ilə təsdiqləndi. O vaxtdan Özbəkistan Türk Şurasının üzvlüyünə qoşuldu. Bundan əlavə, Türkmənistanın və hətta Macarıstanın təşkilata üzvlüyü gözlənilir. 2020-ci ildə Ukrayna Xarici İşlər nazirinin müavini Emine Caparova Ukraynanın Türk Şurasında müşahidəçi olmaq istədiyini açıqladı. Bu, çox düzgün bir qərardır. Xüsusilə davam edən Rusiya təhdidi işığında.

Yeri gəlmişkən, 24 dekabr 2014-cü ildə Kiyevdə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində Türk Şurasının ilk regional diaspor nümayəndəliyi açıldı. Bu həm də Ukrayna ilə Türk dünyası arasındakı münasibətlərin hərtərəfli gücləndirilməsini təbliğ etməyə imkan verən amildir.

Göründüyü kimi, Ukrayna ilə Türk dünyası ölkələri arasında əlaqələrin genişləndirilməsi üçün xeyli  səbəb var. Xüsusilə də Ukraynanın təhlükəsizliyi və dövlət kimi mövcudluğunu davam etdirməsi baxımından. Bu münasibətlərin çox böyük perspektivi var.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA