Qənirə Paşayeva şəhid Cəmil Səlimovun ailəsi ilə görüşüb- FOTO

354

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəmil Oqtay oğlu Səlimovun anası Təranə Səlimova və şəhid ailəsinin digər üzvləri ilə Milli Məclisdə görüşüb, şəhidin anasını və ailə üzvlərini işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.

Musavat.com xəbər verir ki, Qənirə Paşayeva aşağıdakıları bildirib:

“Əziz şəhid anası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!
Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, özünü Vətən uğrunda fəda edib.
Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Dövlətimiz, xalqımız Cəmil kimi qəhrəman hərbçilərimizi unutmur və heç zaman da unutmayacaqdır.
Bir daha sizi tarixi zəfər münasibəti ilə təbrik edir, ən xoş dilərklərimi yetirirəm”!