Putinin Şimal qütbü ilə məxfi planını peyk çəkilişləri üzə çıxardı

147

Rusiya Arktikada hərbi varlığını gücləndirir

Hurriyyet.org xəbər verir ki, uzun illər baxımsız qalan Şimal Qütbünün ətrafındakı buzlar iqlim dəyişikliyi səbəbindən azalmağa başladıqdan sonra əraziyə marağın artması ilə Rusiya hərəkətə keçib.

Rusiya Prezidenti Vladimir Putinin Arktika bölgəsində həyata keçirdiyi hərbi addımlar peyk vasitəsilə aşkara çıxıb. Peyk çəkilişləri Rusiyanın Arktika bölgəsindəki hərbi varlığını artırdığını qeydə alıb.

Ötən həftələrdə regionda təlimlərə başlayan Rusiya 3 sualtı nüvə qayığı ilə “meydan sulamışdı”. Putin nə Sovet İttifaqının, nə də müasir dövrün tarixində bu təlimlərin analoqunun olmadığını açıqlamışdı.

İndi isə Putin iqtidarının Arktika böldəsindəki hərbi məntəqələrini gücləndirdiyi peyk çəkilişləri sayəsində meydana çıxıb. İngiltərənin “Deyli Meyl” qəzetinin yazdığına görə, Moskva hökuməti Arktikaya əlavə nəzarət və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

İqlim dəyişikliyi səbəbindən buzlar əridikcə, Şimal qütbünə yaxın olan beş ölkənin – ABŞ, Danimarka, Kanada, Norveç və Rusiyanın bu ərazilərə marağı artır.

Son  5 il ərzində bu ölkələr dənizdə enerji mənbələri axtarışındadırlar. Ərazi ilə bağlı razılaşmaların olmaması üzündən vaxtaşırı bu cür güc nümayişi mənzərələri ortaya çıxır.